Hamı getdi, Raab qaldı

1478

Mövsümün sonlarına doğru hansı komandada məşqçi dəyişikliyi baş verəcəyini proqnozlaşdırmaq çətin deyildi. Onsuz da Azərbaycanda istənilən komandanın uğursuzluqla üzləşməsi halında çalışdırıcıların “qurban verilməsinə” adət etmişik. İddia etmirəm ki, belə vəziyyətlərdə məşqçilərin heç bir günahı olmur. Amma tək günahkar məçqçilərin hesab olunması ədalətli qərar deyil. Misalçün, dəfələrlə demişəm və bir daha təkrar etməkdən usanmıram ki, Yunis Hüseynovun “Xəzər Lənkəran”ın uğursuzluğundakı günahı klub rəhbərliyinin günahının yanında çox cüzi idi. Dövrələrarası fasilədə komandanı gücləndirəcək transferlər edilmirsə, hansı çalışdırıcı uğura təminat verə bilər? Ona baxanda Ramiz Məmmədovun “Qəbələ”dən gedişi nisbətən ədalətli oldu. Çünki, Ramiz bəyin transferlərdən gileylənmək üçün əsası yox idi. Ən azından ona görə ki, qış fasiləsində “şimallılar”ın heyəti bilvasitə Məmmədovun razılığı ilə 6 yeni futbolçu ilə gücləndirilmişdi. Həmin yenilərin heç də aşağı ödənişli futbolçular olmaması hamımıza məlumdur. Deməli, Ramiz bəy ona yaradılan şəraitdən lazımınca yararlanmağı bacarmadı. Mənə qaranlıq qalan bircə məsələ var. Axı, “Qəbələ”nin yanlış transferlərinə görə təkcə Məmmədov məsuliyyət daşımırdı. Əyalət təmsilçisinin indiyə qədər dəvət edib-yola saldığı futbolçuların sırasına nəzər salanda görürük ki, klub menecerlərinin seçdiyi legionerlərin çoxu komandaya gözlənilən qədər fayda verməyiblər. Özünüz fikirləşin, Azərbaycanın ən zəngin klublarından biri olan “Qəbələ” ardıcıl neçənci mövsümdü hədəflərinə uyğun nəticə qazana bilmirsə, hansı uğurlu transferlərdən danışmaq olar? Üstəlik, əksər hallarda “qırmızı-qaralar” yaşı 30-u haqlamış legionerləri heyətinə qatır. Belədə, klubun bu transferləri gələcəyi düşünərək atdığını da düşünmək çətindir. Syominin gəlişindən sonra hadisələrin hansı ssenaridə inkişaf edəcəyini görmək üçün bir az gözləmək məsləhətdir. Bojidar Bandoviç digərlərinə nisbətən bir qədər gec istefaya göndərilsə də, kubokun yarımfinalının Lənkərandakı cavab oyunundan sonra “Bakı”da məşqçi dəyişikliyinin baş verəcəyi zaman məsələsi idi. Daimi oxucularım yaxşı bilir ki, hələ mövsümün başlanğıcında, Novruz Əzimov-Bandoviç yerdəyişməsi baş verəndə bunun “zolaqlılar”a heç nə qazandırmayacağı haqda fikrimi əsaslandırmışdım. İtirən yenə də “Bakı” oldu. Məsələnin maddi tərəfi bir yana, ən azından qızıldan qiymətli bir ili geri qaytarmaq mümkünsüzdür. Bandoviç hər nə qədər yaxasını kənara çəksə də, “Bakı”nın son mövsümdəki fiaskosunda əcnəbi çalışdırıcının məsuliyyət payı çox böyükdür. Hətta sonradan bizə məlum oldu ki, klubun daxilində transferlərdə söz sahibi olmaq üçün gərgin mübarizə gedirmiş və Zeynal Məmmədov həmin intiriqadan qalib çıxan tərəf olub. Bütün bunların isə klubu zəiflətdiyi, artıq enerji itkisinə səbəb olduğu isə şübhəsizdir. Nəticədə “Bakı” nəinki çempionluğa iddialı klub görüntüsü yarada bilmədi, üstəlik kubokun yarımfinalında əvvəlki əzəmətindən xeyli uzaq düşən “Xəzər Lənkəran”a məğlub oldu. Hazırda “Bakı”da baş verən proseslərdə çox vacib bir məqam var. Klubun idarəçilik sistemində köklü dəyişikliyə əl atan Hafiz bəy müəyyən mənada bizimlə razı olduğunu göstərdi. İndiyə qədər “Bakı” haqqında yazılan az qala bütün yazılarda vurğulamışam ki, uğur qazanmaq üçün təkcə məşqçiləri dəyişdirmək yetərli deyil. Məlum məsələdir ki, Hafiz bəy özü xeyli məşğul iş adamı olduğu üçün klubdaxili bütün problemlərin həllinə yetərli diqqət və zaman ayıra bilmir. Bu mənada klub üçün vacib qərarların qəbul olunduğu toplantının axşam saat 10-da başlayıb, sübh vaxtına kimi davam etməsi də qəribə görünməməlidir. Atalarımız “gecənin xeyrindənsə gündüzün şəri yaxşıdır” desələr belə, bütün bu dəyişikliklərin “Bakı”nın xeyrinə olacağına ümid edirəm. Qovulmamasına təəccübləndiyim yeganə məşqçi “Sumqayıt”ın alman çalışdırıcısı Bernard Raabdır. Nə məntiqi, nə fəlsəfi, nə praktiki cəhətdən Fotqun həmyerlisinin “Gənclik şəhəri” təmsilçisində indiyə qədər əzizlənməsinin səbəbini izah etmək mümkün deyil. Görəsən, Raab ötən illər ərzində hansı fövqaladə məşqçilik bacarıqları nümayuş etdirib ki, Kamran Quliyev onun əvəzedilməz olduğu qənaətinə gəlib? “Neftçi”yə 8:1 hesablı məğlubiyyətdən sonrakı mətbuat konfransı indiyə qədər xatirimdədir. Jurnalistlərin suallarına çalışdırıcı qışqıra-qışqıra cavab verir, heç tərcüməçinin sözünün bitməsini belə gözləmirdi. Həmin gün “Sumqayıt”ın gələcək mövsümə də Raabla hazırlaşacağını kimə desəydin inanmazdı. Hətta premyer-liqa sona yaxınlaşanda idman mətbuatında Raabı əvəzləyəcək namizədlərin adları belə səslənirdi. Nə oldusa, hər şey unuduldu. Məqsəd Almaniyanın aşağı liqalarından Fərzadı, Taktakı “kəşf edib”, Azərbaycan klublarına transfer etməkdisə, qoy “Sumqayıt” özünə Qərbi Avropada ofis yaratsın. Bir vaxtlar AFFA-nın Almaniyada futbol məktəbi açması söylənilirdi. Elxan Məmmədovun köməyi ilə həmin məktəbdən də istifadə eləmək olar. Belədə Raabı da həmin işlərə rəhbərlik etmək üçün vətəninə göndərmək savab işdir. Yoxsa, bədən tərbiyyə müəllimi olmağa belə yaramayan adamı Azərbaycanda elita klubunda məşqçi təyin eləmək yerli futbol mütəxəssislərini söymək kimi bir şeydir. İzah edin görək, niyə hamı getdi, Raab qaldı?

Amal Abuşov

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər