“Fərdi inkişaf və karyera” kitabının təqdimatı oldu

952
Potensial Sumqayıt Mütəxəssislər Birliyi aprel ayından Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Sumqayıt şəhərində və ətraf qəsəbələrdə məskunlaşan məcburi köçkün yeniyetmə və gənclərinin peşəyönümü, fərdi inkişaf və karyera qurmaq bacarıqlarını artırmaq üçün maarifləndirmə tədbirlərinin həyata keçirilməsi” layihəsini həyata keçirirdi.

Qeyd edək ki, bu layihənin əsas məqsədi Sumqayıt və ətraf qəsəbələrdə məskunlaşan Qubadlı, Zəngilan, Cəbrayıl rayonlarından olan məcburi köçkün yeniyetmələrin və gənclərin peşəyönümü və peşə hazırlığı üzrə bilgilərini artırmaq, onları effektiv iş axtarışı vasitələri və üsulları, iş yerlərinə müraciət və özünu təqdim etmə qaydaları, komanda şəklində işləmək bacarıqları və işgüzarlıq qabiliyyətlərinin aşılanması və s. mövzularda maarifləndirməklə onların işlə təmin olunmaq, gələcək karyeralarını qurmaq və beləliklə də, məcburi köçkün gənclərin məşğulluqlarının təmin olunmasına yardımçı olmaq idi.

 Bu layihə çərçivəsində Sumqayıtda yerləşən Qubadlı, Zəngilan, Cəbrayıl rayonlarının məcburi köçkün məktəblərinin yuxarı sinif şagirdlərinə düzgün peşə seçimi və gələcəkdə ehtiyac duyulacaq əsas peşələrlə bağlı 8 təlim, həmçinin ali və orta ixtisas təhsili olan məcburi köçkün gənclərə effektiv iş axtarışı vasitələri və üsulları, iş yerlərinə müraciət və özünu təqdim etmə qaydaları, komanda şəklində işləmək bacarıqları və işgüzarlıq qabiliyyətlərinin aşılanması və s. mövzularını əhatə edən təlim modulu əsasında 4 interaktiv təlim təşkil olunmuşdur.  Layihə çərçivəsində təlimləri bu sahədə püxtələşmiş, dövri mətbuatda və internet saytlarında mütəmadi çıxış edən peşəkar təlimçi Eyvaz Qocayev aparmışdır.

 Layihə çərçivəsində, həmçinin, bu mövzuda daha çox gəncin bilgilənməsinə kömək edə biləcək bir kitabın çap edilib məcburi köçkün gənclər arasında yayılması da nəzərdə tutulmuşdu. Təlimçi Eyvaz Qocayevin peşəkarlığı, bu sahədə təcrübəsi nəzərə alınaraq kitabın hazırlanması da ona həvvalə edilmişdi. Eyvaz Qocayev qısa müddətdə mövzu üzrə mükəmməl bir kitab hazırladı və həmin kitab artıq çap olunmuşdur. Oktyabrın 6-da Fərdi inkişaf və karyera Mərkəzində həmin kitabın təqdimatı təşkil olundu. Təqdimat tədbirində yerli QHT, Media, dövlət qurumlarının əməkdaşları iştirak edirdilər. Birliyin sədri Sahib Fərzəliyev çıxış edərək layihənin uğurları və kitabın çap olunması zərurəti barədə fikirlərini bildirdilər.

 Kitabın müəllifi Eyvaz Qocayev kitabın qısa məzmunu, əhatə etdiyi mövzular və gənclərə verə biləcəyi yeni bilgilər barədə məlumat verdi.

 Tədbirdə iştirak edən QHT-lərə Dövlət Dəstəyi Şurasının Katibliyinin eksperti Mirzağa Zahidov, Sumqayıt ş. Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi İsmayıl Kərimov, Sumqayıt şəhər Məşğulluq Mərkəzinin baş məsləhətçisi İlham Hüseynov və başqaları çıxış edərək kitabın gənclərin yeni bilik və vərdişlər əldə etməsinə kömək edəcəyini vurğuladılar. Sonda tədbir iştirakçılarına “Fərdi İnkişaf və karyera” kitabı hədiyyə olundu.

 Pоtеnsial Sumqayıt Mütəхəssislər Birliyi 1998-ci ildə yaradılmış, 27 may 2000-ci ildə müstəqil qеyri-hökumət təşkilatı kimi rəsmi dövlət qеydiyyatına alınmışdır. Birlik 1999-cu ildən beynəlxalq təşkilatlarla əməkdaşlığa başlamış və onların dəstəyi ilə Sumqayıt şəhəri və ölkənin digər regionlarında 25 layihə icra etmişdir. Birliyin icra еtdiyi layihələr çərçivəsində həyata kеçirdiyi tədbirlər və əldə еtdiyi nailiyyətlər barədə ətraflı məlumatla Birliyin saytında (www.potensial.org) tanış оlmaq оlar. 

Feyruz Şivəxanov, Potensial SMB Resurs Mərkəzinin koordinatoru

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər