Futbolsevərlərə və Cüdo həvəskarlarına Azərikimyadan xoş xəbər

2042

Bildiyiniz kimi, 2013-cü ilin sentyabr ayının 21-də Sumqayıtda müasir standartlara cavab verəcək şəkildə tikilmiş, müasir qurğu və avadanlıqlarla təchiz edilmiş yeni stadion futbolsevərlərin ixtiyarına verilib. Stadionun açılış mərasimində Azərbaycanda səfərdə olan UEFA-nın prezidenti Mişel Platini, AFFA-nın prezidenti Rövnəq Abdullayev və digər rəsmi şəxslər iştirak etmişdilər.

Stadionla tanış olan və görülmüş işləri yüksək qiymətləndirən UEFA prezidenti Sumqayıt Futbol Akademiyasının 11-17 yaş qruplarını əhatə edən qızlardan və oğlanlardan ibarət komandalarının üzvləri ilə görüşmüş və hələ o vaxt “Sumqayıt” Peşəkar Futbol Klubunun bu uşaqların timsalında etibarlı və ümidverici bazaya malik olduğunu vurğulamışdı. Sumqayıtda futbola marağın getdikcə artması və “Sumqayıt” PFK-nın Azərbaycan birinciliyindəki uğurları nəzərə alınaraq, SOCAR-ın “Azərikimya” İstehsalat Birliyi tərəfindən stadionun ikinci buraxılış kompleksinin tikintisinə start verilmişdir. Bizi və futbolsevərləri maraqlandıran bu layihə haqqındakı suallarımıza “Azərikimya” İstehsalat Birliyinin Sosial İnkişaf şöbəsinin müdiri Fikrət Əliyev aydınlıq gətirdi: “- Stadionun ikinci buraxılış kompleksi çərçivəsində paralel olaraq üç işin icrası nəzərdə tutulur.

Birincisi, mövcud 1300 nəfərlik stadionun meydançasının süni örtüyü təbii örtüklə əvəz olunacaq və çoxsaylı tamaşaçıların istəyini nəzərə alaraq 800 nəfərlik əlavə arena tikiləcəkdir. Mövcud stadionun arxasında isə Sumqayıt Futbol Akademiyasının müvafiq yaş qruplarını əhatə edən komandalarının məşq etmələri üçün bir ədəd süni örtüklü meydança, bir ədəd isə “Sumqayıt” Peşəkar Futbol Klubunun əsas heyətinin məşqləri üçün təbii örtüklü meydança tikiləcəkdir. Bu stadionlardakı məşqləri və yarışları da izləmək üçün 1300 nəfərlik tribuna quraşdırılacaqdır.” Fikrət Əliyev onu da əlavə etdi ki, hazırda Birliyin Təmir-tikinti idarəsi tərəfindən təlim stadionlarının meydança altı əsaslarının qurulması işləri yerinə yetirilir. Bu işlərin may ayının 25-nə kimi tamamlanması nəzərdə tutulur.

Stadionların ot örtüklərinin yaradılması, drenaj sitemlərinin qurulması, habelə hasarlanması və s. işləri tender yolu ilə qalib gələn şirkət tərəfindən icra olunacaq və ümumilikdə işlərin bu ilin oktyabr ayında başa çatdırılması nəzərdə tutulur. İmkan yaranmışkən, Fikrət Əliyevdən Cüdo Mərkəzinin tikintisi ilə bağlı da məlumat verməsini xahiş etdik. “-1970-ci ildən bəri Səthi Aktiv maddələr zavodunun balansında olan və sonradan SOCAR-ın Sosial İnkişaf İdarəsi tərəfindən Neftçi İdman klubu İctimai Birliyinə əvəzsiz istifadəyə verilmiş mövcud idman kompleksi uzun müddət idi ki, yararsız hala düşmüşdü. Bir məsələni xüsusilə vurğulamaq istəyirəm ki, vəziyyətin ürəkaçan olmamasına rəğmən Azərbaycanda cüdo idman növünün aparıcı qüvvələrini sumqayıtlılar təşkil edir və beynəlxalq yarışlarda Sumqayıt cüdoçuları respublikamızı layiqincə təmsil edirlər.

Bütün bunları nəzərə alaraq “Azərikimya” İstehsalat Birliyi mövcud idman kompleksinin əsaslı təmirinə və yenidən qurulmasına qərar verdi və artıq mart ayından etibarən idman kompleksində əsaslı təmir işlərinə start verilmişdir. Əsaslı təmir işləri Birliyin Təmir-tikinti idarəsi tərəfindən icra olunur. Əsaslı təmir işlərinə idman zalının və daxili otaqların əsaslı təmiri və dam örtüyünün yenidən qurulması daxildir. Komplek binasının fasadının təmiri, istilik və havalndırma sistemlərinin qurulması isə tender yolu ilə qalib gələn şirkət tərəfindən icra olunacaq. Güdo Mərkəzinin bu ilin avqust ayının sonunda istismara verilməsi nəzərdə tutulur.”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər