Ermənistan Naxçıvanla sərhədə ORDU TOPLAYIR – Düşmən hücum istiqamətini dəyişir?

395

Bunu Milli.Az-a açıqlamasında hərbi-siyasi ekspert, ermənişünas Telman Qasımov deyib.

O bildirib ki, Ermənistanın törətdiyi hərbi təxribatlar deməyə əsas verir ki,  hadisələrin bu cür gedişatı növbəti hərbi toqquşmaya aparır:

“Sərhədlərin delimitasiyası məsələsi həllini tapana qədər və sülh müqaviləsi imzalanana qədər Ermənistan tərəfindən hərbi təxribatlar təkrarlanacaq. Xüsusən də təxribatlar əsasən Basarkeçər istiqamətindən Kəlbəcərə istiqamətində törədilir. Digər tərəfdən Zəngəzurdan Laçın və Naxçıvan istiqamətinə bu cür insidentlər törətməyə çalışırlar.

Üç əsas yerlərdir ki, bu istiqamətlərdə təxribatların ardı-arası kəsiləcək kimi görünmür. Amma Naxçıvan istiqamətində ermənilər hələ güc toparlayırlar. Əsasən qüvvələrinin böyük bir hissəsini də həmin istiqamətdə toplayırlar. İndi nə planlar qururlar bəlli deyil bizə, amma təxmin etmək olur.

Ermənistan yenidən təxribatlar törətməklə yenə də beynəlxalq ictimaiyyətin fikrini, diqqətini Ermənistana, xüsusən də Ermənistan-Azərbaycan sərhəddlərinə cəlb etmək istəyir. Təxribatlarla, atəşkəsi pozmaqla Ermənistan tərəfi maksimum dərəcədə çalışır ki, vaxt udsunlar. Vaxt udduqca da, onlar həm beynəlxalq əlaqələrini gücləndirirlər, – xüsusən də göründü ki, Nensi Pelosinin səfərindən sonra ermənilər daha da ruhlandılar, Azərbaycana qarşı təxribatyönlü revanşist bəyanatlar daha da intensivləşdi, – ona görə də bunlar gözləniləndir.

Ermənistanın lokal təxribatlarının bitməsini gözləmək sadəlöhvlük olar. Onlar əksinə Azərbaycanı daha da qıcıqlandırırlar ki, biz onlara növbəti sarsıdıcı zərbəni vuranda bir daha dünyaya hay-küy salıb, şüvənlik etsinlər ki, “görürsünüz, siz deyirsiniz sülh bağlayın, bunlar isə bizə qarşı təcavüz edirlər. Biz bunlarla qonşuluqda necə sülh şəraitində yaşaya bilərik? Bizim aramızda gətirin həmin o bufer zonasını yaradın və beynəlxalq qüvvələri həmin yerlərə yerləşdirin”.

Ermənistan bununla da istəyir ki, burada monitorinq mərkəzi qurulsun. Ermənilər sərhəddə gətirib Qərbin hansısa bir hərbi qüvvələrini yerləşdirməklə özlərinə qarant müəyyən edirlər. Yəni Rusiyanın orbitindən çıxıb, orientasiyalarını dəyişib Qərbin qanadları altına sığınmaqla düşünürlər ki, Azərbaycana qarşı nə isə mühüm üstünlük əldə etmiş olacaqlar. Bununla da rəsmi İrəvan gələcəkdə törədəcəkləri təxribatlar zamanı meydana çıxacaq qarşıdurmalardan sığortalamaq niyyətindədirlər.

Sentyabrın 12-si və 13-dəki hərbi əməliyyatlar zamanı Azərbaycan iki-üç gün ərzində ermənilərin işğalında olan tarixi ərazilərindəki yüksəklikləri geri qaytara bildi. Təbii ki, bu yerlər 1918-1919-cu ilin xəritələrinə əsasən bütünlüklə Azərbaycan əraziləri olub, 1920-ci ildə isə məhz həmin bu bölgələr Ermənistana birləşdirilib. Ona görə də, Ermənistan bunu bilə-bilə çalışır ki, vəziyyəti həmin o bölgələrdə gərginləşdirsin ki, xüsusən o yerdə ki, artıq Azərbaycan ordusu vacib yüksəkliklərdə şanlı üçrəngli bayrağımızı sancıb. Ona görə də, belə təxribatlar olacaq.

Ehtimallar var ki, qarşıda vəziyyət yenidən gərginləşə bilər. Azərbaycan tərəfi məcbur olub, bu dəfə yenə sarsıdıcı zərbələr endirə bilər. Baxmayaraq ki, Praqadakı dördtərəfli görüşün yekun bəyanatına əsasən Avropa İttifaqının bir qrup müşahidəçisi iki aylıq həmin o Azərbaycanla-Ermənistan təmas xəttində monitorinq keçirməyə gələcəklər, amma bütün gedişat növbəti hərbi toqquşmaya doğru gedir”.

Qeyd edək ki, oktyabrın 8-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca, Gorus rayonunun Xanazax yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi, oktyabrın 9-u səhər saatlarında isə Laçın rayonunun Malıbəy yaşayış məntəqəsi istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Bu azmış kimi oktyabrın 9-u axşam saatlarında da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Zağalı, İstisu, Yuxarı Şorca və Cil yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Əlibayramlı, İstisu və Zəylik, Gədəbəy rayonunun Novoivanovka yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə mövqelərimizi atəşə tutmaqda davam edib.

Təhməz Əsədov
Milli.Az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər