“Mən yaxşı jurnalistlərə qarğış etmərəm. Qeyri-peşəkar və fikirlərimi təhrif edən adamlara qarğış edirəm”.
sumqayitxeber.com xəbər verir ki, bu fikirləri “Ölkə.Az”a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Hadi Rəcəbli bildirib.
Hadi Rəcəbli deyib ki, yalan yazanlar sonda öz cəzasını alır:
“Ya tale onları cəzalandırır, ya da saytları bağlanır və sairə. Əgər mənim kabinetimdə olmusunuzsa, görmüsüz. Kabinetimdə və evimdə başımın üzərində Quran saxlayıram. Mən Ümrə ziyarətində də olmuşam. İndi qarğış etməyimlə bağlı kim nə yazırsa, yazsın. Hər bir insan kimi mən də qarğış edə bilərəm. Ancaq bu qarğış sənə aid deyil. Çünki sən mənim fikirlərimi təhrif etməmisən (“Ölkə.Az”-ın jurnalisti Vasif Həsənlini nəzərdə tutur – müəllif). Kim mənim fikirlərimi təhrif edib, yalan yazırsa, ona qarğış etmişəm. Biz Allahı tanıyan insanıq. Yalan yazanlar da Allahdan qorxmalıdırlar. Mən qarğış etməsəm belə, Allah yuxarıdan hər şeyi görür”.