İyulun 19-da SDU-nun kiçik Akt zalında universitet müəllimləri üçün təşkil olunmuş ingilis dili kurslarını bitirən əməkdaşlarımızın yekun təqdimatları keçirildi.
Tədbirdə iştirak edən rektor professor Elxan Hüseynov çıxış edərək iştirakçıları salamladı, layihənin mühüm əhəmiyyətindən bəhs edərək, bildirdi ki, Sumqayıt Dövlət Universitetinin yüksəkreytinqli universitetlər sırasında yer almasını təmin edən çoxsaylı şərtlərdən biri də müxtəlif ixtisaslarda tədrisin ingilis dilində aparılmasıdır. Bunun üçün ingilis dilinin şifahi və yazılı nitqini yüksək səviyyədə bilən, kommunikasiya vərdişləri olan, öz sahəsi üzrə xarici dildə peşə və akademik bacarıqları ilə seçilən müəllimlərin hazırlanması əsas vəzifələrdən biridir. Ötən illər ərzində bu istiqamətdə universitetimiz bir çox layihələrin müəllifi və iştirakçısı olmuşdur.
Həmçinin SDU-nun beynəlxalq əlaqələrindən, müəllim-tələbə mobilliyi istiqamətində mühüm uğurlarından danışan rektor onu da vurğuladı ki, dövrün tələbi olan elm və təhsil sahələri arasında inteqrasiyanın dərinləşdirilməsinin və xarici universitetlərlə əməkdaşlığın genişləndirilməsinin vacibliyini nəzərə alaraq yüksəkixtisaslı kadr hazırlığı məqsədilə SDU dünyanın bir çox qabaqcıl ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir. Məqsədimiz universitetdə xarici dil biliyinə, qlobal çağırışlara cavab verəcək yeni texnologiyaları çevik mənimsəyən, praktiki bilik və bacarıqlara yiyələnən, müasir və gələcək əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli və yüksəkixtisaslı peşəkar kadrların hazırlanmasını təmin etməkdir.
Xarici dillər kafedrasının təşkil etdiyi təlimin uğurla başa çatmasında əməyi keçən hər kəsə minnətdarlığını bildirən rektor professor Elxan Hüseynov əldə olunan nailiyyətlərə görə əməkdaşları təbrik etdi.
Sonra Filologiya fakültəsinin Xarici dillər kafedrasının müdiri professor Nigar İsgəndərova universitet müəllimləri üçün təşkil olunmuş ingilis dili kurslarının məramı barədə geniş məlumat verərək, bildirdi ki, müasir dövrün reallıqları təhsil sahəsində çalışanların kommunikativ və ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi zəruriliyini şərtləndirir. Ünsiyyət bacarıqlarından söhbət düşəndə isə, ilk növbədə ingilisdilli müəllimlər, onların səriştə və bacarıqlarının təkmilləşdirilməsi önə çıxır. Son illərdə ingilis dilinin əhəmiyyətinin daha da artması isə bu sahənin müəllimlərindən çeviklik, xüsusi qabiliyyətlər tələb edir. Elə bu məqsədlə, Sumqayıt Dövlət Universitetinin 60 illiyi ərəfəsində yeni layihəyə start verildi. Universitetin rektoru professor Elxan Hüseynovun təşşəbbüsü və dəstəyi ilə professor-müəllim və tədris-köməkçi heyətin ingilis dili vərdişlərinin təkmilləşdirilməsi məqsədilə “intensiv ingilis dili qruplar”ı yaradıldı. Bu məşğələlərdə iştirak etmək üçün universitetin müxtəlif fakültə və kafedralarından 107 əməkdaş müraciət etmişdir. İştirakçıların ingilis dili səviyyəsini müəyyənləşdirmək üçün sınaq imtahanı keçirilmiş və bunun nəticəsində 6 qrup yaradılmışdır ki, onlardan biri orta, beşi isə elementar səviyyə üçün nəzərdə tutulmuşdur. Dərslər məşğələ xarakterli olmaqla həftədə iki dəfə keçirilmişdir. Məşğələlərdə müxtəlif texniki vasitələrdən, dərslik və iş dəftərlərindən istifadə etməklə dinləmə, yazı, oxu və danışıq vərdişləri inkişaf etdirilmiş və təkmilləşdirilmişdir.
Qruplarda məşğələləri Xarici dillər kafedrasının baş müəllimləri Dilarə Kərimova, Kəmalə Yəhyayeva, Xatirə Yusibova, Sevda Səfərova, müəllimlər Aytən Bünyatova, Aynurə Xanlarova və Rüfət İbrahimov aparmışlar.
Professor Nigar İsgəndərova onu da qeyd etdi ki, universitetin müəllim-köməkçi heyətinin böyük marağına səbəb olmuş bu məşğələlər onlarda ingilis dilini daha yaxşı mənimsəməyə stimul yaratmışdır. O, çıxışının sonunda qısa zaman kəsiyində əldə olunan uğurlara görə layihənin ideya müəllifi və himayədarı rektor professor Elxan Hüseynova diqqət və qayğıya görə minnətdarlığını bildirdi.
Sonra kursda iştirak edən bir qrup müəllim ingilis dilində müxtəlif mövzuları əhatə edən təqdimatlarla çıxış etdilər və kurs dövründə əldə etdikləri bilik və bacarıqlara görə universitetin rəhbərliyinə və Xarici dillər kafedrasının professor müəllim heyətinə təşəkkürlərini bildirdilər.