«Əhalinin yarısı immunitet qazanıb, pandemiya yaxın vaxtlarda başa çata bilər» – TƏBİB RƏSMİSİ

811

Azərbaycanda koronavirusa qarşı immunitet qazananların sayı əhalinin yarısına çatır. Buna görə də pandemiya yaxın vaxtlarda başa çata bilər.

Bunu Real TV-yə açıqlamasında TƏBİB-in Elmi Komitəsinin sədri, Elmi Tədqiqat Profilaktika İnstitutunun direktor müavini, professor Akif Qurbanov deyib.
A.Qurbanovun sözlərindən məlum olur ki, artıq əhalinin yarısında immunitet yaranıb.

«Biz əvvələr də demişdik ki, pandemiyanın bitməsi üçün əhalinin təqribən 3-də iki hissəsnin immunitet qazanması lazımdır. Əhalinin 70-75%-i immunitet qazansa, pandemiya təhlükəsi sovuşa bilər»-deyə professor bildirib.

TƏBİB rəsmisinin sözlərinə görə, həm vaksinasiya olunanları, həm də xəstələnib sağalananların sayını nəzərə alanda demək olar ki, bu nəticə əldə edilib:

«İndi hesab etsək ki, bütün vaksinasiya olunanların sayı 1,7 milyondur, bu təqribən əhalinin 20-25%-i deməkdir. Hesab etsək ki, bir o qədər də insanlar xəstəlik keçirib, sağalıb və immunitet qazanıb, onda demək olar ki, insanların yarısından bir qədər artıq hissəsi artıq immunitet qazanıb».

Qeyd edək ki, rəsmi rəqəmlərə görə, ölkədə koronavirusa yoluxanların sayı 332 min nəfərdir. Amma professor bildirir ki, söhbət qeyri-rəsmi yoluxub sağalananlardan da gedir:

«Əgər rəsmi rəqəmlərə baxsaq, xəstəlik keçirənlərin sayının bir qədər az olduğunu görə bilərik. Amma onu da qəbul etmək lazımdır ki, xəstəliyi həqiqətən keçirib sağalanların sayı rəsmi statistikadan yüksəkdir, çünki rəsmi statistikaya düşməyən xəstələnib sağalmış insanlar da var, və bu yəqin ki, böyük rəqəmdir».

A.Qurbanov bildirir ki, immunitet qazananların sayının bu həddə çatması pandemiyanın başa çatması üçün əsas ola bilər: «Və beləliklə, biz hesab edə bilərik ki, yaxın günlərdə bizim əhali qrupumuzdan immunitet qazananların sayı biz dediyimiz qədər olacaq və ya ona yaxınlaşacaq. Yəni yaxın vaxtlarda pandemiyanın bitməsini gözləyə bilərik».

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər