“Enerji Xartiyası” Beynəlxalq Təşkilatının nümayəndə heyəti Sumqayıt bələdiyyəsində olub

824

Sumqayıt Bələdiyyəsinin sədri Əbülfəz Babayevin  “Enerji Xartiyası” Beynəlxalq Təşkilatının nümayəndə heyəti ilə görüşü

Sumqayıt Bələdiyyəsinin sədri cənab Əbülfəz Babayev 29 sentyaabr 2011-ci il tarixdə “Enerji xartiyası” beynəlxalq təşkilatının nümayəndə heyətini qəbul etmişdir. Görüşdə “Enerji Xartiyası” təşkilatının Enerji səmərəliliyi və investisiyalar şöbəsinin müdiri cənab Dario Kello, “Enerji Xartiyası” təşkilatının investisiyalar üzrə baş mütəxəssisi, cənab Sedat Çal, “Enerji Xartiyası” təşkilatının investisiyalar üzrə baş mütəxəssisi cənab Zəfər Səmədov, Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin baş məsləhətçisi cənab Zaur Məmmədov, İtaliya İqtisadi İnkişaf Nazirliyinin Enerji departamentin mütəxəssisi cənab Volfqanq D’Innosenço iştirak etmişdir.

Görüşdə “Enerji xartiyası” təşkilatının Enerji səmərəliliyi və investisiyalar şöbəsinin müdiri cənab Dario Kello “Merlər Sazişi şərqə doğru irəliləyir” adlı proqram çərçivəsində “Enerji xartiyası” təşkilatının təşəbbüsü ilə hazırlanmış və Sumqayıt Bələdiyyəsinin də tərəfdaş kimi iştirak etdiyi layihənin Avropa Komissiyası tərəfindən dəstək qazandığını bildirmişdir. “Merlər Sazişi” barədə məlumat verən cənab Kello qeyd etmişdir ki, 2008-ci ilin fevral ayında karbon qazının azaldılmasında yerli idarəetmə orqanlarının rolunun gücləndirilməsi məqsədilə Avropa Komissiyası “Merlər Sazişi” adlı təşəbbüslə çıxış etmişdir. “Merlər Sazişi” təşəbbüsü 2009-cu ilin may ayında Azərbaycan Respublikasının da iştirakçısı olduğu yeni tərəfdaş ölkələr ilə Avropa İttifaqı arasında imzalanmış Şərq tərəfdaşlığı proqramının prioritet tədbirləri siyahısına daxil edilmişdir. Beynəlxalq arenada böyük nüfuz qazanan bu Sazişi hazırda 2008 yerli idarəetmə orqanı imzalamışdır.Dario Kello eyni zamanda bildirmişdir ki, 2012-2013-cü illər ərzində icra ediləcək layihənin Sumqayıt şəhəri ilə yanaşı digər tərəfdaşları İtaliyanın Kieti vilayəti, Qazaxıstanın Taraz, Tacikistanın Somoniyon və Belarusun Novogrudok şəhərləridir. Layihənin əsas məqsədi iştirakçı şəhərlər üçün Dayanıqlı Enerji Fəaliyyət Planını hazırlamaq və bələdiyyələrin Merlər Sazişinə qoşulmasına köməklik göstərməkdir. Layihə müddətində həmçinin Sumqayıtda donorlar konfransının keçirilməsi, enerji səmərəliliyi sahəsində pilot layihənin icrası, Sumqayıt Bələdiyyəsi ilə İtaliya bələdiyyələri arasında təcrübə mübadiləsinin aparılması nəzərdə tutulmuşdur.

 Sumqayıt Bələdiyyəsinin sədri, professor Əbülfəz Babayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında son illər ölkə iqtisadiyyatının bütün sahələrində, o cümlədən ətraf mühitin mühafizəsi və səmərəli enerji təminatı sahəsində mühüm işlərin görüldüyünü qeyd etdi. Alternativ enerji mənbələrindən istifadə üzrə hazırda respublikada bir sıra layihələrin həyata keçirildiyini bildirən Ə.Babayev Sumqayıtda günəş batareyalarının istehsalı sahəsinin inşa olunduğunu, həmçinin şəhərin şimalında pilot külək elektrik stansiyalarının və Qobustanda pilot günəş batareyaların quraşdırıldığını kiçik su elektrik stansiyalarının tikilməsi termal enerjidən istifadənin genişləndirilməsi istiqamətində işlərin aparıldığını qeyd etmişdir.İqlim dəyişikliyi kimi qlobal problemin həllində beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayan professor Babayev bu məsələdə yerli idarəetmə orqanlarının xüsusi rol oynadığını bildirdi. Ə.Babayev 2009-cu ildə Kopenhagendə keçirilən iqlim dəyişikliyi sammitinin nəticəsiz yekunlaşması, həm də yerli idarəetmə orqanlarının bu prosseslərə zəif cəlb olunması ilə əlaqəli olduğunu söylədi. Bu göstərdi ki, qlobal problemlərin həllinə differensial-lokal formalarda yanaşmaq daha düzgün olar. Başqa sözlə, dünya əhəmiyyətli problemlər yerlərdə munisipalitetlərdə yaranan problemlərin cəmindən ibarətdir. Demək ki, yaranan problemlərin yerlərdə də həlli yolları axtarılmalı, onların maliyyə problemləri də layihələr formasında yerlərdə öz həllini tapmalıdır. Bu mənada, “Merlər Sazişi”nin təqdirəlayiq təşəbbüs olduğu, Sumqayıt şəhərinin də Avropada səmərəli energetika və davamlı inkişaf siyasətinə STP-in tikintisi misalında  öz töhfəsini verdiyi qeyd olundu.

Hazırda Sumqayıt Bələdiyyəsi tərəfindən enerji səmərəliliyi sahəsində həyata keçirilən layihələrə toxunan Ə.Babayev sakinlərin istilik enerjisi ilə təchizatının yaxşılaşdırılması üzrə aparılan maarifləndirmə işlərindən danışdı. Sumqayıt əhalisinin enerji daşıyıcıları ilə təchizatında heç bir problem olmadığını qeyd edən bələdiyyə sədri əhali arasında enerji sərfində qənaətcilliyin, səmərəli istifadənin əhəmiyyəti, sənaye sahələrində az enerji tutumlu, ekoloji təmiz texnologiyaların tətbiqi sahəsində işlərin aparıldığını, yaxın müddətdə təbii qaz və elektrik enerjisi istehlakçılarının hamısının smart-kart tipli sayğaclarla təmin ediləcəyini bildirdi.

Görüşün sonunda Əbülfəz Babayev layihə iştirakçılarına uğurlar arzuladı və qarşıdakı iki il ərzində tərəflər arasında işgüzar və sağlam əməkdaşlıq münasibətlərinin qurulacağından əmin olduğunu vurğuladı.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər