Ermənistanın Zəngəzur yolunu süni şəkildə bloklamağa nə gücü, nə də imkanı çatmaz

218

Deputat: İşğalçı ölkə 44 günlük müharibədə bizdən o qədər qorxub ki, dəhlizin açılmasını özləri üçün hansısa ciddi təhlükə hesab edirlər

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə növbəti dəfə bildirib ki, üçtərəfli Bəyanata uyğun olaraq RF regionda nəqliyyat və iqtisadi əlaqələrin açılması istiqamətində səylərini davam etdirəcək. Bu isə o deməkdir ki, artıq Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı manipulyasiyaları heç bir nəticə verməyəcək və regionun inkişafında yeni bir mərhələnin başlanğıcını qoyacaq bu layihə reallaşacaq. Hətta bunu siyasi ekspertlər də təsdiqləyir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirib ki, Ermənistan siyasi qüvvələri Zəngəzur dəhlizi məsələsini həddindən artıq siyasiləşdiriblər. Hətta dəhlizin açılmasını milli faciə səviyyəsinə qaldırıblar: “Görünür, işğalçı ölkə 44 günlük müharibədə bizdən o qədər qorxub ki, hətta dəhlizin açılmasını özləri üçün hansısa ciddi təhlükə hesab edirlər. Məğlubiyyət sindromu, seçkilər ərəfəsində bəlkə də bunu müəyyən qədər anlamaq olardı. Əslində onların Zəngəzur dəhlizinin açılmasını istəməmələrini demək bəlkə də düzgün olmazdı. Məncə, hələlik bunu reallaşdırmaq üçün özlərində iradə tapa bilmirlər. Amma zaman keçdikcə özləri də anlayacaqlar ki, bu dəhliz açılmalıdır, regionda qapalı yollar qalmamalıdır və bu, hər kəsin faydasınadır. Son günlər Türkiyə ilə əlaqələrin qurulmasına dair erməni rəhbərlərinin bəyanatları bu həqiqəti onların artıq müəyyən qədər anladıqlarını deməyə əsas verir”.

“Bu gün Ermənistanın iqtisadiyyatı faciəvi vəziyyətdədir” söyləyən T. Mirkişili onu da qeyd edib ki, onların gələcəyi Azərbaycan və Türkiyə ilə əlaqələrdən, Zəngəzur dəhlizinin açılmasından, dəmir yollarının işləməsindən asılıdır: “Əminəm ki, bu dəhliz hökmən açılacaq. Bu, həm də Ermənistanın kapitulyasiya aktındakı öhdəliyidir. Necə ki, Azərbaycan Laçın dəhlizinin fəaliyyətini təmin edib, eynilə Ermənistan da bu öhdəliyə əməl etməlidir. Azərbaycanın isə onsuz da alternativ yolları çoxdur: avtomobil yolları, Bakı-Tbilisi-Qars, Füzuli aeroportu, tikiləcək Zəngilan və Laçın aeroportları, Kəlbəcər tuneli, Zəfər yolu…”.

Deputat onu da diqqətə çatdırıb ki, Zəngəzur dəhlizinin reallaşması böyük iqtisadi imkanlar açacaq: “Regionda yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizinin bərpa olunması bölgənin nəqliyyat sektorunda yeni imkanlar yaradacaq, ölkəmizin qlobal bazarlara çıxış imkanlarını artıracaq, Azərbaycanın geoiqtisadi mövqeləri daha da güclənəcək, iqtisadi əlaqələrinin daha sürətli inkişafına şərait yaradacaq. Zəngəzur dəhlizinin açılması, eyni zamanda, işğaldan azad edilmiş ərazilərin inkişafına da əhəmiyyətli dərəcədə təkan verəcək. Bu dəhliz Qərb və Şərq, Şimal və Cənub arasında iqtiadi əlaqələrin sürətlənməsində əhəmiyyətli rol oynayacaq. Nəzərə alsaq ki, bu dəhliz tarixən mövcud olub və təbii bir yoldur, Ermənistanın bu yolu süni şəkildə indidən sonra da bloklamağa nə gücü, nə də imkanı çatmaz. Həm də Ermənistanın özünün də iqtisadi inkişafı üçün bu dəhlizin mühüm əhəmiyyəti olacaq. Zəngəzur dəhlizinin fəaliyyətə başlaması, işğaldan azad edilmiş ərazilərdə innovativ iqtisadiyyatın inkişaf etdirilməsi, Naxçıvanın blokadadan azad edilməsi, Azərbaycanın bu bölgələrinin daha böyük iqtisadi bazarlara inteqrasiyası regionun nüfuzunu daha da artıracaq, dayanıqlı sülhün təmin olunmasında, regionda inteqrasiya proseslərinin güclənməsində mühüm rol oynacaq”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər