Azərbaycanda işaxtaran və işsiz şəxslərin müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınması qaydası dəyişdirilir.
Trend-in məlumatına görə, bu barədə məsələ bu gün Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclasında müzakirə edilən yeni hazırlanan “Məşğulluq haqqında” qanun layihəsində əks olunub.
Qanun layihəsinin komitənin iclasında müzakirəsi zaman əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev bildirib ki, ümumiyyətlə, qeydiyyata alınma prosedurunun elektron qeydiyyat üzərində həyata keçirilməsi nəzərdə tutulur.
Onun sözlərinə görə, ilk dəfə olaraq iş axtaran və işsiz şəxslərə əvvəlcə vakansiya bankından münasib işin onlar tərəfindən seçilməsi hüququ verilir: “Onlar bu hüquqdan istifadə etmədikdə isə sistem tərəfindən bu edilir. Münasib iş təklifi üzrə müddət isə 11 gündən 5 günə endirilir. Layihədə aktiv məşğulluq tədbirlərindən biri hesab olunan və hazırda tətbiqinə önəm verilən özünəməşğulluğa dair yeni maddə daxil edilib. Çünki hazırda qanunda bu tədbiri tənzimləyən müvafiq maddə yoxdur”.
Nazir müavini bildirib ki, yeni maddə ilə özünəməşğulluq tədbirlərinin mərhələləri və müddətləri monitorinq, əmlakların qaytarılması və s. prosedurlar müəyyən edilib: “Layihəyə əsasən, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub digər məşğulluğu olmayan şəxslər də, müvafiq şəxslərin ümumi sayının 50 faizindən çox olmamaq şərtilə, özünəməşğulluğa cəlb edilirlər”.
İ.İsayev qeyd edib ki, layihədə işaxtaran və işsiz şəxslərin sosial təminatlarında əlavələr edilib, peşə hazırlığı aldığı dövrdə işsiz şəxsə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi minimum aylıq əməkhaqqı məbləğində təqaüd veriləcəyi nəzərdə tutulub. O qeyd edib ki, bu məbləğ hazırki məbləğdən (75 manat) 1.7 dəfə çoxdur.