Bundan sonra şagirdlərin qiymətləri balla dəyərləndiriləcək, illik və yarımillik qiymətlər də onların topladıqları bal əsasında hesablanacaq. Vətəndaş məmnuniyyətini artırmağa, şagirdlərin psixoloji gərginliyini azaltmağa xidmət edən bu dəyişikliklər nəticəsində müəllimlər də vaxtına qənaət və həmin vaxtdan daha səmərəli istifadə etməyə nail ola biləcəklər.
“Ölkə.Az” “Azərbaycan müəllimi” qəzetinə istinadən bildirir ki, du dəyişiklikləri nəzərdə tutan yeni qaydalar Təhsil Nazirliyində işlənib hazırlanıb. Tezliklə təsdiq edilməsi gözlənilən yeni qaydalar məktəblərə təklif ediləcək.
Təhsil Nazirliyinin sektor müdiri Vidadi Bağırovun sözlərinə görə, əsas dəyişiklik summativ qiymətləndirmələrdə olsa da, məktəbdaxili qiymətləndirmənin bütün növlərinə eyni dərəcədə əhəmiyyət verilib:
V.Bağırov qeyd edib ki, qiymətləndirmədə 100 bal şkalası tətbiq ediləcək. “Bütün qiymətləndirmələr, əməliyyatlar məhz 100 bal üzrə hesablanacaq. Ancaq valideynlər, cəmiyyət ənənəvi qiymətləndirməyə alışdığından yeni qiymətləndirmə ənənəvi “2”, “3”, “5” qiymətləndirməsinə də uyğunlaşdırılacaq. Məktəb jurnallarında bir sütunda bal, digər sütunda isə qiymət yazılacaq. 0-30 bal “2”, 30-60 bal “3”, 60-80 bal “4” və 80-100 bal isə “5”-dir. Şagirdlərin illik yekun qiyməti məhz onun il ərzində topladığı ballar əsasında çıxarılacaq”.