Könül Nurullayeva: “Sumqayıtda da infrastrukturun inkişaf etdirilməsi əhalinin rifah halının yaxşılaşmasına töhfə verir”

1954

“Prezident İlham Əliyevin ötən gün Sumqayıtda bir neçə mühüm sosial obyektin açılışında iştirak etməsi ilk növbədə Azərbaycanda regionların sosial-iqtisadi inkişaf proqramlarının reallaşdırılmasının uğurlu nəticəsidir”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, pandemiyanın dünya iqtisadiyyatına mənfi təsirlərinə baxmayaraq, Azərbaycan regionda iqtisadi inkişaf dinamikasını və investisiya cəlbediciliyini qoruyub saxlayır: “Təsadüfi deyil ki, 2021-ci ilin yanvar-iyul aylarının yekunlarına əsasən, Azərbaycanda qeyri-neft sənaye sahəsində 16,4 faizlik artım eydə alınıb. Bu da sənayeləşmə istiqamətində atılan addımların müsbət nəticəsi kimi dəyərləndirilməlidir. Pandemiya şəraitində bu yüksək artım tempi ekspertlər tərəfindən yüksək qiymətləndirilir. Ümumiyyətlə, son 18 ildə qeyri-neft sənayesinin inkişafını təmin edən mühüm amillərdən biri sənaye və yüksək texnologiyalar parklarının, sənaye məhəllələrinin yaradılması, stimullaşdırıcı vergi və gömrük güzəştlərinin tətbiqidir.

Sumqayıtın Cənubi Qafqazın ikinci mühüm sənaye mərkəzinə çevrilməsi, burada yüksək ekoloji standartlara cavab verən müəssisələrin yaradılması strateji baxımdan mühüm əhəmiyyət kəsb edir. Bu həftə parkda 17-ci rezidet fəaliyyət başladı. Aydındır ki, Sumqayıt Kimya Parkında istehsal olunan sənaye məhsulları ixracyönümlüdür və bu, ölkəmizin ixrac potensialının möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Yeni istifadəyə verilən “Sumqayıt” Elektrik Stansiyasının yeni estakada nasos stansiyasının əhəmiyyətinə gəlincə, istilik energetikası sahəsində ilk təcrübə sayılır. Ümumiyyətlə, son illər ölkəmizdə enerji sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi, ölkəmizin enerji potensialının daha da artırılması, yeni elektrik stansiyaları və yarımstansiyaların inşası istiqamətində çox mühüm layihələr icra olunub.

Yeni istifadəyə verilən Sumqayıt Məhkəmə Kompleksi isə son illər ölkədə ədliyyə sahəsində aparılan islahatların göstəricisidir. Bu, həm də vətəndaşlara daha yüksək səviyyədə xidmətə hesablanıb. Prezident yeni tədris ili öncəsi yeni məktəb binasının da açılışında iştirak etdi. Sənaye şəhərində paralel olaraq təhsil infrastrukturunun da təkmilləşdirilməsi nəticə etibarı ilə insan kapitalının daha da inkişaf etdirilməsi, gənc nəslin yüksək intellektual potensiala malik yetişməsini təmin edir.

Bütün bölgələrdə olduğu kimi, Sumqayıtda da infrastrukturun inkişaf etdirilməsi şübhəsiz, əhalinin rifah halının yaxşılaşmasına töhfə verir. Eyni zamanda nəzərə almaq lazımdır ki, yeni müəssisələrin istifadəyə verilməsi, həmin bölgələrin əhalisi üçün yeni iş yerlərinin yaradılması deməkdir. Bir sözlə, həyata keçirilən bütün sosial proqramlar ilk növbədə vətəndaşın sosial maraqlarının təmin olunmasına xidmət edir”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər