“Laçın” sərhəd-buraxılış məntəqəsi Azərbaycanın təhlükəzizliyini təmin edir

779

44 günlük Vətən Mühaibəsi zamanı düşmən üzərində qazanılan tarixi qələbə otuz illik Vətən həsrətinə son qoydu. Ölkəmizin beynəlxalq səviyyədə tanınan əraziləri işğaldan azad edildi, suveren ərazi bütövlüyümüz bərpa edildi. 2023-cü il aprelin 23-də Azərbaycan və Ermənistan sərhədində, Laçın rayonu ərazisində Həkəri çayının üzərində “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu. Sərhəddə qürur rəmzimiz olan üçrəngli, ay-ulduzlu dövlət bayrağımız dalğalandı. Bununla da Azərbaycanın sərhədlərinin bütövlüyü təmin edildi.

Azərbaycan-Ermənistan sərhədində “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılmasını həzm edə bilməyən Ermənistan tərəfi və ona dəstək verən qüvvələr ölkəmizi guya Ermənistanla sərhəddə vəziyyəti gərginləşdirməkdə, Qarabağ bölgəsində humanitar böhran yaratmaqda ittiham edirlər. Rəsmi İrəvan bu cür cəhdlərlə Azərbaycanın daxili işlərinə qarışmaqla yanaşı, uzun illərdir ki, ölkəmizə qarşı apardığı işğalçılıq siyasətini ört-basdır etməyə çalışır.  “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması ölkəmizin suveren hüquqları çərçivəsində atılmış legitim addımdır. Laçın rayonu Azərbaycanın ərazisi olduğu üçün burada həyata keçiriləcək tədbirlər, o cümlədən sərhəd-buraxılış məntəqəsinin yaradılması sırf ölkəmizin daxili işidir.

Sərhədimizin toxunulmazlığının təmin olunması məsələsi ölkəmizin milli təhlükəsizliyi ilə yanaşı, eyni zamanda qanunun aliliyinin tələbidir. Əlbəttə, dövlət təhlükəsizliyinin pozulmasına qarşı tədbirlər görmək və suveren ərazi bütövlüyünü qorumaq beynəlxalq hüququn və normaların bir hissəsidir. Bu baxımdan, sərhəd-buraxılış məntəqəsinin yaradılması Azərbaycanın sərhəd boyunca təhlükəsizliyi təmin etmək üçün müstəsna tədbirlər almağa imkan verən bir addımdır.

“Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması yaxın gələcəkdə Qarabağda qanunsuz yerləşdirilmiş erməni silahlı birləşmələrinin çıxarılması, həmçinin separatçıların tərksilah olunması baxımından əhəmiyyətli addımdır.

Prezident İlham Əliyevin 1 may 2023-cü il tarixində ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı qeyd etmişdir: “Azərbaycan-Ermənistan sərhədində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren hüquqları çərçivəsində və bütün beynəlxalq qaydalara uyğun olaraq təmin edilib… Məqsəd hərəkətin məhdudlaşdırılması deyil, əksinə nəzarətin təmin edilməsidir və artıq bu məntəqə vasitəsilə gediş-gəliş həyata keçirilir… Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinin hüquqlarının Azərbaycanın Konstitusiyası və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq sənədlər çərçivəsində təmin olunacaqdır”

“Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması böyük Şuşa Zəfərindən sonra əldə edilmiş ən böyük və əhəmiyyətli hərbi-siyasi qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Vaxtilə torpaqlarımızı işğal edən, soydaşlarımızı öz yurd-yuvalarından didərgin salaraq qətlə yetirən düşmən indi şanlı Azərbaycan bayrağının altından keçir, sərhədçilərimizin qarşısında sükutla dayanır. Azərbaycanın fəaliyyəti regionda sülhün bərqərar olmasına şərait yaradır və separatçıların növbəti təxribatlarının qarşısını alır.

“Laçın” sərhəd-buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komitəsinin əməkdaşları istər Azərbaycan ərazisinə daxil olan ermənilərin, istərsə də ölkəmizdə yaşayan erməni əsilli vətəndaşların sənədlərini, habelə şübhəli yüklərini yoxlayırlar.

Laçın sərhəd-keçid məntəqəsinin açılması 30 il əvvəl azərbaycanlılara qarşı XX əsrin faciəsini törədən şəxsin həbsinə səbəb olub. Xaçaturyan Vaqif Çerkezoviç erməni milliyyətindən olan digər şəxslərlə birgə Meşəli kəndinə silahlı basqın edib 25 nəfər azərbaycanlı milliyyətindən olan şəxsi öldürüb. Azərbaycan tərəfindən Xaçaturyan Vaqif Çerkezoviçin saxlanılması ilə bağlı atılan bütün addımlar beynəlxalq hüquq və Azərbaycan qanunvericiliyi çərçivəsində həyata keçirilib.

“Laçın” sərhəd-buraxılış məntəqəsi Azərbaycanın sərhəddi boyunca daha effektiv nəzarət və təhlükəsizliyin təmin etməsini həyata keçirir. Məntəqənin yaradılması gərginliyi azaltmağa, daha sülhsevər bir atmosfer yaratmağa və regionda daha sürətli əməkdaşlığın inkişaf etməsinə kömək edir.

“Laçın” sərhəd-buraxılış məntəqəsinin istifadəyə verilməsi bilavasitə İkinci Qarabağ müharibəsində qazanılan böyük Qələbənin təcəssümü kimi dəyərləndirilir. Tarixi sərhədimizdə Azərbaycan bayrağının ucaldılması və bu ərazidə rəsmi dövlət qurumlarımızın nümayəndəliklərinin olması hər bir azərbaycanlının qürur mənbəyidir.

Elşad Eyvazov, əməkdar müəllim

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər