Sumqayıt şəhərinin 75 illik yubileyinə həsr olunmuş “İlham Əliyev Sumqayıt şəhərinin sürətli sosial-iqtisadi inkişafının qarantıdır” mövzusunda elmi-praktiki konfrans və sənaye sərgisi təşkil olunub.
Tədbirdə SOCAR-ın Sumqayıt şəhərində fəaliyyət göstərən müəssisələri də geniş şəkildə təmsil olunub.
SOCAR “Azərikimya” İstehsalat Birliyi, “SOCAR Karbamid” zavodu və “SOCAR Polymer” zavodu öz məhsullarını sərgidə təqdim ediblər.
SOCAR “Azərikimya” İstehsalat Birliyinin baş direktoru sumqayitxeber.com-a açıqlamasında bildirib ki, ötən əsrin 70-80-ci illərində Sumqayıt öz iqtisadi potensialına görə keçmiş Sovetlər İttifaqında güclü sənaye şəhəri kimi daha geniş tanınmağa başlamışdı. İstehsal edilən məhsullar sovetlər birliyinin və xarici ölkələrin 100-dən artıq şəhərinə ixrac olunurdu. Son 21 ildə Sumqayıtın sosial-iqtisadi inkişafında möhtərəm Prezidentimiz İlham Əliyevin müstəsna xidmətləri vardır. Ölkə başçısının Sumqayıta hər bir səfəri şəhərin tarixində əlamətdar hadisəyə çevrilib. Hər səfərində təməlqoyma və ya açılış mərasimlərində iştirakı bu gün Sumqayıtı regionun ən gözəl və ən iri sənaye şəhərlərindən birinə çevirmişdir.
Elnur Məmmədli bildirib ki, ölkə rəhbərinin 2010-cu il aprelin 2-də “Azərikimya”nın SOCAR-ın tərkibinə verilməsi barədə imzaladığı Sərəncam neft və neft-kimya sahələrinin vahid bir struktur daxilində daha səmərəli fəaliyyət göstərməsi və yüksək nailiyyətlər qazanması üçün yeni perspektivlər açdı və “Azərikimya” İB-də canlanma yarandı. Sumqayıtdakı ekoloji cəhətdən zərərli, mənəvi və fiziki cəhətdən aşınmaya məruz qalmış, müasir standartlara cavab verməyən, iqtisadi baxımdan səmərəsiz zavodlar ləğv edildi. Səmərəli işləyə bilən istehsalat sahələri yenidən quruldu, bir sıra yeni qurğu və komplekslər tikilərək istifadəyə verildi. “Azərikimya” İB-nin əsas aparıcı müəssisəsi olan “Etilen-Polietilen” zavodunun əsas istehsalatlarına Etilen, Polietilen, İzopropil spirti və Buxar Elektrik Enerjisi daxildir. “Azərikimya” İB-də 2016-2021-ci illəri əhatə edən modernizasiya layihəsi çərçivəsində yeni istehsal qurğularının tikintisi və mövcud qurğuların rekonstruksiyası icra olundu. Əsas məhsullar üzrə faktiki istehsal iki dəfə, bəzi məhsullar üzrə üç dəfə artıb. Buxar Elektrik Enerjisi istehsalatına quraşdırılan yeni turbogenerator Azərikimya İB-nin Etilen-Polietilen zavodunun elektrik enerjisinə olan tələbatını ödəməklə bərabər, istehsal olunan artıq elektrik enerji Sumqayıt şəhər şəbəkəsinə qaytarılmağına imkan yaradıb.
Ali təhsilli kadrlara olan tələbat respublikamızın kimya sənayesi üçün kadrlar hazırlayan ali təhsil ocaqlarının, o cümlədən Sumqayıt Dövlət Universitetinin məzunları hesabına ödənilir. Bu ali təhsil ocaqları ilə qarşılıqlı faydalı əməkdaşlıq olunur, tələbələr üçün “Azərikimya”nın istehsalatlarında yay təcrübələri təşkil olunur, sonra isə işə qəbul olunurlar. Hazırda Azərikimya İB-də 2000 nəfərdən çox işçi çalışır ki, bunların da 95%-ni Sumqayıt sakinləri təşkil edir. Bu da özlüyündə yüzlərlə Sumqayıtlı ailənin stabil maddi təminatı deməkdir.
““Azərikimya” İstehsalat Birliyi həmişə Sumqayıt şəhərinin ictimai həyatında fəal rol oynayır. Davamlı olaraq sosial, mədəni-kütləvi, ictimai, humanitar, idman, intellektual və ekoloji tədbirlər, iməciliklər, xeyriyyə və qanvermə aksiyaları, elmi-praktiki konfranslar və s. keçirir, şəhər icra hakimiyyəti tərəfindən həyata keçirilən abadlıq-quruculuq işlərinə də öz töhfəsini əsirgəmir”, – deyə Elnur Məmmədli əlavə edib.
Müzakirə qapadılmışdır.