İlham Əliyev: Xalqın inamını və sevgisini qazanan siyasi Lider, Müzəffər Ali Baş Komandan

798

Son 18 il ərzində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz böyük inkişaf yolu keçib. Bu illər ərzində ən əsası mübariz gənc nəsil və Qalib ordu formalaşıb. Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində yaradılan və inkişaf edən Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqına zəfər qazandıran qalib orduya çevrilib.

2003-cü ildən ordu quruculuğu dövlət siyasətinin prioritet istiqamətinə çevrilib. 18 il ərzində planlı və ardıcıl şəkildə həyata keçirilən ordu quruculuğu siyasəti nəticəsidnə Azərbaycan ordusu bu gün dünyanın 50 ən güclü ordusundan birinə çevrilib. Ötən dövrdə Prezident İlham Əliyev Silahlı Qüvvələrin maddi-texniki təminatının yenilənməsinə, müasir infrastrukturun yaradılmasına, hərbi qulluqçuların sosial müdafiəsinə, mənzil fondunun yaxşılaşdırılmasına xüsusi diqqət yetirdi. Azərbaycanda son illər dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları və atıcı silahlar istehsal olunur. Azərbaycan ordumuzu öz zavodlarında istehsal olunan hərbi məhsullarla təmin edir.

Bu illərdə silah və hərbi texnikaların əldə olunması və hərbi təyinatlı məhsulların istehsalı sahəsində beynəlxalq əməkdaşlıq daha da genişlənib. Bu məqsədlə bir çox ölkələrlə müqavilələr bağlanıb. Ordumuzun daha müasir silahlarla təmin etmək məqsədi ilə diplomatik və siyasi addımlar atılıb. Bu istiqamətdə həyata keçirilən siyasət sayəsndə Azərbaycan öz hərbi təchizatını müxtəlif ölkələrdən təmin edə bilir.

Ötən dövr ərzində ordu quruculuğu sahəsində həyata keçirilən düşünülmüş və məqsədyönlü siyasət nəticəsində Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlü Vətən müharibəsində düşmən üzərində tarixi qələbə çaldı. 30 il ərzində işğal altında olan torpaqlarımız düşmən tapdağından azad olundu. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun qüdrəti nəticəsində qələbə ilə başa çatdı.

44 günlük müharibəsi dövründə Azərbaycan beynəlxalq humanitar hüququn fundamental prinsiplərinə ciddi şəkildə riayət etdi. Azərbaycan Ermənistan tərəfindən dinc sakinlərin hədəfə alınması kimi qəddar hərbi cinayətlərə oxşar formada cavab vermədi. Azərbaycan ordusu döyüş meydanında Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərləri də daxil olmaqla, işğal etdiyi torpaqların böyük bir hissəsini azad etdi. Ümumilikdə döyüş meydanlarında 300-dən çox şəhər və kənd azad edildi. 44 günlük Vətən Müharibəsi nəticəsində tam məğlubiyyətə uğrayan Ermənistan 2020-ci il noyabrın 10-da təslim aktı imzalamağa məcbur oldu, nəticədə Ağdam, Laçın və Kəlbəcər hərbi əməliyyatlar aparılmadan azad olundu.

Prezident İlham Əliyevin eyni zamanda qlobal informasiya məkanında da mübarizə apardı, Azərbaycan Ordusunun cəbhədə uğurlarının möhkəmləndirilməsi və Qələbənin beynəlxalq legitimliyinin təmin edilməsi istiqamətində mühüm işlər gördü.

Ölkə başçısı hərbi sahədə olduğu kimi diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz xidmətlər göstərdi.  Ölkəmizə qarşı informasiya blokadasını yaran Müzəffər Ali Baş Komandan 44 günlük Vətən müharibəsi zamanı və Qələbədən sonra dünyanın 30-dan çox nüfuzlu kütləvi informasiya vasitələrinə müsahibələr verdi, döyüş meydanında olduğu kimi informasiya cəbhəsində də qalib gəldi. Azərbaycan həqiqətlərini bütün dünyaya çatddırdı.

Vətən müharibəsində əldə olunmuş qələbənin əbədiləşdirilməsi istiqamətində Prezident İlham Əliyevin mühüm qərarlar verdi. Vətən Müharibəsində qələbə münasibətilə “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal təsis olundu. Əlbəttə, bu orden və medalların təsis edilməsi Qələbənin əbədiləşdirilməsinin, müharibə iştirakçılarına göstərilən yüksək diqqətin təzahürüdür.

44 günlük Vətən müharibəsində xalqımızın misilsiz qəhrəmanlığını və tarixi qələbəsini nümayiş etdirmək məqsədilə Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzaladı. Azərbaycanın Vətən müharibəsindəki qələbəsini, ölkəmizin gücünü nümayiş etdirmək məqsədi ilə Hərbi Qənimətlər Parkı yaradıldı.

30 ilə yaxın həsrətində olduğumuz torpaqlarımız şəhidlərimizin qanı və canı bahasına işğaldan azad olundu. Biz bu Qələbəyə görə qəhrəman əsgərlərimizə və şəhidlərimizə borcluyuq. Onların əzmi, cəsarəti, mərdliyi nəticəsində Azərbaycan öz əzəli torpaqlarına qovuşdu. Prezident İlham Əliyev şəhid ailələrinə, qazilərə və Vətən müharibəsinin digər iştirakçılarına dövlət qayğısının göstərilməsini daim diqqət mərkəzində saxlayır.

“YAŞAT” Fondu, Qarabağın Dirçəliş Fondu və digər bütün institusional təşəbbüslər şəhid ailələrinə göstərilən ən yüksək diqqəti təcəssüm etdirir.  Bu fondlar dözlətimizin başçısının sosial siyasətini, humanitar missiyasını davam etdirir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 8 dekabr 2020-ci il tarixli Sərəncamı ilə şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsinin güclənməsi məqsədi ilə “YAŞAT” Fondu yadıldı.

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 4 yanvar tarixli Sərəncamı ilə işğaldan azad edilmiş torpaqların bərpasına dəstək məqsədi ilə “Qarabağın Dirçəlişi” Fondu yaradıldı. Fond dövlət ilə ictimai institutlar arasındakı münasibətləri keyfiyyət etibarilə yeni səviyyəyə çıxardır.

Fond tərəfindən aparılan mərkəzləşdirilmiş işlər nəticəsində ərazilərimiz tamamilə yenidən qurulacaq, burada müasir infrastruktur yaradılacaq, müasir şəhərlər, qəsəbələr və kəndlər salınacaq.  Regionda sabitlik, təhlükəsiz və rahat həyat hökm sürəcək, məcburi köçkünlərimiz isə daimi yaşayış yerlərinə qayıdacaqlar.

Prezident İlham Əliyevin yaratdığı yeni reallıq bütün regionun siyasi və iqtisadi mənzərəsini, eləcə də ölkənin statusunu dəyişdi. Böyük Qələbə nəticəsində yaranan yeni reallıq təkcə Qarabağın bərpasını və inkişafını təmin etmiyəcək, eyni zamanda bütün regiona davamlı sülh və təhlükəsiz mühüt gətirəcək.

Beləliklə, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasəti nəticəsində bütövlükdə regionun beynəlxalq statusu dəyişdi, region ölkələrinin inkişafı üçün yeni imkanlar yarandı.

Münaqişənin həlli regionun təhlükəsizliyi və investisiya cəlbediciliyi baxımından strateji əhəmiyyət kəsb edir. 30 ildən sonra işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına yenidən inteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-kommunikasiya dəhlizlərindən istifadə Azərbaycanın inkişafına böyük təkan verəcək.

Effektiv diplomatiya və Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində Zəngəzur dəhlizi reallığa çevrilir. Zəngəzur dəhlizi Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin mühüm hissəsinə çevriləcək, bütün bölgə üçün yeni imkanlar açacaq. Yeni qlobal bir layihə olan Zəngəzur dəhlizi türk dünyasını, Avropanı və bütün qonşu ölkələri birləşdirəcək.

Yeni reallıq nəticəsində əməkdaşlığın yeni formatları müəyyənləşəcək və bu, regionun inkişafı üçün əlavə imkanlar deməkdir. Türkiyə, İran, Rusiya və Azərbaycan arasında həm üçtərəfli, həm də ikitərəfli formatda fəal əməkdaşlıq üçün yeni imkanlar yaranır. Bu amil iqtisadi, siyasi və geosiyasi və ən əsası regionda təhlükəsizliyin möhkəmləndirilməsi baxımından çox önəmlidir.

Ərazilərin azad edilməsindən dərhal sonra bölgədə genişmiqyaslı bərpa işlərinə başlanıldı. Bu gün Azərbaycan öz maliyyə imkanları ilə tamamilə dağılmış yaşayış məskənləri yerində yeni şəhərlər, kəndlər salır. 2021-ci ildə bu məqsədlər üçün dövlət büdcəsindən 1,3 milyard dollar ayrılmışdır. 2022-ci ildə bu işlərə ən azı eyni məbləğdə vəsaitin ayrılması gözlənilir. Azad olunmuş ərazilərimizdə üç hava limanının tikintisi və dəmir yolunun tikintisi regionun logistik xəritəsini tamamilə dəyişəcək. Avtomobil yolları da tamamilə yenidən qurulur. Genişmiqyaslı infrastruktur layihələri reallaşdırılır. Bütün görülmüş işlər bütövlükdə bölgə üçün böyük perspektivlər vəd edir. Artıq işğaldan azad olunmuş ərazilərə böyük qayıdış başlayır. İnsanlar öz doğma yurdlarına dönür. 30 ildir işğal altında olan yurdlara yenidən həyat qayıdır.

Bütün bunlara Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində nail olduq. Son 18 il ərzində ordu quruculuğu, iqtisadi inkişaf, infrastruktur layihələri, uğurlu xarici siyasət  məhz qələbəmiz üçün idi. Prezident İlham Əliyev bu illər ərzində yorulmadan ərazi bütövlüyümüzü təmin etmək, milyonlarla insanın arzusunu reallığa çevirmək üçün açlışdı. Bu gün Azərbaycan qalib ölkədir! Bundan sonra da ölkəmiz Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında daha böyük uğurlara imza atacaq, inkişaf edəcək!

Maqsudəli Maqsudov, Əməkdar mühəndis, Azərbaycan Respublikası Prezidentin fərdi təqaüdçüsü

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər