Ermənistanın həyata keçirdiyi revanşist siyasət bütövlükdə region üçün təhlükə yaradır

502

Sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlar bir daha bütün dünyaya göstərdi ki, rəsmi İrəvan öz revanşist niyyətlərindən əl çəkmir. Ermənistanın həyata keçirdiyi revanşist siyasət bütövlükdə region üçün təhlükə yaradır. Görünən odur ki, regionda sabitliyin, davamlı inkişafın və sağlam dialoq mühitinin yaradılması dağıdıcı qüvvələrin maraqlarına uyğun deyil. Regionda gərginlik yaratmaq üçün uzun illər Ermənistan və Ermənistanın ərazisindən istifadə olunub.

Sıravi erməni xalqı əsrlər boyu bu siyasətin qurbanı olub və məhz bu siyasətin nəticəsidir ki, Ermənistan müasir beynəlxalq münasibətlər sistemində dalan dövlətə çevrilib. “Sülh” ümumbəşəri dəyər olduğu üçün beynəlxalq təşkilatlar, eləcə də beynəlxalq ictimaiyyət İrəvanı sülhə çağırmalıdır. Beynəlxalq ictimaiyyət Ermənistanın təxribatlarını və revanşist cəhdlərini qəti şəkildə pisləməli, həmçinin rəsmi İrəvanı beynəlxalq normalara riayət etməyə məcbur etməlidir. Eyni zamanda Beynəlxalq ictimaiyyət sülhə, tərəqqiyə çağıran Azərbaycanla beynəlxalq terrorizmə, yeni münaqişələrə zəmin yaradan, millətçiliyi yayan Ermənistan arasında seçim etməlidir.

Sentyabrın 13-də baş verən təxribat bir daha rəsmi İrəvan tərəfindən mina xəritələrinin Azərbaycana təhvil verilməməsi məsələsini gündəmə gətirir. Xəritələrin təqdim edilməməsi Ermənistanın hərbi hücumlarını asanlaşdırırsa, əksinə, Azərbaycanın müdafiəsinin təşkilini əsaslı şəkildə çətinləşdirir. Eyni zamanda, təxribat rəsmi İrəvanın hərbi cinayətlərinə bəraət qazandırmağa hesablanıb. Ermənistan terrorçu ölkə kimi tanınmalıdır, çünki azad edilmiş ərazilərdə basdırılmış minaların olması mülki əhalinin tələfatına səbəb olur. Dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar Ermənistanı minaların xəritəsini vermədiyinə görə qınamalı və buna görə rəsmi İrəvan hüquqi məsuliyyət daşımalıdır.

Təxribatlar regionda yeni münaqişə və terror aktlarının ehtimalını daha da artırır. Regionda sülhün bərqərar olması ehtimalını təhdid edən bütün təxribatlar dünyada münaqişə ocaqlarının sayının artmasına xidmət edir. Birmənalı şəkildə deyə bilərik ki, Ermənistanı dəstəkləyən, təxribatlara göz yuman ölkələr regionun inkişafını istəməyən qüvvələrdir. Azərbaycanın inkişafı və ölkəmizdə siyasi sabitliyin qorunub saxlanması bütün regionun davamlı inkişafının açarına çevrilə bilər.

Azərbaycanın beynəlxalq iqtisadi təşəbbüsləri bütün regionun geostrateji əhəmiyyətini artırır. Bu baxımdan 13 sentyabr təxribatı təkcə Azərbaycanın deyil, bütövlükdə regionun iqtisadi və siyasi əhəmiyyətini sarsıtmağa hesablanıb.

Sentyabrın 13-də baş verən bə rəsmi İrəvanın digər təxribatları bir daha göstərir ki, qaçqın və məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qaytarılması prosesi tələsik həyata keçirilməməlidir. Bu proses Prezident İlham Əliyev qeyd etdiyi kimi: “planlı şəkildə həyata keçirilməlidir”. Çünki, bu istiqamətdəki planların ictimailəşdirilməsi yeni hərbi təxribatların səbəbi ola bilər.

Təxribatların təkrarlanması yeni müharibə ehtimalını artırır. Bu səbəbdən də ölkəmizdə mövcud olan milli həmrəylik mühiti strateji resurs kimi qorunub saxlanılmalıdır. İyunun 27-də Prezident İlham Əliyev Kəlbəcər rayonunda komando hərbi hissəsinin açılışında demişdir: “Bu gün dünyada güc amili ön plandadır, beynəlxalq hüququn norma və prinsipləri işləmir.” Baş verən hadisə bir daha onu göstərir ki, Prezident İlham Əliyevin ordunun inkişafı istiqamətində atdığı addımlar müstəsna əhəmiyyətə malikdir.

Sovet Şükürov, Sumqayıt şəhər Veteranlar Şurasının sədri

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər