Layihə çərçivəsində Sumqayıtlı gənclərlə görüş olacaq

741

Azərbaycan Sosial Rifah Partiyası Gənclər Təşkilatı “Bəşəriyyət işgüzar əməkdaşlığa “hə”, münaqişələrə “yox” deyir” adlı layihə icra edir.

Gün.Az-ın məlumatına görə, layihə çərçivəsində bu gün təşkilat üzvləri KİV nümayəndələrinin iştirakı ilə ictimai müzakirələr aparıb.

Tədbirdə təşkilatın sədri Turanə Qasımova layihə barədə məlumat verib.

“Bizim əsas məqsədimiz istəyi və potensialı olan gəncləri bir araya gətirərək ölkəmizin ermənilər tərəfindən məruz qaldığı soyqırımı aktlarını və bunun nəticəsində millətimizə dəymiş zərəri bütün dünyaya bildirməkdir. Bununla əlaqədar bizim regionlarda gənclərlə görüşlərimiz olub”.

Təşkilat sədri bildirib ki, layihənin icrasına fevralın 7-dən Bakıda başlanılıb.

“Daha sonra isə Biləsuvar rayonunda gənclərlə müzakirələrimiz baş tutdu. Görüşdə biz region gənclərinin bu mövzuya olan xüsusi maraq və diqqətinin şahidi olduq. İnanıram ki, bu cür görüşlər nəticəsində biz, istədiyimiz nəticəyə nail ola biləcəyik”.

Təşkilat sədri həmçinin vurğulayıb ki, Azərbaycan Dövlət İqtisad Universitetində də gənclərlə görüşdə gənclər çox aktiv iştirak ediblər.

“Həmin görüşdə millət vəkili Xanhüseyn Kazımlının iştirakı ilə işçi qrupu ölkəmizə dəymiş zərər haqqında bir sıra faktlar ortaya çıxardı. Həmçinin, millət vəkilinin iştirakı ilə bu mövzuda Ankara və Moskva şəhərlərində də görüşlər olub”.

Daha sonra isə təşkilatın mətbuat xidmətinin rəhbəri Mehdi Məmmədli deyib ki, layihə çərçivəsində daha bir görüş Gəncə, Sumqayıt və Şamaxıda baş tutacaq.

“Biz layihənin ilk mərhələsini regionlarımızda daha sonra isə beynəlxalq səviyyədə beynəlxalq qurumlarla etməyi nəzərdə tutmuşuq. Onu deyim ki, Biləsuvarda keçirdiyimiz müzakirələrdə isə gənclər yekdilliklə Prezident İlham Əliyevin namizədliyini dəstəklədiklərini də diqqətə çatdırdılar”.

Daha sonra görüşdə iştirak edən X.Kazımlı deyib ki, hazırda dünyada münaqişələr ildən-ilə artmaqdadır.

“Bunun bir neçə səbəbləri var. Ən başlıca səbəblər isə təbii fəlakətlər və ayrı-ayrı hegemon qüvvələrin hər vasitə ilə özbaşınalıqlara əl atmasıdır. Gənclər hər vasitə ilə öz səslərini dünyaya və bu cür qüvvələrə çatdırmalıdırlar. Biz unutmamalıyıq ki, 20 faiz torpaqlarımız işğal altındadır. Bundan əlavə düşmənin özbaşınalığı nəticəsində xalqımız soyqırımına məruz qalıb. Azərbaycan bundan çox zərər çəkib. Bu zərəri biz bütün dünya ölkələrinə çatdırmalıyıq”.

Daha sonra isə görüş layihə haqqında jurnalistlərə maraqlı olan sualların cavablandırılması ilə davam edib.

Fidan Əliyeva
Gün.Az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər