Bu gün səhər saatlarında Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında baş vermiş partlayış hadisəsi ilə əlaqədar aparılan axtarış-xilasetmə işləri nəticəsində dağıntılar altından 1994-cü il təvəllüdlü Cumazadə Cuma Saleh oğlunun meyiti tapılıb, 1997-ci il təvəllüdlü Məmmədli Orxan Oktay oğlu isə yaralı vəziyyətdə aşkarlanaraq xilas edilib.
Bu barədə Trend Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Hazırda Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin və regionda olan Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Mülki müdafiə qoşunlarının müvafiq xilasetmə qüvvələri qeyd olunan ünvanda xilasetmə işlərini həyata keçirirlər. Axtarış işlərinin sürətləndirilməsi üçün əlavə olaraq Nazirliyin Xüsusi Ruskli Xilasetmə Xidmətinin xilasediciləri və kinoloji qrupu xüsusi təlim keçmiş itlərlə Aviasiya dəstəsinin helikopteri ilə Bakıdan Gəncə şəhərinə gətirilib.
Əlavə məlumat veriləcək.
XXX
08:03
Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında partlayış baş verib. Trend-in məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Mülki müdafiə qoşunlarının və Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri qeyd olunan ünvana cəlb olunub, digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb.
İlkin məlumata görə, 3 girişdən ibarət binanın 1-ci girişindəki mənzillər dağılıb. Dağıntılar altında qalanların olduğu ehtimal olunur. Hazırda axtarış-xilasetmə işləri aparılır. İlkin ehtimala görə, partlayış qaz sızması nəticəsində baş verib.
Əlavə məlumat veriləcək.