ƏHALİYƏ ŞAD XƏBƏR! Azərbaycanda pandemiya cərimələri ləğv oluna bilər

553

Deputat Razi Nurullayev Azərbaycanda pandemiya dövründə yazılan cərimələrin ləğvini təklif edib. Bildirib ki, bu məsələ parlamentin komitələri tərəfindən müzakirə olunaraq plenar iclasa çıxarılmalıdır.

Qeyd edək ki, əvvəllər bu təkliflərə qarşı belə iddia var idi ki, cərimələr ləğv olunsa, əhalidə arxayınlıq yaranar, yoluxma artar. Amma artıq bu təhlükə yoxdur. Yeri gəlmişkən, qonşu Gürcüstanda pandemiya cərimələri hökumətin təqdimatı ilə parlament tərəfindən çoxdan ləğv edilib. Bu həm də inflyasiya dönəmində əhaliyə yaxşı bir jest olardı. Belə bir təklif parlamentə gələrsə, qəbul olunacaqmı?

Yeri gəlmişkən, aprelin 15-dən Azərbaycana giriş üçün COVID-19-a dair PCR testini təqdim etmək tələbi ləğv olunub. Nazirlər Kabinetinin 14 aprel 2022-ci il tarixli qərarına əsasən 2022-ci il aprelin 15-dən etibarən, ölkədaxili uçuşlar zamanı sərnişinlərdən COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən sənəd tələb olunmayacaq.

Aprelin 15-dən etibarən Bakı-Naxçıvan-Bakı müntəzəm avtobus marşrutunun İran İslam Respublikasının ərazisindən keçməklə avtobus marşrutu ilə hərəkət edən sərnişinlərdən də COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən sənəd tələb olunmur.

Azər Badamov: Bu, ölkəmizin ədalətli mövqedə olmasının göstəricisidir - Aktual TV

Azər Badamov: “Bununla bağlı təklif parlamentin gündəliyinə daxil olarsa, dəstəkləyəcəyik”

Mövzu ilə bağlı deputat Azər Badamov “Yeni Müsavat”a fikrini belə şərh edib: “Pandemiya ilə əlaqədar tətbiq olunmuş cərimələrin ləğvi ilə bağlı qanun layihəsi parlamentin gündəliyinə daxil olarsa təbii ki, dəstəkləyəcəyik. Çünki hər bir cərimə insanların birbaşa ailə büdcəsinə mənfi təsir göstərir. Əgər bu cərimələr ləğv olunarsa, cərimələrə məruz qalmış insanlar müəyyən inzibati məsuliyyətdən azad olunar. Amma biz bir şeyi də yaddan çıxarmamalıyıq ki, pandemiya ilə bağlı tətbiq olunmuş normalar insanların sağlamlıqlarının qorunmasına və pandemiya ilə uğurla mübarizə aparılmasına hesablanıb. Cərimələrin tətbiqi isə dövlət büdcəsinə pul yığmaq üçün deyil, insanların pandemiyanın tələblərinə yanaşmasında məsuliyyətin artırılmasına yönəlib. Məhz ciddi tələblər tətbiq olunaraq icra etdiyimizə görə bu gün ölkəmizdə koronavirus xəstəliyindən əziyyət çəkənlərin sayı kəskin azalıb. Həm də yaddan çıxarmamalıyıq ki, pandemiya bitməyib və hər zaman yenidən artma təhlükəsi mövcuddur. Ona görə də hesab edirəm ki, indidən cərimələri ləğv etsək, insanların pandemiyanın tələblərinə yanaşmasında məsuliyyətləri azalar. Ona görə də düşünürəm ki, belə bir qərar ancaq pandemiyanın bitməsini elan olunandan sonra qəbul oluna ola bilər”.

Musa Quliyev “Şöhrət” ordeni ilə təltif edilib | Qazet.az

Musa Quliyev: “ÜST koronavirus pandemiyasının bitdiyini elan edərsə, onda bu məsələlərə  baxmaq olar”

Millət vəkil Musa Quliyevin məsələyə münasibəti belə olub: “Koronavirusla mübarizədə, xüsusilə sərt karantin dövründə hüquq pozulmalarına qarşı müəyyən sanksiyalar tətbiq olundu. Bu sanksiyaların da biri cərimə sanksiyaları idi. Qəbul etmək lazımdır ki, müəyyən şəraitdə bu sanksiyaların tətbiq olunması koronavirusla mübarizədə müsbət rol oynadı. Xüsusilə sərt karantin dövründə icazəsiz yaşayış yerini tərk etmək, maskasız hərəkət etmək, yaxud da icazə verilməyən tədbirlərin keçirilməsinin qarşısını almaq üçün cərimələr tətbiq olundu. Bundan sonra da müsbət nəticələr əldə edildi. Əlbəttə, cərimənin tətbiq edilməsi, hər hansı cəzanın verilməsi vətəndaşı cəzalandırmaqdan daha çox yaranan problemin həllinə dəstək verməkdən ibarətdir. Eyni zamanda, məsuliyyətə cəlb etmək, intizamlı olmaq və hüquq pozuntusunun qarşısının alınması üçün də qoruyucu tədbir kimi cərimələrin əhəmiyyəti var. Amma artıq həmin dövr keçibsə, koronavirus pandemiyası təhlükəsiz bir vəziyyətə gəlib çatıbsa, hökumət bu məsələyə baxa bilər. Burada da daha diferensial yanaşma doğru olardı. Nə qədər adam cərimələrə məruz qalıb. Koronavirusa görə hansı hüquq pozulması, hansı qadağanı pozmasına görə cərimə olunublar. Bunların sosial tərkibi necədir. Cərimə ödəmək qabiliyyətləri necədir? Bundan sonra məsələyə baxmaq olar. Ciddi bir sosial göstəricilər olarsa, çox sayda insan buraya cəlb olunmuş olarsa, yaxud da onların cərimə ödəmək qabiliyyəti onların həyat şəraitinə ciddi mənfi təsir göstərəcəksə, bunları etmək olar. Amma bunun da öz qaydaları var. Bunu nə özbaşına hökumət, nə də parlament edə bilər. Bununla bağlı ehtimal ki, qanunvericilik aktları qəbul edilməlidir. Amma hələlik bu məsələdə Gürcüstanı və ya başqa dövləti misal gətirərək tələsməyin tərəfdarı deyiləm. Nə zaman ki, Ümumdünya Səhiyyə Təşkilatı koronavirus pandemiyasının bitdiyini elan edərsə, onda bu məsələlərə qayıdıb baxmaq olar. Amma hələlik koronavirusun yeni dalğalarının gələcəyi, payız-qış aylarında vəziyyətin necə olacağı barədə bizim dəqiq informasiyamız yoxdur. Belə bir dövrdə isə cərimələrin ləğv olunması qarşıdan gələn dövrdə yenidən koronavirus pandemiyası geniş şəkil alarsa, karantin rejiminə keçə biləriksə, insanlarda bir arxayınlaşma ola bilər ki, ”ötən pandemiya vaxtı da biz cərimə olunmuşduq, cərimələrimizi hökumət sildi. Bu dəfə də bu rejimi pozsaq heç bir şey olmayacaq” deyə bir məsuliyyətsizlik yarana bilər. Buna görə də tələsməyi məsləhət görmürəm. Təhlil aparmaq lazımdır. Cərimələrin tərkibi, cərimə olunanların sosial statusu, nə qədər adam cərimə ödəyib-ödəməyib hesablanmalı, bundan sonra bu məsələlərə qayıtmaq olar. Mən ümumiyyətlə hesab edirəm ki, əgər kimsə hüquq pozuntusuna yol veribsə, onun cəzasını o çəkməlidir. İstər cərimə şəklində ola bilər, ictimai işə cəlb olunma şəklində də ola bilər. Yaxud əmək haqqından tutulma halında ola bilər. Amma hər kəs öz məsuliyyətinə görə cavab verməyi öyrənməlidir. Bu bizim artıq  həyat normamıza çevrilməlidir. Əlbəttə, belə bir layihə hazırlanarsa, hökumət tərəfindən Milli Məclisə gələrsə, biz bunu dəstəkləyərik. Yenə də deyirəm, bu məsələdə tələsmək lazım deyil. Elə etməliyik ki, ictimaiyyətin xeyrinə olsun”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər