İki il öncə düşmən tapdağından azad olunan Cəbrayıl sürətlə bərpa olunur

451

Cəbrayıl rayonu Azərbaycan Respublikasının cənubunda Kiçik Qafqaz dağlarının cənub Şərqində, Araz çayının sol sahilində, cənub tərəfdən İran İslam Respublikası, cənub-qərbdən Zəngilan, qərbdən Qubadlı, Şimaldan Xocavənd, Şərqdən isə Füzuli rayonları ilə həmsərhəddir.

Cəbrayıl rayonu Azərbaycanın tarixi abidələri, eyni zamanda dini təyinatlı abidələri ilə zəngin rayonlarından hesab olunur. Cəbrayıl rayonunda müxtəlif türbələr – Dağtumas kəndində XIII-XVI əsrlərə aid türbə, Şıxlar kəndində yerləşən Şıxbaba türbəsi (XIV əsr), Xubyarlı kəndində XVI əsrə aid səkkizguşəli türbə və onlarla başqa tarixi-dini memarlıq nümunələri vardır. “Canqulu” və “Qumtəpə”kurqanları, Tatar kəndi yaxınlığındakı Qızılqaya dağındakı Sigeon tikintisi, Şıxlar kəndi yaxınlığında “Şəhərcik qalıqlar”, “Qışlaq yerləri”, Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji, Dağtumas kəndindəki “Başıkəsik Gümbəz” Sirik kəndindəki “Qala”, “Qala”, Diri dağındakı “Qız qalası”, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki “Dairəvi” 8 guşəli türbələr və məqbərələr , türk  qəbiristanlığındakı türbə və məqbərələrin hər biri nəsildən-nəsilə ötürülmüş canlı tarixdir.

Vahid Azərbaycan rəmzi kimi qəbul edilən Xudafərin körpüsü də Cəbrayıl rayonunda yerləşir. Bu körpü haqqında ilk məlumat VIII-IX əsrlərə aiddir. Xudafərin körpüsü Cənubi Azərbaycanla Şimali Azərbaycanın orta əsr şəhərlərini birləşdirən, karvan yolunun üstündə tikilib. O, həm də mühüm hərbi-strateji əhəmiyyət daşıyır.

Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri  tərəfindən işğal  edilmişdi. İşğal zamanı  Cəbrayıl rayonu  1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. İşğala məruz qalarkən rayonun 52 min nəfər əhalisi olub. Cəbrayıldan Birinci Qarabağ müharibəsində 362 nəfər şəhid, 191 nəfər əlil olub. Rayonun 6 sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

İşğaldan əvvəl rayonda 72 orta və natamam məktəb, 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10 mədəni çadır və avtokulub, 78 kitabxana, 3 daimi, 4 səyyar kinoqurğusu fəaliyyət göstərirdi. Zəngin ekspanatları olan tarix – diyarşünaslıq muzeyi vardı. Əhaliyə 210 çarpayılıq mərkəzi xəstəxana və ümumi çarpayı sayı 245 yer olan kənd xəstəxanaları, Dağ Tumas, Quycaq, Balyand kəndlərində 11 həkim, 52 feldşer – mama məntəqəsi sakinlərə xidmət göstərirdi. İnsanların yeganə gəlir yeri torpaq idi.

İşğal nəticəsində Cəbrayıl rayonunun  tarixi-mədəni abidələrinə,infrastrukturuna ciddi ziyan dəymişdir.  Cəbrayıllılar doğma-yurd yerlərindən didərgin salınmış, məcburi köçkün həyatı yaşamış,Azərbaycanın müxtəlif bölgələrində qaçqın düşərgələrində yaşamağa , yataqxana və vaqonlarda nəskunlaşmağa məcbur qalmışlar.

Qüdrətli Azərbaycan ordusu və Ali baş Komandan cənab İlham Əliyevin düzgün siyasəti nəticəsində Qarabağa qayıdış Cəbrayıl rayonundan başladı. 2016-ci ilin aprelində Azərbaycan Ordusu ermənilərin təxribatına layiqli cavab verməklə tariximizə daha bir şanlı səhifə yazdı. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu əks-hücum əməliyyatı nəticəsində hektarlarla torpağımız, o cümlədən Lələtəpə yüksəkliyi işğaldan azad olundu. Bu qələbə xalqı böyük qələbəyə daha da ruhlandırdı. Prezidenti sərəncamı ilə Cocuq Mərcanlı kəndində yeni yaşayiş zonalarlı salındı. Infrastruktur bərpa olundu. Əhalinin köçməyi üçün bütün zəruri tədbirlər görüldü. Cəbrayıllılar doğma torpağa qayıtmağın sevincini yaşadılar.

Azərbaycan xalqı qədim xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında Cəbrayılın azad edilməsi xüsusi əhəmiyyət daşıyır. 2020-ci ilin oktyabrın 4-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev  xalqa müraciətində Cəbrayıl şəhəri  və rayonun daha 9 kəndinin işğaldan azad olunduğunu elan edib.

2020-ci il noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna gəldi. İlham Əliyev Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırdı. Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti var. Xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan Xudafərin həm də milli qürur simvoludur.

Cəbrayıl rayonunun azad edilməsi uğrunda döyüşən, canından keçən qəhrəman oğullarımızı xalqımız və dövlətimiz unutmur, onların sücaəti yüksək qiymətləndirilir. 2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis edilib. Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22744 hərbi qulluqçusu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.  “Cəbrayılın azad olunmasına görə “ medalı ilə Anar Qorçuyev, Ceyhun Rzayev, Elvin İsgəndərov,Elçin Əzizov,Əli Hüseynov, Cabir Traverdiyev,Bəxtiyar İslamov və başqa qəhrəman Oğullarımız təltif edilib. Hər bir Şəhidimiz Zəfər tarixini öz qanları ilə tarixin şanlı səhifəsinə çevirdi.

Bütün Cəbrayı l əhalisi və Azərbaycan xalqı səbirsizliklə torpaqlarımızın azad olunacağı günü gözləyirdilər. İnsanlarımızda bu günün gələcəyinə inam itməmişdi. Azərbaycanın qüdrətli oğlu Ali baş komandan İlham Əliyevin uzaqgörən siyasəti  və yenilməz Azərbaycan ordusunun şücaəti ilə Cəbrayıllılar öz doğma torpaqlarına qovuşdu.

Oktyabrın ilk günləri Cəbrayılın bir çox kəndləri müzəffər ordumuz tərəfindən azad edildi, oktyabrın 4-də isə Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan günlərdən biri oldu-Cəbrayıl şəhəri azad edildi. 4 oktyabr bütün cəbrayıllıların həyatının unudulmaz gününə çevrildi. 27 illik həsrətə son qoyuldu. Torpaqların azad olunmasından dərhal sonra Prezidentin Qarabağa səfərləri başladı.  İlk səfəri çəçivəsində Dövlət başçısı Cəbrayıl rayonunda oldu. Bir çox dövlət əhəmiyyətli obyektlərin açılış və təməlqoyma mərasimlərində iştirak etdi.

Prezident İlham Əliyev “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin təməlqoyma mərasimində iştirak edib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi torpaqlarımızın işğaldan azad edilməsi kənd təsərrüfatı texnikasına, eləcə də digər texnikalara və texniki xidmətlərə tələbatı artırıb. Bu baxımdan Qarabağ bölgəsində yük avtomobilləri və kənd təsərrüfatı texnikaları üçün “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin yaradılması xüsusi əhəmiyyət daşıyır. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yaradılacaq regional servis mərkəzinin ümumi ərazisi 1,5 hektar olacaq. Ərazidə satış zalı, maliyyə xidmətləri şöbəsi, xidmət bürosu, menecer şöbələri, təmir zonası ustalarının ofisləri və ehtiyat hissələri anbarının yerləşəcəyi inzibati bina, yük avtomobilləri və kənd təsərrüfatı texnikalarına xidmət üçün qulluq blokları, təmir sexləri, avtoyuma və dayanacaq fəaliyyət göstərəcək. Mərkəzdə “KamAZ” ilə yanaşı, digər yük avtomobilləri, eləcə də kənd təsərrüfatı texnikalarına, o cümlədən traktor və kombaynlara texniki servis xidməti göstəriləcək. Burada 36 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Cəbrayıl rayonunda 110/35/10 kilovoltluq “Cəbrayıl” yarımstansiyasının açılışı olub. “Cəbrayıl” yarımstansiyası, ilk növbədə, bu rayonda yerləşən hərbi obyektləri, yeni yaradılan sosial-iqtisadi infrastruktur layihələrini, eləcə də rayonun ümumi şəhərsalma konsepsiyasına əsasən, Cəbrayıl şəhərini və bütövlükdə rayonun bütün kənd-qəsəbələrini elektrik enerjisi ilə təmin edəcək.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev  Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışını edib. Hərbi hissənin silah və döyüş texnikası arsenalına “Harop” və “Quzğun” zərbəendirici pilotsuz uçuş aparatları, tank əleyhinə dəzgahlı qumbaraatanlar, tank əleyhinə idarə olunan raketlər, 120 millimetrlik və 82 millimetrlik minaatanlar, zenit qurğuları və digər müasir silah sistemləri, atıcı, qrup və snayper silahları, müşahidə və gecəgörmə cihazları, termal qurğular və nişangahlar, xüsusi təyinatlı avadanlıqlar, həmçinin zirehli transportyorlar, yüksək keçidli avtomobillər, zirehli döyüş maşınları daxil edilib.

Prezident  İlham Əliyev  Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının təməlqoyma mərasimində iştirak edib. Baş Plan layihəsinə əsasən şəhərin cənub hissəsində yerləşəcək yeni xəstəxananın ümumi ərazisi 2,6 hektardır. 150 çarpayılıq xəstəxana binasında yoluxucu xəstəliklər korpusu və bir sıra texniki təyinatlı binalar olacaq. Burada rayon sakinlərinə yüksək səviyyədə tibbi xidmət göstərmək üçün hər cür şərait yaradılacaq. Beləliklə, öz doğma yurdlarına qayıdacaq rayon sakinləri bu tibb ocağının istifadəyə verilməsi ilə hərtərəfli tibbi xidmətlə əhatə olunacaqlar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  Cəbrayıl şəhərində akademik Mehdi Mehdizadə adına tam orta məktəbin təməlqoyma mərasimində iştirak edib. 960 şagirdin təhsil alacağı yeni məktəb binasında hər cür inventarla təchiz olunmuş sinif otaqları, fənn kabinetləri fəaliyyət göstərəcək. Məktəbin həyətində geniş idman meydançası tikiləcək ki, bu da sağlam nəslin yetişməsi üçün vacib amillərdəndir. Bir sözlə, doğma torpaqlarına geri dönən cəbrayıllı şagirdlər ən müasir tələblərə cavab verən təhsil ocağında oxuyacaqlar. 145 yaşlı bu tam orta məktəblə yanaşı, Cəbrayıl şəhərində daha 3 məktəbin tikilməsi də nəzərdə tutulur.

Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməlqoyma mərasimi keçirilib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. 10,5 hektar ərazini əhatə edən yaşayış məhəlləsi mərhələli şəkildə tikilib istifadəyə veriləcək. İlk mərhələdə 5 bina tikiləcək və buraya 200-ə yaxın ailə, yəni 654 sakin köçürüləcək. Məhəllədə 4, 5 və 6 mərtəbəli yaşayış, o cümlədən digər təyinatlı binalar olacaq. Bu məhəllədə və ümumiyyətlə, şəhərin mərkəzində tikiləcək binaların fasad və eyvanlarına tarixilikləri qorunmaqla, müasir görkəm veriləcək.

Qazanılmış qələbədən 2 il keçməsinə baxmayaraq dövlət başçısı Ali baş komandan İlham Əliyevin işğaldan azad olunmuş torpaqlara mütəmadi səfərləri, tez bir zamanda Qarabağda həyatın bərpasına zəmin yaradır. Prezident Qarabağda o cümlədən Cəbrayıl rayonunda əhalinin yaşayışının  yüksək səviyyədə təmin olunması üçün bütün zəruri addımları atır. Asfalt yolların çəkilişi,yaşayış binalarının.xəstəxanaların, hərbi hissələrin və başqa infrastruktur obyektlərinin tikilməsi Qarabağa həyatın qayıtmasına təkan verəcək.

Yeganə Əhmədova, Əməkdar mədəniyyət işçisi

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər