IV Şuşa Qlobal Media Forumu bir daha sübut etdi ki, Azərbaycan beynəlxalq dialoqun, azad fikrin və müasir trendlərin müzakirə olunduğu qlobal bir mərkəzdir. Dünyanın dörd bir yanından nüfuzlu media nümayəndələrini, rəqəmsal platforma rəhbərlərini və ekspertləri bir araya gətirən builki forum, həm müzakirə olunan mövzuların aktuallığı, həm də yüksək təşkilatçılıq səviyyəsi ilə həqiqətən heyranlıq doğurdu. Forumu sadəcə lokal bir tədbir deyil, qlobal medianın gələcək xəritəsini cızan, peşəkar əlaqələri möhkəmləndirən və Azərbaycanın qlobal informasiya məkanındakı nüfuzunu bir daha təsdiqləyən möhtəşəm bir platforma kimi yaddaşlarda qaldı. Forumdakı jurnaliust və blogerlərin əslində missiyası bir idi və belə bir mövzu ortaya çıxır: “Rəqəmsal xaosda jurnalist nüfuzu və bloger reallığı”.
Müasir informasiya dövrü ənənəvi institutların sərhədlərini sürətlə darmadağın edir. Bir neçə onillik əvvəl xəbərin tək ünvanı olan qəzet redaksiyaları, televiziya studiyaları və informasiya agentlikləri bu gün yeni bir rəqiblə – əlində smartfon olan fərdi kontent yaradıcıları, yəni blogerlərlə qarşı-qarşıyadır. Bu qarşıdurmanın və inteqrasiyanın ən qabarıq təzahürü isə blogerlərin mötəbər media forumlarında jurnalistlərlə eyni masa arxasında əyləşməsidir.
Bəs bu rəqəmsal inteqrasiya nə dərəcədə düzgündür? Və ən əsası, milyonlarla izləyicisi olan bir bloger, illərini bu peşəyə vermiş jurnalisti əvəz edə bilərmi? Eyni masada iki fərqli dünya. Blogerlər IV Şuşa Qlobal Media Forumunda.
İlk baxışda blogerlərin jurnalistika forumlarında, media konfranslarında iştirakı bəzi ənənəvi media nümayəndələrində qıcıq yarada bilər. Lakin reallıq hissini itirməmək lazımdır: bu gün informasiya ekosistemi kökündən dəyişib. Artıq cəmiyyət xəbəri yalnız axşam xəbərlərindən və ya sabahkı qəzet səhifələrindən almır. Sürətli informasiya axınında “vətəndaş jurnalistikası” (citizen journalism) deyilən bir reallıq var və blogerlər bu reallığın ön cəbhəsindədirlər.
Blogerlərin media platformalarında iştirakını zəruri edən bir neçə mühüm faktor var,auditoriya ilə birbaşa bağ. Blogerlər cəmiyyətin nəbzinə daha yaxşı bələddirlər. Onlar ənənəvi medianın bürokratik dilindən uzaq, auditoriyanın anladığı dildə danışır və rəqəmsal alətlərdən virtual sənətkar kimi istifadə edirlər.
İnformasiyanın operativ ötürülməsi: Fövqəladə hadisələr və ya qlobal proseslər zamanı blogerlər bəzən hər hansı rəsmi media qurumundan daha tez hadisə yerindən canlı yayıma başlaya bilirlər.
Fikir rəngarəngliyi: Media forumları yalnız birtərəfli hesabat platforması deyil, həm də müzakirə məkanıdır. Rəqəmsal trendləri diktə edən şəxslərin bu müzakirələrdən kənarda qalması medianın özünü müasir inkişafdan təcrid etməsi demək olardı.
Lakin burada mühüm bir sərhəd var: media forumlarında iştirak edən bloger yalnız şou və reytinq xatirinə deyil, müzakirə olunan mövzuya intellektual töhfə verə biləcək səviyyədə olmalıdır. Əks halda, bu iştirak medianın ciddiliyinə kölgə salan ucuz bir PR kampaniyasına çevrilir.
Jurnalistikanın Sarsılmaz Qalası: Peşəkarlıq Niyə Üstündür?
Blogerlərin populyarlığı, milyonluq baxış sayları və auditoriyaya təsir imkanları nə qədər böyük olsa da, peşəkar jurnalistika ilə onların arasında keçilməz intellektual və institusional sərhədlər var. Peşəkar jurnalistikanın blogerlikdən fundamental üstünlükləri aşağıdakı prinsiplərə söykənir:
1. “Süzgəc” Prinsipləri: Faktların Yoxlanılması (Fact-checking).
Bloger informasiyanı alan kimi paylaşır – onun üçün sürət və ilk olmaq (həmçinin layk toplamaq) mütləq prioritetdir. Peşəkar jurnalist isə redaksiya süzgəcindən keçir. Xəbər yazılarkən ən azı iki, çox vaxt isə üç müstəqil və rəsmi mənbədən dəqiqləşdirilməlidir. Jurnalist üçün yalan xəbər peşəkar karyeranın sonu deməkdirsə, blogger üçün bu, sadəcə “təəssüf ki, səhv məlumat gedib” deyərək statusu silməklə bitən kiçik bir insidentdir.
2. Obyektivlik və “Eşidilməyən Tərəf” Qanunu.
Blogerlik təbiəti etibarilə subyektivdir. İnsanlar blogeri onun fərdi rəyi, emosiyası və şəxsi simpatiyaları üçün izləyirlər. O, tərəf tutmaqda azaddır. Lakin peşəkar jurnalistika qərəzsizliyə məhkumdur. Jurnalist hadisəyə şəxsi münasibətini kənara qoyaraq, qarşı tərəflərin hər birinə bərabər tribuna verməli və qərarı oxucuya buraxmalıdır. O, tərəf deyil, obyektiv güzgüdür.
3. Hüquqi və Etik Məsuliyyət Zirehi.
Peşəkar jurnalist “Media haqqında” qanunla, daxili redaksiya nizamnaməsi və beynəlxalq jurnalistika etikası ilə tənzimlənən ciddi bir hüquqi çərçivədə fəaliyyət göstərir. Böhtan, təhqir, şəxsi həyata müdaxilə jurnalist üçün ağır hüquqi məsuliyyət yaradır. Blogerlər isə əksər hallarda bu hüquqi boşluqlardan istifadə edir, fərdi fəaliyyət arxasında gizlənərək məsuliyyətdən yayınırlar.
4. Metodoloji Hazırlıq və Araşdırma Qabiliyyəti
Jurnalistika sadəcə kameraya danışmaq deyil, o bir elmdir. Peşəkar jurnalist sual verməyin texnikasını, məlumatı arxivlərdən və rəsmi sənədlərdən qazıb çıxarmağın metodologiyasını bilir. O, iqtisadi, siyasi və sosial proseslərin dərinliklərinə enərək səbəb-nəticə əlaqələrini təhlil edir. Blogerlərin əksəriyyəti isə hadisələrin yalnız görünən, “vizual” tərəfi ilə kifayətlənir.
Jurnalistika cəmiyyətin qarşısında hesabatlı olan, demokratiyanın “dördüncü hakimiyyəti” funksiyasını daşıyan ictimai bir institutdur. Blogerlik isə fərdi yaradıcılıq, özünüifadə və biznes sahəsidir.
Blogerlərin media forumlarında olması düzgündür, çünki bu, medianın müasirləşməsi və yeni platformalara çıxışı üçün vacibdir. Lakin bu iştirak heç bir halda peşəkar jurnalistikanın sıradan çıxması və ya blogerliklə əvəz olunması kimi qəbul edilə bilməz.
Blogerlik maraqlı rəng, sürətli ötürücü ola bilər, lakin cəmiyyətin sağlam informasiya ilə qidalanması üçün bizə hər zaman peşəkar, etik və məsuliyyətli jurnalistika qalası lazım olacaqdır. Rəqəmsal xaosun içində həqiqəti yalandan ayıran yeganə kompas da məhz bu peşəkarlıqdır.
Samir Səfərov, jurnalist



Müzakirə qapadılmışdır.