Zaman da yetişdi, bu düşüncələri ağ vərəqlərlə bölüşüb, Sizə ünvanlamağın vaxtı-vədəsi də…
Sizə çox məktub yazırlar – müstəqil dövlətin Prezidenti kimi – minnətdarlıq duyğusu ilə… Bu məktubsa, düşünürəm ki, daha çox ruhun ehtiyacıdır… İnsan öz duyğularını, düşüncələrini həmişə məktubların dili ilə ifadə edib. Məktubla və sözlə…
…Və bu qəlb çırpıntılarımı – nisgildən vüsala, məğlubiyyətdən Zəfərə, qaçqın şəhərciklərindən doğma obalarımıza qədər uzanan kövrək duyğularımı məmləkətimizə yeni növraq gətirən Novruzun ərəfəsində yekunlaşdırmağa qərar vermişdim…Fikirləşdim ki, elə bu məktubu da, azad etdiyiniz, təmizlədiyiniz, yolumuzu açdığınız Zəngəzurun qəlbimdəki rəmzi poçtu ilə Sizə göndərim!..
…Hər dəfə ilk bahar yetişəndə, yaz gülləri açılanda qərəmət məni basırdı, bu misraların hərarəti qərib yurdlarımıza niyə gedib çatmır, o yurdlarımız bu gözəllikdən niyə məhrumdur?..
Elə bilirdim o torpaqlarda zaman şaxtalı, sazaqlı bir qış günündə ilişib qalıb…
Boynubükük bənövşələrini də, səmada qanadlanıb bahar müjdəsini dünyaya yetirmək istəyən qaranquşlarını da, çiçəkdən-çiçəyə qonub bal toplamaq həsrətində olan arılarını da sankı don vurub…
O anlardaca, sümüklərim üşüyürdü, şaxtanın qılınc kimi kəsdiyi sazaqlı bir qış günündə, doğmaları üçün məktub yazdıran, amma məktubu yetişməyən Qurbanı – unudulmaz ədibimiz Abdulla Şaiqin “Məktub yetişmədi” hekayəsinin bu zavallı qəhrəmanının faciəli taleyini yada salırdım…
Ədəbi yaddaşımızda uzun onilliklərdir məktubun yetişməməsinin bax belə bir sızıltısı var idi…
Bu sızıltıdan daha göynərtilisi isə qəlbimizin qaysaq bağlamaz yurd yarasıdır. Onun da əzablı ağrıları içində düşünürdüm ki, görəsən bu həsrət, bu qubar, nə zaman bitəcək, nə zaman…
Düşünürdüm ki, aman Allah, o yerlərin səmasının qara çarşabı, dağlarının və düzlərinin ağ kəfəni bəs nə vaxt qalxacaq? Məktublarımız bəs nə zaman yetişəcək?
***
…Bu məktub da uzun illərin həsrətiylə yol gəlirdi…
…2020-ci ilin hər dəqiqəsi tarix olan payız günlərindən, ağacların qızılı libasına büründüyü, təbiətin daha bir fəsil dəyişikliyinə yır-yığış elədiyi vədələrdən və o günlərdə televizorun ekranı qarşısında, radio önündə ayaq üstə dayanıb həyəcandan titrəyən, amma eşitdiyi hər kəlmənin sehrini, enerjisini, ruhunu qaçırmamaq üçün nəfəs almadan…
Sizin qələbə müjdələrinizi dinləyən insanlarımızın sevinc anlarından bəri iç dünyam ünvanınıza yetiriləsi kəlmələrlə dolu idi…
***
Ötən ilin oktyabrında tarixi fərmanınızla yaratdığınız Şərqi Zəngəzura – onun laləzar guşəsi olan Zəngilana, ata yurduma səfər etdiniz.
Silahdaşınız, çiyindaşınız, Vətən dərdinə birgə əlac olduğunuz Mehriban xanımla səmimi görüşlər keçirdiniz.
Taleyimə minnətdaram ki, bu tarixi görüşdə iştirak etmək, həmin unudulmaz anları yaşamaq, hər dəqiqəsi bir ömrə dəyən təəssüratları yaddaşıma köçürmək mənim də qismətim oldu.
Sonra yenə Şərqi Zəngəzura – onun dilbər guşəsi olan Qubadlıya, ana yurduma gəldiniz…
Hər iki yurdum böyük coşqu, əbədi şükranlıqla qarşıladı hər ikinizi…
Sizin xoş qədəmlərinizlə hər iki doğma yurdumdaca həyat qaynadı, quruculuq, abadlıq işləri başladı.
Və hamı, bütün el-oba böylanıb səbirsizliklə baharı gözlədi…
Və gəldi o bahar…
Yeni, təp-təzə və uzun illərin həsrətindən sonra tarixi bir bahar…
Nədənsə, həmişə mənə elə gəlib ki, ağaclar, güllər kimi insan düşüncələrinin və onları ifadə edən kəlmələrin də tumurcuqladığı çağlar var, ona görə də bu məktubu qələmə almaq üçün həmin çağlara, baharın çərşənbələrinə qədər səbir etməyi üstün tutdum.
Şah İsmayıl Xətainin bir əlində qılıncı, bir əlində qələmi – baharın gəlişi münasibətilə yazdığı misralar… Əsrlərin o üzündən yaz mehi kimi ürəyimi oxşayır:
“Qış bitdi və bahar gəldi,
Gül bitdi və laləzar gəldi…”
Bahar nəfəsli od çərşənbəsi axşamı ocaq çatıb bayram əhvali-ruhiyyəsini bölüşən insanlar evlərinə yığışandan, bayırda əl-ayaq çəkiləndən sonra məktubumun ilk cümlələrini yazmağa başladım…
Bax ürəyində nakam arzularla yaşayan bəndənizin məktubu da belə yetişdi…
Xeyirli olsun!..
***
Biz illərdən bəri daş kimi ürəyimizdən asılı qalan, qəddimizi əyən, gələcəyə göz dolu baxmağımıza mane olan, xoşbəxtlik hissimizi korşaldan ağırlıqdan məhz Sizin sayənizdə xilas olduq.
Zindan kimi bu ağır daş “Dəmir yumruğu”nuzun zərbəsi ilə param-parça oldu, işğal acılarımızı geridə buraxdıq…
Zülmətə qərq olmuş yurdlarımızın çırağını yandırdınız, kotana, toxuma, insan əlinin tumarına, yamyaşıl taxıl zəmilərinin gözəlliyinə həsrət torpaqlarımıza bərəkət gətirdiniz…
Kor qoyulmuş ayna bulaqlarımıza su, kol-kos basmış yollarımıza abadlıq, tar-mar edilmiş şəhərlərimizə, kəndlərimizə, qəsəbələrimizə dirçəliş bəxş etdiniz…
Qurucu əllərinizlə bu torpaqlarda yeni bir həyat başlatdınız…
Ağırlığımızı-uğurluğumuzu yellər apardı, ayağımızı yer götürdü, ürəkləndik, qüvvətləndik!..
Elimizin ruzisini də Allah yetirəcək həmişə, sağlıq olsun. Çünki Yaradanın böyük bir lütfü kimi bu xalqın el qədri bilən, vətəndaşlarının halından anlayan Sizin kimi rəhbəri var. Həyata keçirdiyiniz inkişaf siyasəti var, ölkəmizə böyük uğurlar qazandıran sosial-iqtisadi layihələriniz var.
Azərbaycanın daha da qüdrətlənməsi üçün reallaşdırdığınız fürsətlər, əli iş-güc tutan bütün insanlarımıza işləyib özünün, ailəsinin dolanışığını təmin etməkdən ötrü yaratdığınız imkanlar var.
Ölkəmizdə sakitlik, normal həyat ahəngi, qanunlara, dövlətçilik dəyərlərinə getdikcə yüksələn hörmət ruhu, rəvan inkişaf yolu var və bütün bunların müəllifi və təminatçısı məhz Sizsiniz!
***
Nəhəng dünya nehrə kimi çalxalanır, dövlətlər, xalqlar, dünənə qədər bir-biri ilə qardaş sayılan toplumlar, soyu-kökü, dini, dili bir insanlar üz-üzə qoyulur, qanlı-bıçaq olur.
Adamların başına od ələnir, ölüm saçan silahlar nakam ömürlərə son qoyur, əsrlərlə tikilib-qurulmuş qədim şəhərlər xarabazara çevrilir.
Niyyət bəlli, mahiyyət aydındır: kimlərsə, yenə suyu bulandırıb balıq tutmaq istəyir, kimlərinsə maraqları üst-üstə düşmür, geopolitik iştahalar üzündən xalqlar, sadə insanlar diş altında qalır, faciələrə sürüklənir, həyatlar qaralır, bomba gurultusundan zəhri yarılan körpələrin fəryadı ürək parçalayır.
Bir o qədər də beynəlxalq güclərin riyakarlığı, məsələlərə ikili və soyuq yanaşmaları adamda hiddət doğurur. Azərbaycanın haqq-ədalət uğrunda apardığı savaşda Sizi bu müqəddəs yoldan çəkindirmək, qələbəmizə mane olmaq üçün min bir fənd düşünənlər, illərdir ki, işğala məruz qalana deyil, işğalçıya qahmar çıxanlar, meydan verənlər indi tamam başqa cür mövqelər sərgiləyirlər, ədalətsizlikləri ilə yeni problemlərin təməlini qoymağa çalışırlar, ikrah doğururlar.
Ordumuzun gücü ilə tarixi qələbəmizi necə böyük çətinliklər, fədakarlıqlar bahasına qazandığınız, diplomatik arenada nə qədər maneələri aşdığınız, üzərinizə yönələn təhdidləri necə gərginliklər hesabına dəf etdiyiniz indi əyan olur.
Vətən müharibəsinin hərbi əməliyyatlarını özünüz kimi mübariz, şir biləkli, aslan ürəkli əsgər və zabitlərimizlə aparırdınız.
Əsl sərkərdə məharəti ilə döyüşləri idarə edir, düzgün taktikanız, dəqiq əmrlərinizlə ordumuzu ardıcıl qələbələrə yetirirdiniz. Xalqa yetirdiyiniz zəfər müjdələrindən, hərbi əməliyyatlar haqqında açıqlanan məlumatlardan proseslərin necə də uğurla getdiyi gözlərimiz önündəydi.
Diplomatik səngərlərdə isə nələrin baş verdiyindən, necə oddan-alovdan keçdiyinizdən biz xəbərsiz idik, əyləşib ekran qarşısında elə hey Sizi axtarırdıq…
Yeni Qələbə müjdələrinizin intizarını çəkirdik…
Bu meydanda təkbaşına döyüşürdünüz, Azərbaycana yönələn təzyiqlərə təkbaşına sinə gərirdiniz, dünyanın dörd bir yanından ara verməyən hücumların, fitnə-fəsadların qarşısını alırdınız.
Bu haqq işində öz Liderinə dəstək verən, milli vəhdəti ilə dünyaya görk olan xalqımıza güvənərək…
Azərbaycan uğrunda ölümün gözünə dik baxan insanlarımızın sağlam ruhuna, Vətənə sədaqətinə əminliklə…
Müdrikliyinizə, fəhminizə, dövlətimizi xoşbəxt gələcəyə aparmaq üçün seçdiyiniz yolun ən düzgün yol olduğuna etibar edib hər qətiyyətli addımınızda mənəvi dəstək verən, Siz olan yerdə Azərbaycanın taleyindən xatircəm qalan, zərrə qədər də tərəddüd hissi keçirməyən xalqımızın bu inamından, güvənindən güc alaraq…
Özünüzün də qeyd etdiyiniz kimi, nəyi, nə zaman və necə etməyi bilməyin, hər şeyi zərgər dəqiqliyi ilə ölçüb-biçmək, yaranmış ən ani fürsəti belə Azərbaycanın daimi faydasına çevirməyi bacarmaq səriştəsinin verdiyi üstünlüklə…
***
Bu səriştənin, fenomenal bacarıqların, proseslərə çevik və peşəkar reaksiyaların, informasiyalarla işləmək qabiliyyətinin böyük dövlət adamı, bütün zamanların ustad siyasətçilərindən olan Heydər Əliyev məktəbindən gəldiyi dərhal bilinir… Bu məktəbdə əxz etdiklərinizin üzərinə toplanan illərin təcrübəsi isə indi Sizin özünüzü də qlobal siyasət məkanının böyük ustadına çevirib…
Davranışlarınız, tərziniz, verdiyiniz qərarlar, məsələlərə strateji yanaşmalarınız, əldə etdiyiniz parlaq nəticələr çoxları üçün əsl ustad dərsləridir!..
Beynəlxalq məkanda baş verən hadisə və proseslərə münasibətiniz, bu günə və gələcəyə baxışlarınız, beynəlxalq səviyyədə irəli sürdüyünüz təşəbbüslər hamıya maraqlıdır, hər kəs üçün mühümdür. Tarix proqnozlarınızın, mühakimələrinizin düzgünlüyünü, təşəbbüslərinizin nə qədər əsaslı olduğunu, təkcə Azərbaycana deyil, ümumən dünyamıza faydalarını zaman-zaman sübuta yetirirdi…
Və bundan sonra da yetirəcək!..
Ona görə ki, başqaları öz xırda maraqlarını güdərkən, Siz insan taleyini fikirləşirsiniz…
Başqaları dağıtmaq yolunu seçərkən, Siz adınızı tarixdə qurucu əməllərinizlə əbədiləşdirirsiniz!
Başqaları danışıb vədlər verərkən, Siz real tarixi işlər görürsünüz.
Hələ orasını demirəm ki, həyata keçirdiyiniz məqsədyönlü siyasətlə, mövcud imkanları reallığa çevirmək qabiliyyətinizlə bu ərazicə kiçik ölkəmizi Yer üzünün ən əhəmiyyətli mərkəzlərindən birinə çevirməyi bacarmısınız.
Bu gün dünyanın enerji sisteminin, qlobal logistikanın, beynəlxalq iqtisadiyyatın bir nəbzi də Azərbaycanda sürətlə döyünür.
Müxtəlif coğrafiyalarda, ayrı-ayrı məkanlarda, fərqli məsələlərdə toqquşan, konfliktə girən, münaqişələrə səbəb olan bütün maraqlar Azərbaycanda üst-üstə düşür, uzlaşır, rahatlıqla yola gedir.
Yaxın-uzaq ölkələrdə günahsız insanların başına raketlərin yağdırıldığı zamanda, onilliklər boyu min bir zəhmət bahasına ərsəyə gəlmiş iqtisadi sistemlərin çökdüyü, infrastrukturun darmadağın olduğu, yeni münaqişə ocaqlarının körükləndiyi, son dərəcə çətin əyyamlarda Azərbaycanda böyük perspektivlər vəd edən strateji əməkdaşlıqlar, qarşılıqlı faydalar başlanır, hamının gələcəyi aydınlıqla görə bildiyi, əmin olduğu tərəfdaşlıq mühitinin qapıları açılır.
Bax bu mühiti – Siz yaratmısınız!..
Qarabağ, Şərqi Zəngəzur Sizin əsərinizdir!..
Tarixi əsərləriniz!..
Yollar da arzularımız kimidir, açılıb, uzanıb gedir: Bakıdan Qarabağa, Zəngəzura…
Ordan da haralara – yaxşısını Siz bilirsiniz…
***
Beynəlxalq arenada Sizə olan münasibətdən maraqlı bir məqam da həmişə diqqətimi çəkib.
Azərbaycan vətəndaşları kimi beynəlxalq siyasətin əsas iştirakçıları da Sizə inanırlar, rəğbət bəsləyirlər, etibarlarında, əməkdaşlıq meyillərində əsla tərəddüd etmirlər.
Hiss olunur ki, əslində, böyük siyasətdə də mərdanəlik, bütövlük, verilən sözlərə sadiqlik, şərəf və ləyaqət hissi üstün dəyərlər sayılır. İntəhası, böyük siyasətdəki hər kəs də bu dəyərlərin daşıyıcısı ola bilmir. Məqsədlərə çatmaqdan ötrü hər cür vasitəni məqbul sayanlar bu dəyərləri məhv edirlər.
Sizə isə ona görə dünyanın böyük ehtiramı, güvəni var ki, həmişə dəyərlərinizi qorumağı bacarırsınız, onları qırmızı xəttin bir tərəfində saxlamağa nail olursunuz, çünki Azərbaycan dövləti, Azərbaycan xalqı, keçmişimiz, bu günümüz və gələcəyimiz elə o müqəddəs dəyərlərdən ibarətdir.
Sizin bu gün qlobal siyasətdəki məğrur, qürurlu, mərd obrazınız, təmsil etdiyiniz ali keyfiyyətlər bizim kimlik hekayəmizdir…
Onlarsız, nə milli varlığımızdan əsər-əlamət qalar, nə də Vətənimizdən…
Bu dəyərlərlə güclüsünüz, inam yaradansınız, özünüzün də bəyan etdiyiniz kimi, sözünüzə imzanız qədər dəyər verənsiniz. Diplomatik ortamlarda, dövlətlərarası münasibətlərdə etibar edib ürək qızdıranların güvəninə axıra qədər sadiqsiniz.
Dost saydıqlarınıza və Azərbaycanı da səmimi-qəlbdən dost sayanlara dəstəyinizi, bacardığınız köməyi hətta ən çətin, mürəkkəb şərtlər altında da əsirgəməyənsiniz. Müdrik davranışlarınızla, yerindəcə, məqamındaca verdiyiniz qərarlarla xalqımıza düşmən deyil, dostlar qazandıransınız.
Bütün bunların nə qədər önəmli olduğunu Vətən müharibəsində bir daha anladıq, haqq savaşımıza dəstək verənlərin, ən azı o günlərdə Azərbaycana qarşı təzyiq kampaniyasına qoşulmayanların, imkan düşdükcə, yanımızda olduqlarını büruzə verənlərin xeyli genişlənmiş sayında izlədik, tarixi Zəfərimizin dünyanın siyasi çevrələrində qəbul edilməsində görüb anladıq.
***
Səbriniz, təmkininiz, ani emosiyalardan uzaqlığınız, hər sözü illərin peşəkar diplomat vərdişi ilə ölçüb-biçib dilə gətirməyiniz, amma, eyni zamanda bu ölçülü-biçili kəlmələrlə də həqiqətləri əsla pərdələməməyiniz, əksinə, ən doğru, ən obyektiv olanları ifadə etməyiniz, başlıcası isə səmimiyyətiniz, haqqın tərəfində durmanıza qəti əminliyiniz – İlahi bir vergidir!..
Bu – ilahi bir dəyərdir…
Bu fitri istedadı qarşınızdakının niyyətini ilk kəlmələrindən anlamaq qabiliyyətiniz tamamlayır.
Müsahibələrinizi dinləyərkən, ilk növbədə, cəsarətiniz heyranlıq doğurur, istənilən media qurumunun təmsilçisinin qarşısına çıxmaqdan, onların istənilən suallarına cavab verməkdən əsla çəkinmirsiniz. Hər belə müsahibəni Azərbaycanın haqq sözünü dünyaya yetirmək üçün yeni bir imkan bilirsiniz, onların istənilən suallarına isə – hətta təxribat məqsədli sual olsa belə, veriləsi tutarlı, əsaslandırılmış cavablarınız var. Müsahibələr gedişində yaranmış çox ani məqamdan çevik şəkildə istifadə edərək, iki-üç kəlməlik replikanızla bütün söhbətin möhürünü vurmağınız, opponenti məğlub duruma salmağınız da tamam başqa bir ustalıqdır.
Söhbətə hansı niyyətlə başlamasından asılı olmayaraq, heç bir jurnalist, həmsöhbət Sizdən gərgin emosiyalarla, məyus hisslərlə ayrılmır, əksinə, özü ilə xoş bir ünsiyyətin unudulmaz, pozitiv təəssüratlarını aparır. Sadəliyinizlə, səmimiyyətinizlə, işıqlı təbəssümünüzlə, emosional intellektinizlə olduğunuz ortamdakı insanlarda o qədər gözəl aura yaradırsınız ki, burada hər hansı gərginliklərə, sıxıntılara yer qalmır.
Buna Sizinlə bircə dəfə ünsiyyətdə olmuş hər kəs şahiddir…
***
Şərqi-Zəngəzurda, dədə-baba yurdumda o tarixi görüşümüzü xatırlayıram…
Nə gizlədim, görüş ərəfəsində xeyli gərgin idim, illərin həsrətindən sonra doğma yurda qovuşmağın ürək döyüntüləri öz yerində, axı dövlət rəhbəri ilə görüşməyin, kəlmə kəsməyin özü də böyük bir məsuliyyətdir, həyəcandır…
Amma Sizinlə görüşün elə ilk dəqiqələrindəcə bütün həyəcanlı anlar, gərginliklər ötüb keçdi, o qədər səmimi, rahat, adamın canına yatan ab-hava yaratdınız ki, hətta çıxış edəndə, əvvəlcədən düşündüyüm qeydlərimi belə unutdum, bir də hiss elədim ki, həmin an ürəyimdən nə gəlirsə, düşüncələrimdən nə keçirsə, onları dilə gətirirəm, bilərəkdən yaratdığınız şərait, verdiyiniz cəsarət dilimi açıb, ürəkləndirib, davranışlarıma sərbəstlik gətirib.
Orasını da fikirləşdim ki, Sizin özunəməxsus, məqsədli şəkildə yaratdığınız o ünsiyyət mühitində başqa cür mümkün deyildi axı, orada adam hər cür sünilikdən, ütülü davranışlardan uzaq tərzdə, necə varsa, yalnız elə ola bilərdi…
Bax bu imkanı və şansı siz yaratdınız…
Böyüklük budur!..
Əzəmət budur!..
Həm də sadəlik budur!..
El-obalarımıza, azad yurdlarımıza səfərlərinizdə, sükan arxasında yol gedə-gedə Mehriban xanımın telefonun kamerası ilə çəkib paylaşdığı təəssüratlarınızda, doğma ellərimizin dağı, daşı, çayı, ağacı, yolu-rizi ilə sevgi dolu ünsiyyətinizdə, qayğınızda, ümidlərinizdə, torpaqlarımızda xarabalıq mənzərələri yaratmış vandalların bu bədnam əməllərinə qarşı hiddətinizdə də Siz məhz özünüzsünüz.
Çox təşəkkürlər!..
Bu obrazınızı çox məhdud texniki imkanlarla, yəni heç bir çəkiliş heyəti, rejissor mizanı, operator işi, ssenarist qeydləri olmadan, adicə bir telefon kamerası ilə, amma misilsiz yaradıcı duyumla, peşəkarlıqla çəkib tarixdə əbədiləşdirən, bununla çağdaş kommunikasiya mütəxəssisləri, televiziyaçılar üçün əsl örnəklər yaradan Mehriban xanıma da könül dolusu təşəkkürlər!
Azərbaycan həyatının elə bir sahəsi yoxdur ki, Sizin və Mehriban xanımın – qoşa qanad kimi – diqqətindən kənarda qalsın, bu tarixin əhatə dairəsindən iraq düşsün…
Siz xalqımızın, Vətənimizin keçmişinə, milli-mənəvi dəyərlərinə, coğrafiyasına, yer-yurd adlarına hamıdan çox bələdsiniz. Qarabağın, Şərqi Zəngəzurun toponimlərini, işğaldan azad edilmiş torpaqlarımızın tarixini, ərazi xüsusiyyətlərini, relyefini o qədər dərindən bilirsiniz ki, bu bilgiyə, marağa heyran qalmamaq olmur.
Bütün bunlar Azərbaycana sevginizdən gəlir!
Vətən sevgisi xilqətinizdədir!..
Nə xoş ki, bu sevgini bütün ruhunuzla hiss edir və həm də yaşadırsınız…
Sizin sükan arxasında “Ey Vətən!” nəğməsini dinlədiyiniz anlar, o nəğməni dinləyə-dinləyə azad yurdlarımıza baxıb gələcəyə doğru yol çəkən gözlərinizdəki sevgi, qürur, qayğı qədər aydın görüntülər…
Necə də gözəl anlar, səmimi dəqiqələr idi…
Həmin nəğməni yalnız Azərbaycanı bu qədər sevən, adını uca tutan onun bu gününə və gələcəyinə görə məsuliyyəti geniş çiyinlərində, köksündə daşıyan Lider bax bu cür sevgi və məhəbbətlə dinləyə bilər…
Və nəhayət ki, o yaz gəldi…
Yaz gəldi azad yurdlarımıza…
Bu yaz – həm də bir başqa yazdır axı…
Otuz ilin həsrətilə, acı intizarı ilə gözlədiyimiz yaz…
Bu yazın müjdəsi, hərarəti, ətri azad yurdlarımızdan şirələnib, boy götürüb gəlir…
Əcdadlarımızın ocaq yerlərində qalanan bayram tonqallarının şöləsi ilə, işğaldan qurtulmuş torpağın sinəsindən boylanan tər bənövşənin, çırtdağ novruzgülünün, kövrək xarıbülbülün xəfif gözəlliyi ilə, insanlarımızın dirçəliş, abadlıq, qurub-yaratmaq əhvalı ilə…
Yeni müjdə və yeni ümidlərlə!..
Bu ruh – Sizə inamdandır, Sizin ardınızca irəlilədiyimiz inkişaf yolunun düzgünlüyünə əminliyimizdən, güvənimizin əbədi gücündəndir…
Sevdiklərinizlə birgə, bax beləcə, neçə gözəl baharlara, neçə gözəl bayramlara, əziz Xilaskarımız!
Novruz bayramımız mübarək olsun!..
…Və elə bu inamla, bu sevgiylə də tamamlayıram bu məktubumu…
Sağ olun, cənab Prezident!..
İmamverdi İsmayılov
Zəngəzur-Qarabağ-Bakı
14 mart 2022-ci il.