Humanizm və xeyirxahlıq, dövlətə və xalqa layiqli xidmət missiyası

793

Yüksək humanizmi, xeyirxahlığı və nəcibliyi, bənzərsiz ictimai fəaliyyəti ilə təkcə Azərbaycanda deyil, dünyada böyük hörmətə malik olan Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyəti olduqca qürurvericidir. Prezident İlham Əliyevin ən yaxın və sadiq silahdaşı olaraq Birinci vitse-prezident Mehriban Əliyevanın ölkəmizdə sosial, humanitar və iqtisadi siyasətin həyata keçirilməsində böyük əməyi vardır.

Birinci vitse-prezident kimi fəaliyyəti dövründə Mehriban xanım Əliyeva qısa müddətdə özünün peşəkarlığı, zəngin təcrübəsi, hadisələrə geniş baxışı ilə Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhifəsini açmış oldu. Bu da öz növbəsində  idarəetmədə qadınların rolunun artmasına səbəb oldu. Mehriban xanımın fəaliyyəti maarifçilikdən səhiyyəyə, idmandan mədəniyyətimizin təbliğinə, xeyriyyəçilikdən ətraf mühitin qorunmasına qədər geniş bir sahəni əhatə edir.

Ötən dövr ərzində Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə təhsillə bağlı bir çox mühüm layihə və proqramlara start verilib. Bunların arasında “Yeniləşən Azərbaycana yeni məktəb” proqramını xüsusilə qeyd etmək lazımdır. Bu proqramın reallaşdırılması nəticəsində ölkəmizdə 3000 -dən çox məktəb əsaslı təmir olunub və ya yenidən tikilib.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ümumi təhsil müəssisələrinin infrastrukturunun modernləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görülmüş, son 5 ildə 600-dən çox, 2003-2018 -ci illərdə isə 3200-dən çox məktəb binası tikilmiş və ya əsaslı təmir edilmişdir.

Azərbaycanda təhsilin inkişafına çox həssas yanaşan Mehriban xanımın təşəbbüsü ilə Fond təhsil sahəsində “İnternat məktəblərinin inkişaf proqramı”, “Təhsilə dəstək” kimi proqramlarını da həyata keçirərək dövlətin təhsil siyasətinin reallaşmasına mühüm töhfələr vermişdir.

Bu layihələr həyata keçirildikdən sonra, hətta ölkənin ən ucqar bölgələrində belə məktəblər tikilərək istifadəyə verildi. İlk dəfə olaraq ucqar kəndlərdə modul tipli məktəb təcrübəsi tətbiq edildi, 2017-2018-ci illərdə 243 belə məktəb şagirdlərin istifadəsinə verildi. Bu məktəblər müasir tələblərə cavab verən bütün zəruri avadanlıqlarla təchiz edildi və bununla da bütün ölkədə təhsilə çıxış təmin edildi. Həyata keçirilən tədbirlər nəticəsində 1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşdırıldı.

Təkcə 2020-2021-ci tədris ilində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə ölkəmizdə 62 təhsil müəssisəsi tikilib və əsaslı təmir edilib.

Müasir məktəblərin inşası, tədris prosesində normal şəraitin yaradılması, son illərdə təhsilin keyfiyyətinin yüksəldilməsi Azərbaycan təhsilinin beynəlxalq təhsil məkanına inteqrasiyasını gücləndirmişdir. Bütün bunlar Azərbaycan məktəblilərinin uğurlarının əsas qarantına çevrilmişdir.

 Xüsusi qayğıya ehtiyacı olan insanların təhsil hüququ təmin edilir.

Xüsusi qayğıya ehtiyacı olan şəxslərin təhsili və inkişafı fəaliyyətimizin əsas prioritetlərindən biridir. Bu kateqoriyadan olan uşaqların təhsil hüququnu və cəmiyyətə inteqrasiyasını təmin etmək üçün Heydər Əliyev Fondunun və UNICEF-in dəstəyi ilə “2018-2024-cü illərdə Azərbaycan Respublikasında əlilliyi olan şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” hazırlanıb və təstiq edilib. Bu proqramın icrasına 2018-ci ildən başlanılıb.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili və inkişafı sahəsində əvəzsiz xidmətlər göstərmişdir. Belə ki, fond sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olan uşaqların təhsilinin təşkili, müəssisələrinin infrastrukturunun modernləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görmüşdür.

Ölkədəki bütün internat və xüsusi məktəblər əsaslı təmir edilib və ya yenidən qurulub, ən son avadanlıqlarla təchiz edilib, əlilliyi olan şəxslər üçün əlverişli təhsil mühiti yaradılıb.

Mehriban xanım Milli Olimpiya Komitəsinin və İcraiyyə Komitəsinin üzvü, eləcə də Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi böyük işlər görmüş və Azərbaycanda idman hərəkatının dayanıqlı olmasına əvəzsiz töhfələr vermişdir.

Yeni istifadəyə verilən orta məktəblərin və məktəbəqədər təhsil müəssisələrin idman zalları ilə təchiz edilməsi, futbol meydançalarının, yeni salınan parklarda mini stadionların, idman qurğularının istifadəyə verilməsi, yeni şahmat məktəblərinin, idman komplekslərinin tikilməsi Azərbaycanda idman hərəkatının genişlənməsi ilə nəticələnmişdir.

Ölkəmizdə gimnastika üzrə Dünya Kubokunun, müxtəlif çempionat və turnirlərin, Birinci Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirilməsi Mehriban Əliyevanın adı və yüksək təşkilatçılıq bacarığı ilə bağlıdır. Bu beynəlxalq yarışlar ölkəmizin həm mədəniyyət, həm də idman nüfuzunu bütün dünyada yüksəltdi, Azərbaycanı idman ölkəsi kimi təqdim etdi və ölkəmizə böyük turist axınına səbəb oldu.

Mehriban xanım Əliyevanın digər sahələrdəki təşəbbüsləri ilə yanaşı ölkəmizdə böyük ekoloji layihələr də icra olunmuşdur. Mehriban xanımın təşəbbüsü ilə 2007 -ci il Novruz bayramı ərəfəsində başlanan “Hamıya bir ağac əkək” aksiyası bu gün də uğurla davam edir.

Aksiya başladıqdan sonra vətəndaşlar, ölkənin bütün şəhər, rayon və kəndlərində müxtəlif idarə və müəssisələrin işçiləri bu təşəbbüsə dəstək olaraq yaşıllaşdırma kampaniyasına qoşulublar. Ətraf mühitin yaxşılaşdırılmasına və ekoloji problemlərin həllinə kömək edən bu layihə çərçivəsində ölkənin hər yerində yüz minlərlə ağac əkilmiş, yeni park və bağlar salınmışdır.

Təkcə 2020 -ci ildə, Nəsimi ilində Mehriban Əliyevanın ideya və təşəbbüsü ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə 650 min ağac əkildi. Heydər Əliyev Fondu və onun rəhbəri Mehriban xanım Əliyeva müntəzəm olaraq keçirilən ağacəkmə kampaniyalarının, Xəzər dənizinin ətraf mühitin mühafizəsi tədbirlərinin və şəhərlərimizdəki yaşıllıq layihələrinin əsas təşəbbüskarları və iştirakçılarıdır.

Azərbaycanın xarici siyasətində Mehriban xanım Əliyevanın mühüm missiyası ölkələrarası dostluq münasibətlərinin qurulmasıdır. Bu baxımdan Birinci vitse-prezident Mehriban Əliyevanın Fransa, İtaliya, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrin birinci xanımları və ya dövlət idarəetməsində yüksək vəzifə tutan xanımları ilə keçirdiyi görüşlər və əməkdaşlıq etdiyi müxtəlif platformalar xüsusi əhəmiyyət kəsb edir. Mehriban Əliyevanın bu fəaliyyətini təkcə Azərbaycan dövləti deyil, bizimlə əməkdaşlıq etməkdə maraqlı olan xarici liderlər də qeyd edirlər.

Bu gün ictimai-sosial həyatımızın elə bir sahəsi yoxdur ki, Mehriban xanımın diqqətindən kənarda qalsın. Yəni xeyirxahlıq, humanizm, səmimiyyət, insansevərlik, vətəndaş təəssübkeşliyi, Ulu Öndər Heydər Əliyev ideyalarına bağlılıq, milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin, tariximizin qorunması və təbliği və digər fəaliyyət istiqamətləri Birinci vitse-prezidentin həyat amalına çevrilib və zaman-zaman bu fəaliyyət daha geniş sahələri əhatə etməkdədir.

Mehriban xanım Əliyevanın ölkədəki xeyirxahlıq, mərhəmət və insanpərvərlik nümunəsi olan humanitar missiyası dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş və Mehriban xanım Azərbaycanın ən ali dövlət mükafatlarına – “Heydər Əliyev” ordeninə və Heydər Əliyev Mükafatına layiq görülmüşdür.

Mehriban xanım Əliyeva bir sıra xarici ölkələrin ali dövlət mükafatlarına da layiq görülmüşdür. Mehriban xanım Əliyeva, eyni zamanda, Rusiya Federasiyasının İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru, Bolqarıstanın Müqəddəs Kiril və Mefodi adına VelikoTırnovo Universitetinin fəxri doktoru seçilmişdir. BÜtün bu mükafatlarla yanaşı deyə bilərik ki, Mehriban xanım Əliyevaya ən böyük mükafat Azərbaycan xalqının məhəbbətidir.

İsmayılova Sədaqət, Əməkdar müəllim

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər