Heydər Əliyev və Azərbaycan dili

771

1969-cu ildən Heydər Əliyev Azərbaycana rəhbər təyin olunduğu gündən xalqımızın ictimai -siyasi,  sosial -iqtisadi, mədəni həyatında yeni mərhələnin əsası qoyuldu.

Əsaslı dəyişikliklər bütün sahələri əhatə etdiyi kimi dilimizdən də yan keçmədi. Heydər Əliyevin dahiliyi doğma dilə, vətənə, xalqa sevgidən qüvvət almışdır. O, dilimizin bütün leksik, fonetik xüsusiyyətlərini incəliklə tətbiq edən dahi şəxsiyyət olub.  Heydər Əliyev hələ ölkəmizdə xüsusi xidmət orqanlarında işləyəndə bəzi manqurt təfəkkürlü insanların dilimizə olan münasibətini bilirdi. Hakimiyyətə gəldikdən sonra Ümumilli liderimiz Azərbaycan dilinin varlığını, sarsılmış mövqeyini özünə qaytarmaq üçün çox böyük işlər gördü.

Hamıya yaxşı məlumdur ki, XX əsrin 70-ci illərində ölkəmizdə rus dili hökmran idi. 1970-ci ildə Heydər Əliyev Universitetin yubileyində (başqalarından fərqli olaraq) Azərbaycan dilində çıxış etdi. Heydər Əliyevin bu çıxışı böyük səs-küyə səbəb oldu. Bu çıxış ictimai fikirdə böyük dəyişiklik yaratdı. Xalqın ana dilinə olan sevgisi özünə qayıtdı.

Dilimiz bütün sahələrdə geniş tətbiq edilməyə başladı.

Həmin dövrdə qəbul edilmiş konsitutsiyada (27 aprel 1978) Heydər Əliyevin cəsarəti və qətiyyəti sayəsində keçmiş SSRİ bir neçə respublikada olduğu kimi bizim respublikamızda da Azərbaycan dili dövlət dili statusu qazandı. Bu, Heydər Əliyevsiyasətinin böyük uğuru idi. Onu da qeyd edim ki, keçmiş ittifaq respublikalarında dil məsələsi həmişə gündəmdə olurdu. Məqsəd milli dillərin sıxışdırılması və ruslaşdırma siyasətinin ön plana çəkilməsi idi.

Belə bir şəraitdə ana dilinin təbliği böyük cəsarət tələb edirdi. XX əsrin 30-cu illərində bu təbliğatı aparan şəxslər ya güllələnir, ya da Sibirə sürgün edilirdilər. Ciddi qadağalara baxmayaraq o vaxt Azərbaycan Respublikasının rəhbəri olan Heydər Əliyev dil  məsələsində cəsarət və qətiyyət nümayiş etdirirdi. Məhz həmin bu dövrdə ana dilimizdə nəşr edilən bədii kitabların, qəzet və jurnalların sayı gündən-günə artırdı. Həmin illərdən başlayaraq itirilmiş mənəvi dəyərlərimiz, tarixi keçmişimiz özümüzə qaytarıldı. Heydər Əliyevin tapşırığı ilə böyük həcmli əsərlər yazılırdı.

“Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini yaşadan, inkişaf etdirən onun dilidir”- deyən Ümumilli Lider 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konsitutsiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış etdi və təklif etdi ki, 73-cü maddə  redaksiyada verilsin: “ Azərbaycan Sovet Sosialist Respunblikasının dövlət dili Azərbaycan dilidir”. Ulu öndərin bu təklifi gələcək Suveren Azərbaycan Respublikasının milli dövlətçiliyinin vacib rəmzlərindən birinin qorunması idi.

Milli dil uğrunda mübarizə bununla bitmədi. Milli dilimizin gənc nəslə aşılanması, öz xalqının milli maraqlarınıgüdən yeniyetmə və gənclərin tərbiyə olunması millətimizi birləşdirən, ana dilimizi yaşadan bir məsələ kimi ön plana çəkildi. Konsitutsiya haqqında  çıxışlarının birində ulu öndər demişdir: konsitutsiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq hüququ ilə təmin olunur.

Bəzi soyadı, adı azərbaycanlı olanlardan fərqli olaraq Heydər Əliyev dəfələrlə yüksək tribunalardan səsləndirmişdir: “Mən fəxr edirəm ki azərbaycanlıyam”.

Qeyd etmək lazımdır ki, müstəqilliyimizin ilk illərindən başlayaraq Heydər Əliyev həmişə ana dilində danışır və doğma dilimizə siyasi mövqe qazandırırdı.

1995-ci ildə Azərbaycan Respublikasının konsitutsiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürmüşdür. Bu təkliflərin çoxunda dilimizin Azərbaycan dili adlandırılması təklifi irəli sürülürdü. 1995-ci ildə qəbul edilmiş konstitutsiyamızın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır.

Azərbaycan dilinin inkişaf dövrünü nəzərə alaraq 2001-ci il iyunun 18-də  Heydər Əliyev “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında “fərman imzaladı. Bu tarixi fərman Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması baxımından böyük əhəmiyyət daşıyırdı. Bu fərmana əsasən “Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası” yaradıldı. Xalqın dilini yaşatmaq , inkişaf etdirmək, onu dünya mədəniyyəti səviyyəsinə qaldırmaq ideyasını əsas tutan Heydər Əliyev ardıcıl olaraq müxtəlif fərman və sərəncamlar imzalayırdı. “2001-ci il 9 aprel fərmanı ilə Azərbaycan əlifbası və Azərbaycan dili günü “ təsis edildi.

Müxtəlif tədbirlərdə, qurultaylarda, təhsil ocaqlarının açılışlarında , tələbələrlə görüşlərində həmişə bu dilə bağlılığını nümayiş etditən Heydər Əliyev, Sovet hakimiyyəti illərindən  başlayaraq bu dili qorudu, inkişaf etdirdi və zənginləşdirdi. Ona görə də bu dil durduqca, yaşadıqca Heydər Əliyev dühası da əbədi yaşayacaqdır. Azərbaycan xalqı bundan sonrakı yüz illər ərzində dahi şəxsiyyət  Heydər Əliyevi  hörmət və ehtiram hissi ilə  xatırlayacaqdır. Ümumilli lider gənclərimizə tövsiyə edirdi ki, rus, ingilis, ərəb, fars dillərini yaxşı bilsinlər. Eyni zamanda qeyd edirdi ki, amma bunların hamısından yaxşı öz Azərbaycan dilimizi yaxşı öyrənin.

Bu ənənəyə sadiq qalan Heydər Əliyev yadigarı – Müzəffər Ali Baş Komandanımız İlham Əliyev nəinki Azərbaycan dilində səlis və sərbəst danışır, həm də inkişaf  etmiş dünya dillərinin çoxunu çox gözəl və dərindən bilir. Ölkə başçımız cənab İlham Əliyev də dilimizin inkişafı, qorunub saxlanılması, dünya dilləri ilə eyni səviyyədə olması üçün müntəzəm olaraq fərman və sərəncamlar imzalayır.

 

Ruxsarə Məmmədova, Əməkdar müəllim

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər