Komitə sədrindən dövlət qulluğuna qəbulla bağlı TƏKLİF

864

“Nazirlər Kabinetinin müvafiq qərarı ilə “Azərbaycan Respublikasında büdcə təşkilatlarının sektor strateji planlarının hazırlanması Qaydası” təsdiq edilib. Hər bir büdcə təşkilatı öz sektor strateji planlarının keyfiyyətinin və səmərəliliyinin artırılmasına ciddi önəm verməlidir. Bu planların strateji təhlili aparılmaqla, sektorun mövcud inkişaf səviyyəsi və bu sektorun fəaliyyətinə təsir edən amillər nəzərə alınmaqla hazırlanması ön planda durmalıdır”.

Oxu.Az-ın xəbərinə görə, Milli Məclisin iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili 2019-cu ilin büdcəsinin icrası barədə sənədin ikinci oxunuşda müzakirəsi zamanı belə təkliflə çıxış edib.

“Hesabatdan görünür ki, 2019-cu ilin dövlət büdcəsində əməyin ödənişi xərci üzrə 82 milyon manat qənaət yaranıb. Araşdırmalar göstərib ki, bu, əsasən, büdcə təşkilatlarında olan vakant vəzifələrin vaxtında doldurulmaması ilə bağlıdır”, – deyə T.Mirkişili əlavə edib.

O bildirib ki, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda vakant yerlərə işçilərin götürülməsi üçün dövlət qulluğuna qəbulla bağlı qaydalarda mövcud olan prosedurlar sadələşdirilməlidir. Təşkilatların rəhbərlərinə bu sahədə bəzi sərbəstliklər verilməlidir.

Deputat postpandemiya dövründə texnologiyaların və məlumat bazalarının rəqabət üstünlüyü yaradan əsas amil olacağını vurğulayıb.

Onun fikrincə, həm iqtisadiyyatda, həm də idarəetmədə mərkəzləşmiş vahid texnoloji platformaların yaradılmasına, rəqəmsal iqtisadiyyatın inkişafına xüsusi diqqət yetirilməlidir.

Millət vəkili kənd təsərrüfatının inkişafı üçün də təklif səsləndirib:

“Kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatların tərkibi hissəsi kimi Azərbaycana xas sahələr üzrə toxumçuluğun inkişafı üçün xüsusi dövlət dəstəyinin yaradılmasını və yeni stimullaşdırıcı mexanizmlərin tətbiqini vacib hesab edirik.

Qeyri-qanuni olaraq kənd təsərrüfatı təyinatlı torpaqların təyinatının dəyişdirilməsi və yaxud onlardan istifadə etməyənlərə qarşı mübarizənin daha da sərtləşdirilməsi çox vacibdir.

Həmin torpaqların dövriyyəyə daxil edilməsi ümumi daxili məhsulun formalaşdırılmasında əhəmiyyətli rol oynayan kənd təsərrüfatının payının və xüsusi çəkisinin daha da artmasına zəmin yaradardı”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər