DYP rəsmisi Bakı-Sumqayıt istiqamətində fəaliyyət göstərən “Ford”lardan danışdı

1116

Paytaxtda avtomobil tıxacının ən gərgin olduğu yerlərdən biri də sözsüz 20 Yanvar dairəsi adlanan ərazidir.

Bu ərazidə qanunla və ya qanunsuz fəaliyyət göstərən müxtəlif növ ictimai nəqliyyat vasitəsinə rast gəlmək mümkündür. Hər dəfə Dövlət Yol Polisi tərəfindən reydlər keçirilməsinə baxmayaraq, sözügedən ərazidə problem aktuallığını bu gün də qoruyur.

 Bu dəfə həmin problemə səbəb olan BakıSumqayıt istiqamətində fəaliyyət göstərən “Ford” markalı nəqliyyat vasitələrindən danışacağıq. Bu vasitələr paytaxtın Tbilisi prospektindən 20 Yanvar dairəsi istiqamətinə gələn nəqliyyat vasitələri üçün hər gün problem yaradır. Belə ki, sözügedən nəqliyyat vasitələri sərnişin toplamaq üçün yolun 2 zolağını zəbt etdiyindən, həmin istiqamətdə günün pik saatlarında süni tıxac yaranır.

Məsələyə münasibət bildirən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətininin rəsmisi bildirib ki, sözügedən nəqliyyat vasitələri qeyri-qanuni şəkildə fəaliyyət göstərir. Daşımaları həyata keçirən maşınlar reysqabağı texniki baxışdan keçirilmir, sürücüləri tibbi müayinə ilə təmin olunmurlar. Qurum tərəfindən nəzarət olunan müntəzəm marşurt xətlərinə Bakı Beynəlxalq Avtovağzalından hərəkət götürür və onlara daim diqqət olunur:

“Qeyri-qanuni daşımalarda qəza riskləri çox yüksəkdir. Bu səbəblə, vətəndaşlara müarciət edirik ki, qanuni daşımalar və müntəzəm marşurt xətlərindən istifadə etsinlər”.

Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov problemlə bağlı Metbuat.az-a açıqlamasında qeyd edib ki, həmin ərazidə yol polisi xidmət aparan zaman yollarda hərəkət yüksək səviyyədə təşkil olunur:

“Ərazidən polis aralanan kimi qeyd olunan mənzərə yaranır. “Çörək pulu qazanmaq” adıyla yolun hərəkət hissəsini tutmaq, Yol hərəkəti haqqında Qanunun tələbini pozmaq, başqa cür desək, açıq-aşkar digər hərəkət iştirakçılarına mane yaratmaq həm qanunun pozulması, həm insanlara qarşı qarşı hörmətsizlik deməkdir. Bu, yolverilməzdir. Olmazmı ki, həmin ərazidə polis xidmət aparmadan insanlar öz vicdanları qarşısında hesabat versin?! Məsələ ilə bağlı ərazi üzrə xidmət göstərən polis əməkdaşlarına məlumat veriləcək. Çox güman ki, onların gün ərzidə 100 metrdən bir xidmət aparması problemi həll edəcək, narazılıq yaranmayacaq. Bir daha qeyd edim, “çörək pulu qazanmaq” naminə başqaların yolunu kəsmək qanunun pozulmasıdır”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər