“Fanta”, “Coca-Cola” içkilərinin, “Hell” və digər enerji içkilərinin, həmçinin “McDonald’s”, KFC kimi restoranlarda satılan fastfoodların insan sağlamlığına hansı formada təsir etməsi hər zaman müzakirələrə səbəb olub. Ekspertlər və həkimlər həmin qidaların ziyanları barədə dəfələrlə danışsa da, bunu görməzdən gələrək “sevimli” qidalarını hələ də müdafiə edənlər kifayət qədər çoxdur.
Tanınmış endokrinoloq Səmayə Əliyeva mövzu ilə bağlı Foodinfo.az saytına müsahibə verib. Modern.az həmin müsahibəni təqdim edir:
– Səmayə xanım, “Fanta” və “Coca-Cola”nın insan orqanizminə təsiri necədir?
– Aparılan elmi araşdırmalar göstərir ki, “Fanta” və ya “Coca-Cola” insanın sağlamlığına zərər vuran içkilərdəndir. Bu içkilərdən mütamadi istifadə edən insanlarda həzm sistemi, şəkərli diabet, ürək qan-damar sistemi və s. xəstəliklərə daha cox rast gəlinir.
Təsəvvür edin, bir fincan “Coca-Cola”nın tərkibində 8-10 çay qaşığı qədər şəkər var. Bu isə insanın gündəlik şəkər tələbatının 80-100 mislinə bərabərdir. Bu içkilərin bir fincanını qəbul etdikdə ilk 20 dəqiqədə qandakı şəkərin miqdarı yüksəlir. Bunun nəticəsində həddindən artıq insulin sekresiyası baş verir. Qandakı şəkərin miqdarı yüksək qaldığına görə ani aclıq hissi meydana gəlir. Şirniyyatlara istək daha da artır. Qaraciyərdə yağ olaraq yığılmağa başlayır. 40 dəqiqədən sonra kofein həzm olunmur, göz bəbəkləri genişlənir, qan təzyiqi yüksəlir, adenozinov reseptorları bloklanır, yuxunu qaçırır. 45 dəqiqə keçəndən sonra bədən dofamin hormonunun (həzz mərkəzini stimullaşdıran) hazırlanmasını yüksəldir.
– Yeməkdən sonra “Coca-Cola” və “Fanta”nın həzmə kömək etdiyini deyənlər var. Bu həqiqətə uyğundurmu?
– Bu içkilərin tərkibində olan bəzi maddələr həzm prosesini sürətləndirə bilər. Bu içkiləri qəbul etdikdən
bir saat sonra fosfor, sink, maqnezium və kalsium turşusu bağırsaqlarda bağlanır və metabolizmi sürətləndirir.
Növbəti saatda isə sink, maqnezium, kalsium, natrium, su, elektrolit sümüklərdən çıxır.
Demək ki, bununda orqanizmə xeyrindən çox ziyanı var.
– Bəziləri səhərlər acqarına “Coca-Cola” və ya enerji içkiləri içirlər. Bunun hansı təsirləri var?
– “Coca-Cola və yaxud hər hansı bir içki əgər tərkibindəki dadverici turşunun qatılığı və miqdarı yüksək olarsa, içki mədəyə düşdükdə oradakı şirənin qıcıqlanmasına və ifraz olunmasına gətirib çıxarır. Bu da qastrit , mədə deşilməsinə və kəskin yara xəstəliklərinə səbəb olur. Xüsusən acqarına içmək qəti qadağandır. Həmçinin, bağırsaqların kəskin xroniki xəstəliklərinə, yaralara və deşilməsinə, hətta, xərçəngə yol aça bilir.
– “Hell”, “RedBull” və digər enerji içkilərinin tərkibi hələ də çoxlarını maraqlandırır. Tibbi cəhətdən bu içkilərin tərkibində hansı ziyanlı maddələr aşkarlanıb və ziyanları nələrdir?!
– Araşdırmalara görə, bütün mağazalarda satılan bir banka enerji verən içkinin tərkibində 0,5 l su, 75 mq kofein, 500 mq taurin, şəkər, qlükoza, qlükoronolakton, rəngverici, aromatizator, limon duzu, duzluluğu tənzimləyici, karbon 4 oksid və bəzi vitaminlər var. Tibbi araşdırmalar göstərir ki, televiziyaların “qanadlandırıcı” kimi reklam etdiyi adlarını çəkdiyiniz içkilər əslində daha çox, insanı öldürür. Onların insana əlavə enerji verməsi ilə bağlı iddialar yanlışdır. Yəni, əslində bu içki insana enerji vermir, onun daxilindəki enerji ehtiyatını xərcləyir. Gec-tez biz bu enerjini yorğunluq, yuxusuzluq, əsəb və depressiya şəklində faizlə geri qaytarırıq. Aminturşular, karbon oksid, mineral və vitaminlərə gəlincə isə, onlar enerji sərfinin bir hissəsini ödəyir. Alkoqolsuz energetik içkilərində sintetik kofeinin miqdarı gündə istifadəyə icazə verilən 150 mq dozadan yuxarı olub, 320 mq/l-a qədər təşkil edir.
İstənilən başqa stimulyator kimi, kofein də əsəb sisteminin gərilməsinə gətirir. Onun təsiri orta hesabla 3-5 saat qalır. Bundan başqa, kofein insanda asılılıq yaradır. Mümkün dozanın aşılması halında əlavə təsirlər meydana çıxır: taxikardiya, əsəbilik psixoloji gərginlik və depressiyaya səbəb olur.
– “McDonald’s” və KFC kimi məşhur restoranlarda daha çox fastfood verilir. Belə yerlərdə qidalanma sağlamlıq üçün təhlükəlidirmi?
– Fastfood yeməkləri konkret olaraq zəhərdir. Hətta iki kəlimə ilə deyərdim ki, fastfood yeməkləri genetik silahdır…