“Heç kəs deyə bilməz ki, indi baltalama 20 il əvvəlkindən daha çoxdur”

541

Son günlər baş verən məişət zorakılığı hallarının xüsusi amansızlıqla törədilməsi diqqət çəkir.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan hüquqşünas Əsabəli Mustafayev bu cür cinayətlərin əvvəllər də baş verdiyini, lakin indi daha çox ictimailəşdiyini deyib:

“Cinayətlərin dinamikasını izləmək üçün geniş araşdırma aparılmalıdır. Açıq etiraf edək ki, əvvəllər belə hadisələri çox ictimailəşdirmirdilər. İndi isə sosial şəbəkələrdə saysız paylaşımlar edilir, hər bir hadisə açıqlanır. Hüquq-mühafizə orqanları da görəndə ki, hadisə ictimaiyyətə məlumdur, məcbur olub buna münasibət bildirir.

Məişət zorakılığına dair hadisələrin açılma faizi də artıb. Amma hadisələrin konkret sayında artımın olub-olmadığını demək düzgün olmaz. Yəni heç kəs deyə bilməz ki, indi baltalama hadisələri 20 il əvvəlkindən daha çoxdur. Bunun dinamikasını öyrənmək üçün araşdırma aparılmalıdır. Lakin faktın özü çox müdhişdir. İnsanların bu qədər aqressiv olması qəribədir. Axı münasibət 20 il bundan əvvəlkindən fərqlidir, insanlar bu cür cinayətlərdən narahat olur, etirazlarını bildirirlər.

Cəmiyyətdə zorakılıq, qəddarlıq halları ciddi narazılığa səbəb olur. Demək olmaz ki, bu gün insanlar çox qəddarlaşıb deyə, baltadan istifadə edirlər. Məncə, bu belə deyil. Bunu iddia etmək üçün mütləq əlində fakt olmalıdır, araşdırma aparmalısan”.

Əsabəli Mustafayevin sözlərinə görə, ailə-məişət zəminində münaqişələr, adətən, böyük nifrətdən, qisasçılıqdan, yaxud emosional gərginlikdən baş verir:

“Hər bir insan bu cür cinayətlərdən nəticə çıxarmalıdır və yükün böyük qismi mətbuatın üzərinə düşür. Belə cinayətlərdən çox yazıb adiləşdirməkdən çəkinmək lazımdır. İnsanlar bu cür xəbərlərə öyrəşdikcə oxşar cinayətlərin sayı artır. Necə ki, narkotik qəbuluna alışdıq, dedik ki, “əşşi, hamı narkotikdən istifadə edir” və adiləşdi. İndi də qarşısını ala bilmirik. İstənilən hərəkətə belə yanaşanda o adiləşir və təkrarlanır”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər