Sentyabrın 5-də Sumqayıt Dövlət Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin nümayəndə heyəti ilə görüş keçirildi.
Görüşdə rektor professor Elxan Hüseynov, universitetin struktur rəhbərləri və nümayəndə heyəti qismində “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin direktoru Məmməd Kərim, mərkəzin Startaplarla iş üzrə bölmə müdiri Tengiz Ağakişiyev, “SUP VC” şirkətinin direktoru Rəşad Eyvazov iştirak etdilər.
Rektor professor Elxan Hüseynov qonaqları qəbul edərək onları salamladı və universitetdə görməkdən məmnunluğunu ifadə edərək görüşün əhəmiyyətindən bəhs etdi və Sumqayıt Dövlət Universitetində həyata keçirilən tədris və təlim texnologiyaları, elektron idarəetmə, elm və elmi-innovasiya sahələrindəki innovativ layihələr barədə məlumat verdi. Bildirdi ki, universitetdə innovasiya layihələri kompleks sistemli yanaşma əsasında reallaşdırılır. Bu istiqamətdə universitetdə İnnovasiya Yaradıcılıq Mərkəzlərinin yaradılmasının əhəmiyyətini xüsusi vurğulayan rektor onu da diqqətə çatdırdı ki, Dövlət Proqramının müvafiq müddəalarını əsas tutaraq SDU-nun Elmi Şurasında təsdiq olunmuş 2020‒2025-ci illər üçün Strateji İnkişaf Planında universitetin nəzdində “İnnovasiya Yaradıcılıq Mərkəzi”nin yaradılması nəzərdə tutulmuş və müvafiq işlərin həyata keçirilməsinə başlanılmışdır. Sumqayıt Dövlət Universitetində “İnnovasiya Yaradıcılıq Mərkəzi”nin yaradılması və səmərəli fəaliyyəti istiqamətində görüşlər bir çox müəssisələrdə davam etdirilmiş, uğurlu nəticələr əldə olunmuşdur.
“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin direktoru Məmməd Kərim səmimi qarşılanmaya görə universitet rəhbərliyinə təşəkkürünü ifadə etdi, Mərkəzin yerli startapların qlobal səviyyədə sərmayə cəlbi, böyüməsi və inkişafı üçün yaratdığı imkanlardan, göstərilən dəstək barədə geniş məlumat verdi. Bildirdi ki, Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasının açılışı olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak etmişdilər. Məmməd Kərim onu da qeyd etdi ki, “INNOLAND” Azərbaycanda, eyni zamanda, onun hüdudlarından kənarda özəl sektorun inkişaf etdirilməsi, innovasiyanın təşviqi və startap hərəkatının genişləndirilməsi üçün yaradılan inkubasiya, akselerasiya və araşdırma mərkəzidir. ABŞ- da “Azərbaycan evi” Mərkəzinin, Tiflisdə və ölkə daxilində Gəncə, Sumqayıt, Şamaxı, Şəki şəhərlərində “INNOLAND”ın filialları yaradılması barədə məlumat verdi.
Daha sonra universitetin Elm və innovasiyalar üzrə prorektoru professor Ramazan Məmmədov, Elmi hissənin müdiri dosent Samir Orucov, Proseslərin avtomatlaşdırılması kafedrasının müdiri professor Cavanşir Məmmədov çıxış edərək SDU-da yaradıcılıq mərkəzinin fəaliyyətə başlamasının vacibliyini qeyd etdilər və bildirdilər ki, bununla əlaqədar olaraq universitetin bir qrup əməkdaşı Türkiyədə səfərdə olmuş, orada fəaliyyət göstərən mərkəzlərlə tanış olmuşlar.
Görüşdə SDU-da innovasiyanın təşviq edilməsi və startap hərəkatının genişləndirilməsi məqsədilə “INNOLAND” ilə əməkdaşlıq, SDU-da keçirilən elm və yaradıcılıq ilə bağlı tədbirlərdə “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin yaxından iştirakı, “INNOLAND”- ın dəstəyi və təcrübəsinə əsaslanaraq SDU-nun ərazisində “İnnovasiya Yaradıcılıq Mərkəzi”nin tikilməsi və digər təkliflər səsləndirildi.
SDU-nun professor-müəllim və tələbə heyəti üçün bu mövzuda “INNOLAND” ın mütəxəssisləri tərəfindən seminarların keçirilməsi məqsədəuyğun hesab edildi.
Görüşdən sonra nümayəndə heyəti universitet ərazisi ilə yaxından tanış oldular.