Füzulinin işğaldan azad edilməsi Ordumuzun Zəfər yürüşünə yol açdı

738

Füzulinin azad olunması Füzuli rayonu doğma Azərbaycanımızın qədim tarixə, zəngin infrastruktur və tarixi abidələrə malik olan bölgələrindəndir. Füzuli Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. Rayon Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları, habelə Araz çayı boyunca İranla həmsərhəddir. Füzuli rayonunun ərazisi 1386 km², əhalisi isə təxminən 144 min nəfərdir. Ərazidə axan Quruçay, Köndələnçay, Çərəkən çayları Araz hövzəsinin çaylarıdır. Azərbaycanın iri yaşayış məskənlərindən olan Füzulinin əsası 1827-ci ildə qoyulmuşdur. Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə rayon təşkil olunmuş və Qaryagin adlandırılmışdır. 1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişərək Füzuli rayonu adlandırılmışdır. İşğaldan öncə Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin bir ərazi olmuşdur. Bu abidələr sırasına rayonun Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babi Yaqub (XIII əsr) türbəsini, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəni, XIX əsrin Cəlil türbəsini aid etmək olar.

 23 avqust 1993-cü il….

Füzuli şəhəri və rayonun böyük hissəsi   erməni silahlı qüvvələri tərəfindən işğal olundu. Ermənistanın  silahlı qüvvələri ilə mübarizədə  rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 663 nəfər şəhid oldu, 181 nəfər əsir və itkin düşdü. Füzuli rayonunda işğaldan əvvəl 2 şəhər, 16 qəsəbə, 82 kənd və başqa yaşayış məntəqələri mövcud olub.

Ulu Öndər Heydər Əliyevin əmri ilə 5 yanvar 1994-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hücumu nəticəsində Füzuli rayonun 22 yaşayış məntəqəsi işğaldan azad olundu. O zaman işğaldan azad olunmuş ərazilərdə hazırda rayon əhalisinin 50%-ə qədəri yaşayırdı.

Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən 17 oktyabr tarixində işğaldan azad edildi. Ermənistanın təxribatlarına cavab olaraq Prezident,Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edildi. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub. Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər verdi. Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olub. 30 il ərzində düşmən təmas xəttində möhkəm istehkam qurmuşdu. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq. Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. Hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur. Düşmən və bütün dünya artıq Azərbaycanın gücünü görüb və bunu etiraf edib. Azərbaycan ordusunun peşakarlığı və mərdliyi qarşısında qorxuya düşən düşmən Füzuli uğrunda döyüşlərin son mərhələsində silahlarını yerə atıb qaçdı. Bu döyüşlərdə Ordumuzun göstərdiyi şücaətə verilən yüksək önəmin təzahürü olaraq ölkəmizdə “Füzulinin azad olunmasına görə” medalı təsis edilib. Müzəffər Ali Baş Komandan, Prizdent İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25301 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub.

Cənab Prezident İlham Əliyev öz çıxışlarında qeyd etmişdir ki, rəsmi İrəvan törətdiyi hərbi cinayətlərə görə məsuliyyət daşımalıdır. Erməni hərbi birləşmələrinin təxribatı nəticəsində mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, habelə sahibkarlıq subyektlərinə dəyən ziyanın qiymətləndirilməsi üçün bütün lazımi tədbirlər görüləcəkdir. Dağıntı və ziyanın müəyyənləşdirilməsi üçün işçi qrup tərəfindən qiymətləndirmə işləri aparılacaqdır. Yerli və xarici ekspertlərin iştirakı ilə aparılacaq bu işlər nəticəsində erməni vandalizminə adekvat qiymət veriləcəkdir. Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur – yüz mindən çox mina basdırılıb.

Bütün Füzuli əhalisi və Azərbaycan xalqı səbirsizliklə torpaqlarımızın azad olunacağı günü gözləyirdilər. İnsanlarımızda bu günün gələcəyinə inam itməmişdi. Azərbaycanın qüdrətli oğlu Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti və yenilməz Azərbaycan Ordusunun şücaəti  ilə Füzulilər öz doğma torpaqlarına qovuşdu. Oktyabrın 17-də Füzulinin bir çok kəndləri müzəffər ordumuz tərəfindən azad edildi. 17 Oktyabr bütün Füzulilərin həyatının unudulmaz gününə çevrildi. 27 illik həsrətə son qoyuldu. Torpaqların azad olunmasından dərhal sonra Prezdentin Qarabağa Səfərləri başlandı. İlk səfəri çərçivəsində Dövlət başçısı Füzuli rayonunda oldu. Bir çox dövlət əhəmiyyətli obyektlərin açılış və təməlqoyma mərasimində iştirak etdi.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş ərazilərə səfərləri əlbəttə ki, yerli şəraitlə tanışlıq, bərpa-quruculuq işləri ilə bağlı olmuşdur. Dövlət başçısının bu məqsədlə ilk səfəri 2020-ci ilin noyabrın 16-da, böyük qələbədən dərhal sonra Füzuliyə oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunan Füzuli rayonuna gəldilər. Bu səfərində Prezident İlham Əliyev Füzuli rayonundan Şuşa şəhərinə yol çəkilişi ilə bağlı göstəriş vermiş və Füzuli-Şuşa avtomobil yolunun – Zəfər yolunun çəkilişinə start verilmişdir. Ölkə başçısı öz çıxışında yolun çəkilişi ilə bağlı demişdir: “Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür, tarixi bir gündür. Bu gün Füzuli-Şuşa avtomobil yolunun təməli qoyulur. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu yolun çox böyük əhəmiyyəti var. Çünki bu yol bizi Qarabağın tacı olan Şuşa şəhərinə aparır”. Sonra Azərbaycan Respublikasının Prezidenti işğaldan azad olunmuş Füzuli şəhərinə gəldi. Dövlət başçısı Füzuli şəhərində üçrəngli Azərbaycan bayrağını qaldırdı. Müasir Azərbaycan tarixinin ən şanlı səhifələrindən idi o an. Müzəffər ordumuzun düşmən tapdağından azad etdiyi tarixi torpaqlarımızda üçrəngli müqəddəs bayrağımız əbədi dalğalanacaqdır.

Ölkə rəhbərinin Fizuliyə səfəri çərçivəsində, yanvarın 14-də Füzuli Beynəlxalq Hava Limanının təməli qoyuldu. Artıq inşası başa çatmaq üzrə olan, ölkə başçısının Qarabağın hava qapısı” adlandırdığı Füzuli Beynəlxalq Hava Limanı ən müasir tələblər səviyyəsində inşa olunur. Qeyd edək ki, artıq sentyabr ayında Füzuli Beynəlxalq Hava Limanına sınaq reysi həyata keçirilib. Belə ki, Bakıdan uçuş edən AZAL-ın “Qarabağ” adlı sərnişin təyyarəsi Füzuli aeroportunda eniş edib. Həmçinin dövlət başçısının fevralın 15-də azad olunmuş ərazilərə növbəti səfəri zamanı işğaldan azad olunmuş torpaqlara gediş-gəlişi asanlaşdıracaq, uzunluğu 100 km olan Horadiz-Ağbənd dəmir yolu xəttinin, martin 15 -i olan səfəri çərçivəsində Füzuli-Hadrut avtomobil yolunun təməlini qoydu. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İyunun 14-də Füzuli rayonuna növbəti səfəri zamanı Aşağı Köndələnçay su anbarında yaradılan şəraitlə tanış olmuş və “Füzuli” yarımstansiyasının açılış mərasimində iştirak etmişlər.

Füzuli rayonunun Dövlətyarlı kəndində “Ağıllı kənd” konsepsiyası əsasında yaradılacaq böyük yaşayış məntəqəsinin əsası qoyulub. Bu layihənin beş kəndi birləşdirməsi, ümumilikdə 750 evin tikintisinin nəzərdə tutulub ki, bu da Füzuli rayonunda birinci yaradılacaq yaşayış mərkəzi olduğunu göstərir. Azad olunmuş ərazilərimizdə icra olunacaq”Ağıllı Şəhər” və “Ağıllı kənd”  layihələri dünyada ilk olacaq. Burada müasir və innovativ texnologiyalarla təchiz olumuş yaşayış qurulacaq və insanlarımızın rahatlığı maksimum dərəcədə təmin olunacaq.

Bütün ərazlərimiz azad olunduqdan sonra yenidənqurma, tikinti və bərpa işləri sürətləndi. Bölgədə görülən işlər sırasında, qısa müddət ərzində Füzuli Beynəlxalq Hava Limanının tikilib istifadəyə verildi, eləcə də rayonun enerji ilə təmin edilməsi məqsədi ilə “Azərişıq” ASC-nin Füzuli şəhərində Rəqəmsal Yarımstansiya İdarəetmə Mərkəzinin təməli qoyuldu. Rayon ərazisində yol infrastrukturunun yenidən qurulması, həmçinin qonşu rayonlarla gediş-gəlişin təmin olunması qarşıya qoyulan əsas planlardan biri idi. Artıq planın həyata keçirilməsinə başlanılıb. Belə ki, hazırda Füzuli-Şuşa magistral yolunun, Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Füzuli-Ağdam yollarının çəkilişi həyata keçirilir və Füzuli-Ağdam yolunun təməli qoyulub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ötən il oktyabrın 17-də Füzuli şəhərində salınacaq çoxmənzilli yaşayış məhəlləsinin təməlqoyma mərasimində iştirak ediblər. 17,8 hektar ərazini əhatə edəcək yaşayış məhəlləsi mərhələli şəkildə tikilib istifadəyə veriləcək. İlk mərhələdə 1, 2, 3 və 4 otaqlı mənzillərdən ibarət 65 mənzilli 4-5 mərtəbəli yaşayış binaları inşa ediləcək. Məhəllədə çox funksiyalı binalar da olacaq. Ümumilikdə məhəllədə 2860 nəfərin yaşaması nəzərdə tutulur. Oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər. Azərbaycan və Türkiyə prezidentləri hava limanının rəmzi açılışını bildirən lenti kəsiblər. Füzuli Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edilib. Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış olublar. Dövlətimizin başçısı və birinci xanım əvvəlcə Füzuli şəhərində inşa olunacaq Peşə Liseyinin təməlinin qoyulması mərasimində iştirak etdilər. Dövlət başçısı qeyd edib ki, peşə Liseyinin ərazisi 3,2 hektar sahəni əhatə edəcək. Kompleksdə tədris, laboratoriya təcrübələri, idman binaları və meydançası yaradılacaq. Burada, həmçinin avtomobil təmiri emalatxanası, avadanlıq və texnika, təsərrüfat anbarları, təsərrüfat qurğusu, praktik təlimlər qurğusu da inşa ediləcək. Kompleksin elektrik enerjisi ilə fasiləsiz təminatı üçün transformator yarımstansiyası da quraşdırılacaq. Füzuli şəhər Peşə Liseyinin inşası zamanı yaşıllıq zolaqlarının yaradılması xüsusilə diqqətdə saxlanılıb. Belə ki, yaşıllıq sahəsi bu kompleksin ərazisinin 43,7 faizini təşkil edəcək. Burada yaradılacaq idman meydançasının sahəsi 540 kvadratmetr olacaq.

Qazanılmış qələbədən 2 il keçməsinə baxmayaraq dövlət başçısı Ali baş komandan İlham Əliyevin işğaldan azad olunmuş torpaqlara mütəmadi səfərləri, tez bir zamanda Qarabağda həyatın bərpasına zəmin yaradır. Prezident Qarabağda o cümlədən Füzuli rayonunda əhalinin yaşayışının yüksək səviyyədə təmin olunması üçün bütün zəruri addımları atır. Asfalt yolların çəkilişi yaşayış binalarının xəstəxanaların, hərbi hissələrin və başqa infrastruktur obyektlərinin tikilməsi Qarabağa həyatın qayıtmasına təkan vercək.

Ayna Sadıxova, Nizami Gəncəvi adına Kitabxana Klubun böyük mütəxəssisi

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər