İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir

1470

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışları həm tarixi, həm də siyasi mahiyyətinə görə olduqca önəmlidir. Bu çıxışları xalqımızın psixoloji və mənəvi hazırlığı baxımından, düşmən üzərində əsaslı qələbə və üstünlük əldə etməyimiz üçün yürüdülən uğurlu siyasi gediş olaraq dəyərləndirsək, yanılmarıq. Düşmənə qarşı mübarizə yalnız siyasi və hərbi sferada yox, eyni zamanda bütün dünyada aparıcı dövlətlərin durmadan istifadə etdiyi təbliğat mexanizmi kimi çox təsirli, eyni zamanda milyonlarla insana təsir edəcək və onları yönəldə biləcək qüvvəyə malik olan uğurlu vasitədir.İnformasiya müharibəsi adlanan bu vasitə müasir dünyamızın ən güclü silahıdır.

Uzun illərdir ki, öz haqq səsimizi dünyaya çatdırmaq, real vəziyyəti olduğu kimi təqdim etməyə çalışsaq da məhz yanlış və böhtan üzərində qurulmuş düşmənin təbliğat maşını xalqımızın məruz qaldığı işğal faktını, təəssüflər olsun ki, görməzdən gələn acımasız bir dünya ilə bizi üz-üzə qoymuşdur. Məhz bu nöqteyi-nəzərdən məsələyə yanaşsaq, möhtərəm prezidentimizin bir başa özünün informasiya mənbəyi olaraq çıxış etməsi yuxarıda qeyd etdiyimiz kimi, həmin təbliğat maşınının bizim xeyrimizə işləməsinə, dünyanın doğru istiqamətdə məlumatlandırılmasına səbəb olmuşdur. İnformasiya müharibəsində atılan addımların düzgün hesablanması II Qarabağ savaşında müstəsna rol oynadı. Möhtərəm prezidentimiz İlham Əliyevin çıxışları yalnız Azərbaycan xalqına yox, eyni zamanda dünyaya bir mesajdır.

Bu baxımdan Prezident İlham Əliyevin 2021-ci il, 14 iyul tarixində Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlilləri ilə görüşü zamanı I və II Qarabağ müharibəsi və onun gedişi barədə söylədiyi fikirlər olduqca əhəmiyyətlidir. Azərbaycan Ordusunun şanlı qələbəsinə müxtəlif prizmalardan yanaşaraq bu tarixi ədalətin bərpa olunmasının biz azərbaycanlılar üçün nə qədər önəm kəsb etməsini xüsusi olaraq vurğuladı. Azərbaycan hərb tarixində inanılmaz bir dönüş etdi. Bu uğurun əsas səbəblərindən birinin məhz Vətən sevgisi olduğunu qeyd edən Ali baş komandan həmçinin Vətən uğrunda şəhid olmuş qəhrəman oğullarımızın qisasının məhz hərb meydanında alınmasının həmin Şəhidlərimizin doğmaları üçün təsəlli olduğunu, eyni zamanda düşmən üçün sarsıdıcı zərbə olaraq dəyərləndirdi. Azərbaycanın mərd oğulları, doğrudan da meydanda tarix yazdılar. Azərbaycan Respublikası dövlət olaraq hər zaman qanı bahasına şərəfli qələbəni xalqımıza yaşadan bu cəsur oğullara və onların ailə üzvlərinə hər vasitə ilə dayaq olacaq, onların bütün ehtiyaclarını qeyri-şərtsiz ödəyəcək. Bu dayağın bariz nümunəsi həm I Qarabağ münaqişəsi zamanı,həm də II Qarabağ savaşında xəsarət almış, və yaxud şəhid olmuş hərbçilərimizə və onların ailə üzvlərinə göstərilən həm maddi, həm də mənəvi-psixoloji dəstəyi göstərə bilərik.

Ölkəmizdə istər şəhid ailələri, istərsə də müharibə əlilləri hər zaman dövlətin himayəsindədir. Son illər bu bu istiqamətdə bir çox işlər həyata keçirilib. Dövlət 10 min şəhid ailəsinə və müharibə əlillərinə mənzillər və fərdi evlər verib. Bu proses bu gün də davam edir.

2020-ci ildə Azərbaycan bu istiqamətdə ən böyük nəticələrə imza atdı – 1572 şəhid ailəsi və Qarabağ qazisi ev və mənzillərlə təmin edildi. Ölkə başçısı bəyan etdi ki, bu il təxminən 3000 şəhid ailəsinə, müharibə əlillərinə evlər veriləcək. Artıq bu kateqoriyadan olan 1300-dən çox ailə mənzillərlə təmin olunub. Eyni zamanda, uzun illərdir ki, Qarabağ qazilərinə fərdi avtomobillər verilir. Ümumilikdə 7200 avtomobil artıq təqdim olunub

Azərbaycan Ordusunun göstərdiyi rəşadət dünya hərb sahəsində də öyrənilən, hərbi məktəblərin tədris proqramlarına salınacaq hərbi təcrübənin öyrənilməsi ordumuzun gücünün və hərb sahəsindəki uğurunun nəticəsidir.

Əlbəttə, biz doğma torpaqlarımızı 44 gündə azad etsək də bu tarixi savaşa 30 ildir ki, hazırlaşan gənc nəsil yetişmişdir. O nəsil ki, nə Qarabağ torpağına ayaq basmış, nə də havasını duymuşdu. Lakin əsgər çəkmələri ilə ulu babaların yurd yerinə qəlblərində Vətən həsrəti və sevgisi ilə ayaq basdılar. Məhz bu həsrət və sevgi  dastanlara yazılacaq qəhrəmalıq sərgiləməyə səbəb oldu. Ali Baş Komandanın dediyi kimi:

“Düşmən strateji cəhətdən bizdən üstün idi. Bütün yüksəkliklər, əlverişli yerləşmə, mühəndis istehkamlarıhamısı onlarda var idi, olmayan tək bir şey – Vətən sevgisi idi”

Azərbaycan xalqı tarix boyu müharibə və savaşlardan keçmişdir. Hər dəfə öz külündən doğulmuş, var olmuşdur. “Onu məhv etdim”,- deyənlər sevinməsinlər. Bu xalq ən çətin sınaqlardan məhz cəsur, mərd və fədakar övladları sayəsində uğurla keçmiş, tökülən müqəddəs qanlarla suvarılan bu torpaq dəyərinə dəyər qatıb.

Hər çətin tarixi şərait öz qəhrəmanını yetişdirir. Bu qəhrəmanlar həm siyasi, həm də hərbi xidmətləri ilə xalqın şərəfli tarixini yazıb. Bu gün də Azərbaycan xalqının qəhrəmanları həm hərb meydanında, həm də siyasi-diplomatik sahədə Azərbaycan tarixinin qızıl səhifələrini yazdılar. Azərbaycan xalqı öz rəhbərinə və ordusuna güvənir. Güclü ordu, güclü dövlət deməkdir.

Güclən! Şir ürəkli oğulları ilə tarix yazan, məğrur ordum! Güclən! Siyasi iradəsi, müdrik qərarları ilə bizə qələbə sevincini yaşadan, uzaqgörən rəhbər! Siz güclü olun ki, Azərbaycan da güclənsin.

Dövlət başçısının ətrafında bir yumruq kimi birləşib düşmənə “Dəmir yumruğunu” göstərən xalq heç vaxt məğlub olmaz! Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ikinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir və bu şanlı Qələbə Azərbaycan xalqının tarixində əbədi qalacaq.

Təranə İsayeva, Sumaqyıt şəhər 36 nömrəli tam orta məktəbin müəllimi

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər