Mahmudovun 3 generalına və işçilərinə 116 il həbs tələb edildi – YENİLƏNİB

1381
Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri, generallar Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova və həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam davam edib.
 Lent.az-ın məlumatına görə,  Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə prokuror Sübahir Qurbanovun 16 il azadlıqdan məhrum edilməsini istəyib. Prokuror həmçinin Teymur Quliyevə 16 il, Natavan Mirvətova isə 12 il azadlıqdan məhrumetmə cəzası tələb edib.
Dövlət ittihamçısı  Füzuli Əliyevin 15 il , Zaur Məmmədovun 14 il , Natiq Alıyevin 14 il, Fərhad Atayevin 7 il, Anar Şirəliyevin 7 il, Eşqin Əliyevin 7 il və Elşad Əzizovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Həmçinin prokuror çıxışında hər 3 generalın rütbəsinin alınması ilə bağlı prezidentə təqdimat göndərilməsini, digər polkovnik və zabitlərin də rütbəsinin alınmasını istəyib.
Dövlət ittihamçısı çıxışında onu da qeyd edib ki,  DTX-ın qaldırdığı 1 milyon manatlıq mülki iddia da təmin olunsun.
Bəzi zərərçəkmiş şəxslərin də mülki iddiasının təmin olunması tələb edilib.
Prokuror çıxışında zərərçəkmişlərə vurulan ziyan və təqsirləndirilən şəxslərin əmlaklarının müsadirəsi ilə bağlı məhkəmədən qanunauyğun qərar çıxarmasını xahiş edib.
Müdafiəçilər çıxış üçün vaxt istəyib. Proses martın 1-də davam edəcək.
**
09:30
Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri – generallar Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova və həmin qurumun vəzifəli şəxsləri – Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edəcək.
Lent.az-ın məlumatına görə,  Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçiriləcək prosesdə prokuror ittiham nitqi ilə çıxış edərək təqsirləndirilən generallara və nazirliyin vəzifəli şəxslərinə cəza istəyəcək.
Proses Sabunçu rayon Məhkəməsinin inzibati binasında saat 11-də başlayacaq.
Qeyd edək ki, təqsirləndirilən şəxslər 2004-2015-ci illərdə mütəşəkkil dəstə tərkibində xidməti vəzifələrinin icrası ilə əlaqədar hakimiyyətdən və öz qulluq mövqelərindən sui-istifadə ediblər.
Dəstə üzvlərinin sahibkarların psixi və fiziki zorakılıqlara məruz qalmaqla xəsarətlər almaları, sərbəst buraxılmaları müqabilində tələb olunan vəsaitin əldə olunması üçün ayrı-ayrı şəxslərə və kommersiya banklarına qarşı külli miqdarda borc və kredit öhdəliklərinin yaranması kimi ağır nəticələrə səbəb olan, özlərinin və yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, tutma, həbsə alma və barələrində rüsvayedici məlumatlar yayma hədəsi ilə fiziki və psixi təsirlər göstərilməklə 162 zərər çəkmiş şəxsin ümumilikdə 18 milyon 437 min manat, o cümlədən 6 milyon 449 min manat məbləğində külli miqdarda pul vəsaitlərini, 5 milyon 693 min manat dəyərində zərgərlik məmulatları və daşınmaz əmlaklarını quldurluq və hədə-qorxu ilə tələb etməklə ələ keçirmələrinə, 5 milyon 295 min manat məbləğində nağd pul vəsaitlərini rüşvət kimi almalarına, həmçinin dövlət büdcəsindən xidməti vəzifələrinin icrası üçün ayrılmış 1 milyon manat məbləğində pul vəsaitlərini vəzifə saxtakarlığı ilə mənimsəmələrinə dair şübhələr müəyyən olunub.
Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Sübahir Qurbanov, Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Teymur Quliyev, Natavan Mirvətova və qeyrilərinə məxsus ümumilikdə 21 milyon 528 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 20 milyon 971 min manat dəyərində daşınmaz əmlak, 272 min manat dəyərində nəqliyyat vasitələri, 42 min manat dəyərində zərgərlik və digər qiymətli məmulatlar, 88 min manat, 88 min ABŞ dolları və 5 min avro nağd pul vəsaitləri üzərinə həbslər qoyulub.
Onlara Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 178.3.1, 178.3.2 (dələduzluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 320.1, 320.2 (Rəsmi sənədləri saxtalaşdırma və bilə-bilə saxta sənədlərdən istifadə etmə), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittihamlar irəli sürülüb. Onların barəsində cinayət işi ayrıca icraata verilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər