İlham Əliyev – Müzəffər Ali Baş Komandan!

688

Ulu öndər Heydər Əliyevin keçdiyi həyat yolu, bizə və gələcək nəsillərə miras qoyduğu mənəvi irsi misilsiz sərvət və əvəzsiz nümunədir. Yalnız Azərbaycan xalqının deyil, bütün türk dünyasının fəxri olan bu böyük insanın gördüyü işlər, söylədiyi fikirlər haqqında hələ çox danışılacaq, fikirləri haqqında çoxlu əsərlər yazılacaq. Heydər Əliyevin həyata keçirdiyi hər bir layihə, atdığı hər bir addım Azərbaycan dövlətinin müstəqilliyinin əbədi və dönməz olmasına xidmət etmişdir. Heydər Əliyev irsinin layiqli varisi Prezident cənab İlham Əliyevin hələ 1998-ci ildə keçirilmiş prezident seçkilərinin yekunları ilə bağlı verdiyi bir müsahibəsində dediyi sözləri xatırlatmaq yerinə düşərdi. Cənab İlham Əliyev deyirdi: “Mən Prezidentə xalqın məhəbbətini, xalqın inamını öz gözümlə gördüm, çünki Prezidentin bütün bölgələrə səfərlərində mən onun yanındaydım. Mən bildim ki, xalq Heydər Əliyevə inanır, Heydər Əliyevi dəstəkləyir və Heydər Əliyevi sevir”.

Həmin müsahibəsində cənab İlham Əliyev 1998-ci ili 1993-cü illə müqayisə edərək onda Azərbaycan ictimaiyyətini tamam başqa problemlərin narahat etdiyini, gündəlikdə tamam başqa məsələlərin durduğunu bildirirdi. Cənab İlham Əliyev hələ o zaman inamla qeyd edirdi ki, 2003-cü ilə qədər iqtisadi və sosial problemlərin bir çoxu öz həllini tapacaq və 2003-cü ildə gündəlikdə tamam başqa məsələlər duracaq.

Heydər Əliyevin 2003-cü ilə qədər gördüyü əsas işləri saymaqla qurtarmaq olmasa da, burada ilk növbədə ölkədə sabitliyin bərqərar olmasını, müstəqil Azərbaycan dövlətinin yeni Konstitusiyasının qəbul edilməsini, demokratik-hüquqi dövlətin hüquqi bazasının yaradılmasını, bunun əsasında iqtisadi islahatlara başlanılmasını, birinci özəlləşdirmə proqramının, torpaq islahatının başa çatdırılmasını, ölkədə sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılmasını qeyd etmək olar. Lakin bunların hamısının əsasında onun böyük uğurla hazırlayıb həyata keçirdiyi yeni neft strategiyasının dayandığını demək lazımdır. Bu strategiyanın həyata keçirilməsi Azərbaycanın bütün sonrakı qələbələrinin əsasını təşkil etmişdir. “Əsrin müqaviləsi”nin hazırlanmasında və həyata keçirilməsində isə o zaman Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitseprezidenti vəzifəsində çalışan, 2003-cü ildən isə Azərbaycana uğurla rəhbərlik edən cənab İlham Əliyevin əvəzsiz rolu və xidmətləri danılmazdır.

Cənab İlham Əliyev 2003-cü ilin oktyabrında keçirilən prezident seçkilərində və öz prezidentliyinin birinci dövründə misilsiz siyasətini nümayiş etdirdi. O, ilk andiçmə mərasimindəki nitqində Azərbaycanın bundan sonra da həmişə ümummilli lider Heydər Əliyev ideyalarına sadiq qalacağını, daxili və xarici siyasətdə Heydər Əliyev xəttini yeridəcəyini, hər bir azərbaycanlının Prezidenti olacağını bütün dünyaya bəyan etdi.

Bugün müasir Azərbaycan dövlətinin siyasi yüksəlişinin növbəti mərhələyə keçid etməsindən, möhtərəm cənab İlham Əliyevin ilk dəfə prezident seçilməsindən, 19 il ötür.

Cənab İlham Əliyev 2003-cü ildə Prezident seçilərkən Azərbaycan həlli müşkül görünən bir sıra problemlərlə üz-üzə idi. O vaxt ölkə hələ yeni-yeni dirçəlirdi, işsizlik, məcburi köçkünlərin acınacaqlı halı, bölgələrin inkişafdan geri qalması, əhalinin sosial vəziyyəti ciddi narahatlıq doğururdu. Prezidentin ilk vədi bu oldu: ölkədə yüz minlərlə yeni iş yeri yaradılacaq. Ötən illər ərzində 2 milyondan çox iş yeri yaradıldı. İşsizlik səviyyəsi 40 faizdən 5 faizə endi. Ölkə Prezidenti deyirdi: “Azərbaycanda bir dənə də olsun çadır düşərgəsi qalmayacaq”. Çox keçmədən axırıncı çadır düşərgəsi ləğv olundu.

“Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”,-deyən Azərbaycan Prezidenti İlham Əliyevin qalib lider olaraq bütün öhdəliklərini reallaşdırmaqdadır.

Məhz Heydər Əliyev dühası və onun varisi İlham Əliyevin idarəetmə bacarığı sayəsində Azərbaycan bütün təhdidlərə rəğmən hazırda dünyanın ən islahatçı, sabit inkişaf edən və real müstəqilliyi olan ölkələrindən biridir. İlham Əliyev təkcə dünənin və bu günün deyil, həm də gələcəyin lideridir.

İlham Əliyev tarix yazan və qalib liderlərdəndir. Eyni zamanda, İlham Əliyevin spesifik cəhətlərindən biri də Onun patriotluq və quruculuq məharətidir. İlham Əliyevi başqalarından fərqləndirən bir çox üstün keyfiyyətləri var. Siyasətdə sistemlidir, səbrlidir, soyuqqanlıdır, təmkinlidir və dəqiqdir. Onun nəyi nə zaman edəcəyini, sadəcə, Özü bilir. Zəfərlə başa çatan Vətən müharibəsində də bir daha sübut etdi ki, hər şeyi doğru zamanda, doğru edir.

Dövlət başçısının fəaliyyətinə nəzər saldıqda görünən odur ki, onun siyasətində həyata keçirilən əsas prioritetləri Vətənin müdafiəsi və xalqın rifahıdır. Prezidentin müasir dünyaya yaxından bələd olması, vaxtında atılan cəsarətli addımları, dünyada siyasi proseslərin dərindən təhliletmə qabliyyəti qələbəmizi şərtləndirən əsas amillərdəndir. Müharibə zamanı bütün dünya Prezident İham Əliyevi təkcə Ali Baş Komandan kimi atdığı qətiyyətli addımlarla deyil, eləcə də informasiya cəbhəsindəki uğurlu mübarizəsi ilə tanıdı. Prezident İlham Əliyevin xarici media nümayəndələri ilə 30 dan çox müsahibəsi bunun əyani subutudur.

Şübhəsiz ki, 44 günlük Vətən müharibəsi zamanı qazanılan Zəfərimiz müstəqillik tariximizin ən şanlı səhifələrinə qızıl hərflərlə yazıldı. Azərbaycan xalqını bu qələbəyə aparan ən böyük qüvvə və danılmaz güc Ali Baş Komandan Prezident İlham Əliyevin adı ilə bağlıdır.Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilən tarixi qələbəsidir! Azərbaycan xalqı öz Liderinin – Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirməklə yanaşı Ali Baş Komandanımız 44-cü günün son həftə sevincini də xalqına çatdıran Azərbaycan Prezidenti İlham Əliyev cənablarının “Biz öz Vətənimizə, doğma Qarabağımıza qaydırıq!” xəbəri Azərbaycan xalqına verdiyi ən böyük müjdəsidir!

Bəli, bu gün Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə digər şəhər və rayonlarımızda soyqırımları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı, işğalçı Ermənistana layiq olduğu yeri göstərdi. 44 günlük Zəfər Qələbəsi «Qarabağ Azərbaycandır və nida işarəsi» söyləyən Prezidentimiz son 19 ildə – hər zaman olduğu kimi bu dəfə də vədinə əməl etdiyinin sübutudur. Ən əsası isə, noyabrın 10-u xalqımızın tarixinə şanlı, qızıl hərflərlə yazılan tarixidir.

“Qarabağ Azərbaycandır və nida” ifadəsi artıq bizim qələbəmizin rəmzinə çevrilib. ” Bir il bundan əvvəl mən bunu demişəm. Mən fəxr edirəm ki, mənim dediyim ifadə artıq bir milli şüara çevrildi ” deyən Müzəffər Ali Baş Komandan bu gün apardığı uğurlu, diplomatik siyasəti ilə sübut etdi: “Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir! Zəngilan bizimdir! Qubadlı bizimdir! Ağdam bizimdir! Laçın bizimdir! Kəlbəcər bizimdir! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!”.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin indi böyük dövlət xadimi və Azərbaycan xalqının lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. Bu qayıdış Böyük Qayıdış olmaqla təkcə azərbaycanlıların Qarabağa deyil, vaxtilə deportasiya edildikləri bütün tarixi torpaqlarına qayıdışını əhatə edəcəkdir. İndi Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin böyük uzaqgörənliklə qurduğu strategiya Azərbaycan dövlətini daha qüdrətli, Azərbaycan xalqını daha güclü, Azərbaycan bayrağını daha uca etməyə hədəflənib. Böyük Qələbənin nəticəsində yaradılmış yeni reallıq Qarabağın bərpası və inkişafını nəzərdə tutan Böyük Qayıdış strategiyasının tükənməz aktuallığını təmin edir. Sözügedən strategiya yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Belə ki, layihələndirmə işlərində tətbiq olunan yeniliklərin bir çox dövlətlər üçün nümunəvi model kimi qəbul olunması və məsələ ilə bağlı səslənən beynəlxalq etiraflar Qayıdış strategiyasının effektivliyi və perspektivliyi haqqında xəbər verir.

Bu gün müstəqil Azərbaycanın dövlət quruculuğu sahəsində zəruri olan ilk addımlar artıq atılmışdır.Azərbaycanda ictimai-siyasi sabitlik əldə edilmişdir, əmin-amanlıq atmosferi hökm sürür, əhalinin fiziki və mənəvi toxunulmazlığı təmin edilmişdir. İqtisadi baxımdan dövlət mülkiyyətinə və planlı təsərrüfata əsaslanan sosialist ictimai-iqtisadi münasibətlərindən daha çox dərəcədə xüsusi mülkiyyətə və azad rəqabətə əsaslanan bazar iqtisadiyyatına keçid prosesi tamamlanmışdır. Bütün bu uğurların qazanılmasında Heydər Əliyev ideyalarının və bu gün ölkəmizdə uğurla həyata keçirilən siyasi kursun möhkəm təməllərə əsaslanmasının böyük əhəmiyyəti vardır.

Prezident İlham Əliyevin fəaliyyəti hər bir sahədə əhəmiyyətli və kompleks səciyyə daşıyan uğurların qazanılmasını şərtləndirib. Məhz bunun nəticəsidir ki, beynəlxalq leksikonda “milli inkişafın Azərbaycan modeli” anlayışı meydana çıxıb. Dövlət başçısının xalqı qarşısında verdiyi bütün vədləri uğurla yerinə yetirməsi, Onun hər bir azərbaycanlıya və ölkəmizin problemlərinə böyük həssaslıqla yanaşması isə Prezident İlham Əliyevin “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” vədinin mütləq surətdə reallaşdığını bir daha təsdiqləyir. Bu reallıq isə öz əbədiliyi ilə xalqımız tərəfindən qorunur, dəyərləndirilir və sevilir!

Azərbaycan bundan sonra da möhtərəm Prezidentimiz İlham Əliyevin uzaqgörən siyasəti və müdrik rəhbərliyi sayəsində inkişaf edəcək və çiçəklənəcək.

Gülşən Rustamova, Sumqayıt şəhər Heydər Əliyev Mərkəzinin əməkdaşı

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər