“Hədəfə çatmaq üçün ən uğurlu yollardan biri sistemli şəkildə çalışmaqdır”- sumqayıtlı Prezident təqaüdçüsü

1305

Fidan Kərimli 2004-cü ildə Sumqayıt şəhərində anadan olub. “İstedad” liseyinin məzunudur. Dövlət İmtahan Mərkəzinin keçirdiyi (DİM) buraxılış və qəbul imtahanlarında ümumilikdə 682,6 bal toplayaraq Bakı Ali Neft Məktəbinin (BANM) Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasını seçib. Prezident təqaüdçüsüdür.

-Bakı Ali Neft Məktəbində təhsil almaq istəyiniz necə yarandı?

-Bəzən abituriyentlər imtahan verdikdən sonra topladıqları bala uyğun olaraq ali məktəb seçirlər. Mən isə universitet seçdikdən sonra yüksək bal toplamaq hədəfi müəyyənləşdirmişdim. Bakı Ali Neft Məktəbi ilə dərindən maraqlanmışdım. Bir il bundan öncə yerində daha geniş məlumat almaq üçün Ali Məktəbə gəlmişdim, hətta burada şəkil də çəkdirmişdim. Bu Ali Məktəbdə təhsil almaq hədəfimi müəyyənləşdirdikdən sonra daha böyük əzmlə çalışdım. Çünki hədəfim böyük idi: BANM-ə qəbul olmaq üçün yüksək bal toplamalı idim.

-Proseslərin avtomatlaşdırılması ixtisası seçimini necə etdiniz?

-Mən özümü məhz bu ixtisasda görürəm. Bakı Ali Neft Məktəbinə gələndə mənə ixtisaslarla bağlı kataloq verilmişdi. Orada ixtisaslar barədə məlumatlar fotolarla birgə qeyd edilmişdi. Mən o fotolarda Proseslərin avtomatlaşdırılması mühəndislərinin işləmə şəklini gördükdə bir daha əmin oldum ki, bu sahənin mütəxəssisi olmalıyam.

– Təhsil alacağınız ali məktəbi və ixtisasınızı əvvəlcədən müəyyənləşdirdiyinizi bildirdiniz. Bəs bu hədəfə çatmaq üçün imtahanlara necə hazırlaşırdınız?

– Hədəf seçdikdən sonra bu yolda necə irəliləyəcəyimizi özümüz müəyyənləşdirməliyik. Düşünürəm ki, hədəfə çatmaq üçün ən uğurlu yollardan biri sistemli şəkildə çalışmaqdır. Mən cədvəl hazırlamışdım və o cədvəldə nəyi, nə vaxt və necə edəcəyimi planlaşdırmışdım. Bundan başqa, çox çalışmaq lazımdır. Çox çalışmaq deyərkən təkcə dərs oxumağı nəzərdə tutmuram. Asudə vaxtlarımı düzgün dəyərləndirmişəm.

-Adınızı Prezident təqaüdçüləri siyahısında görəndə keçirdiyiniz hissləri bölüşməyinizi istərdik.

– Mənim əsas hədəflərimdən biri Bakı Ali Neft Məktəbinə daxil olmaq idisə, digəri də Prezident təqaüdünə layiq görülmək idi. Mən hər iki hədəfimə çatmağı bacardım.

Prezident təqaüdünə layiq görüldüyümü öyrənəndə çox sevindim. Bu adı qazanmaq böyük qürur hissi bəxş edir. Hər yerdə Prezident təqaüdçüsü kimi çağırılmaq çox qürurverici hissdir. Prezident təaqüdünü qazanmağım valideynlərim üçün də böyük sevinc oldu. Mənim anam əslən Laçın rayonundandır. Onun ailəsi Laçın işğal edildikdən sonra Sumqayıt şəhərində məskunlaşıb. Bir il ərzində mənim ailəmdə iki sevinc yaşandı. Həm doğma torpaqlarımız işğaldan azad olundu, həm də mən yüksək bal toplayaraq Prezident təqaüdünə layiq görüldüm.

-Gələcək hədəfləriniz nələrdir?

-Ən böyük hədəfim təhsil aldığım Proseslərin avtomatlaşdırılması ixtisası üzrə tanınmış mütəxəssis olmaq və böyük naliyyətlər əldə etməkdir. Təbii ki, həyatla bağlı digər hədəflərim də var.

-Asudə vaxtlarınızı necə dəyərləndirirsiniz? Hansı hobbiləriniz var?

-Üç ilə yaxın müddətdə rəsm çəkməklə məşğul olmuşam. Yenidən bu məşğuliyyətimə qayıtmaq istəyirəm. Həmçinin şahmatla məşğul olmuşam. Ümumiyyətlə, müxtəlif hobbilər əldə etmək, maraq dairələrimi genişləndirmək üçün daim çalışıram.

-Dərsləriniz necə keçir?

-Dərslərimiz çox yüksək səviyyədədir. Əslində, bu barədə maraqlanmışdım və burada tədris prosesinin keyfiyyətli olduğunu bilirdim. Bu yüksək keyfiyyətə böyük əminliyim var idi. Dərslərin qısa müddət əvvəl başlamasına baxmayaraq, özümdə böyük irəliləyiş, inkişaf hiss edirəm.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər