“İlk dəfə olaraq bütün Azərbaycan üçün dövlət büdcəsi qəbul edəcəyik” – Tahir Mirkişili ( VİDEO)

415


Milli Məclisdə 2024-cü il “Dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə olunur.

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili müzakirələrdə ilk olaraq çıxış edib.

Komitə rəhbəri bildirib ki, Prezident İlham Əliyev tərəfindən “Büdcə sistemi haqqında” Qanunun 12-ci maddəsinə uyğun olaraq “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə zərfinə daxil olan digər qanun layihələri Milli Məclisin müzakirəsinə təqdim olunub:

“Eyni zamanda, “Büdcə sistemi haqqında” Qanunun 15-ci maddəsinə uyğun olaraq zərfə daxil olan layihələrə dair Hesablama Palatasının hazırladığı rəy deputatlara təqdim edilib. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin və Milli Məclisin digər komitələrinin iclaslarında hökumət üzvlərinin, müvafiq dövlət orqanlarının və ictimai sektorun nümayəndələrinin iştirakı ilə qanun layihələri geniş müzakirə olunub, müvafiq təhlillər aparılıb. Milli Məclis sədrinin tövsiyəsi ilə komitə iclasına parlamentdə təmsil olunan bütün siyasi partiyaların sədrləri və nümayəndəri dəvət olunub, onlara peşəkar müzakirələr üçün müvafiq imkanlar yaradılıb. Hesab edirik ki, belə bir imkanın yaradılması büdcə zərfinə daxil olan layihələrin ətraflı müzakirəsinin inklüzivliyini təmin etməklə yanaşı, dövlət başçısı tərəfindən ölkədə aparılan siyasi islahatların və siyasi dialoq mühitinin bir daha ali qanunverici orqanda öz əksini tapmasının bariz nümunəsidir”.

Tahir Mirkişili qeyd edib ki, başa çatmaqda olan 2023-cü il ölkəmizin tarixində mühüm hadisələrlə zəngin olub, gələcək nəsillər üçün yeni dövrün başlandığı il kimi tarixə düşüb:

“2023-cü il ölkəmizdə Heydər Əliyev ilidir. Biz müasir və müstəqil Azərbaycanın memarı olan Ulu Öndər Heydər Əliyevin 100 illiyini onun siyasətinə, tarixi irsinə ehtiram göstərərək, onun siyasətini davam etdirərək qeyd edirik. Eyni zamanda, hər kəs bilir ki, bizim Ulu Öndərin xatirəsinə hörmətimiz həm də əməli işlərlə ölçülür və hər birimiz bunu öz işimizlə daim göstərməli, onun ideallarına xidmət etməliyik. 2023-cü il Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etməsinin 20 ili tamam oldu. O, tarix üçün çox qısa sayılan 20 il ərzində, dünyada bəlkə də ən mürəkkəb regionda yerləşən bir ölkəni və xalqı neçə inkişaf etdirmək olar, neçə gücləndirmək olar, müstəqilliyi və milli maraqları necə qorumaq olar, bütün daxili və xarici resursları bir hədəfə yönəldib, 20 il dayanmadan bu hədəfə doğru addım-addım irəliləyərək bütün dünyanın mümkünsüz, olmaz dediyini neçə mümkün etmək olar, and içdiyi üçrəngli bayrağı bütün türk dünyasının ən uca zirvəsi olan Şuşaya neçə sancmaq olar və bu 20 il ərzində daim vətədandaşlarının və soydaşlarının qəhrəmanı və sevimlisi necə olmaq olar-ın nümunəsini yaratdı. Bu nümunə unikaldır. O, bütün türk dünyasında Zəfərin simvolunu yaratdı və zəfərin simvoluna çevrildi. Qlobal pandemiya ilə mübarizə, bir müharibə aparıb, bir antiterror tədbirləri həyata keçirən bir ölkənin iqtisadiyyatının kifayət qədər dözümlü olması onun böyük nailiyyətidir. O, bu 20 il ərzində verdiyi bütün vədləri, qarşısına qoyduğu bütün vəzifələri icra etdi”.

Milli Məclisin komitə sədri bildirib ki, 2023-cü il Azərbaycan bayrağının Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən Xankəndidə dalğalandığı, uzun illər dövlətimizə və xalqımıza böyük zərər vermiş erməni separatçılığına son qoyulduğu ildir:

“XXI əsrdə öz dövlət suverenliyini tam bərpa edən yeganə ölkə olaraq tarixə düşən Azərbaycan gələcək inkişafı üçün yeni bünövrə inşa etdi. Məhz bu ildə biz ilk dəfə olaraq öz bayrağımızı bütün ərazimizdə görə bildik, ilk dəfə olaraq öz ərazimizin hər qarışına sahib olduq. İlk dəfə olaraq bütün Azərbaycan üçün dövlət büdcəsi qəbul edəcəyik. Bu, çox böyük və qürurverici bir tarixi uğurdur!”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər