Milli Hidrometeorologiya Xidməti və Sumqayıt Dövlət Universiteti arasında Əməkdaşlıq Memorandumu imzalanıb
Milli Hidrometeorologiya Xidməti və Sumqayıt Dövlət Universiteti arasında Əməkdaşlıq Memorandumunun imzalanması tədbiri keçirilib.
Qonaqlar öncə Xidmətin Situasiya Mərkəzi ilə, həmçinin hidrometeoroloji müşahidələrin təşkili, hidrometeoroloji məlumatların qəbulu, emalı, vizuallaşması və əldə edilmiş məlumatlar əsasında hava proqnozlarının hazırlanması prosesi ilə tanış olublar.
Əməkdaşlıq Memorandumunun imzalanmasında əsas məqsəd qurumlararası əməkdaşlığın gücləndirilməsi, gələcəkdə birgə təlim və seminarların keçirilməsi, SDU-da müvafiq ixtisaslar üzrə təhsil alan tələbələrin istehsalat təcrübəsinin Xidmətdə keçirilməsi və digər məsələlərdən ibarət olub.
Tədbirdə Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov tərəfindən Xidmətin inkişaf mərhələləri və fəaliyyət istiqamətləri haqqında iştirakçılara ətraflı məlumat təqdim edilib.
Həmçinin Xidmətin rəis müavini və Beynəlxalq əməkdaşlıq və iqlim dəyişmələri şöbəsinin müdiri ölkəmizdə Erkən Xəbərdarlıq Sisteminin qurulması, iqlim dəyişmələri ilə mübarizə sahəsində həyata keçirilən fəaliyyətlər, eləcə də cari ilin noyabr ayında ölkəmizdə keçiriləcək COP29-a hazırlıq işləri barədə bəhs ediblər.
Görüş zamanı Sumqayıt Dövlət Universitetinin rektoru dosent Rüfət Əzizov tərəfindən hidrometeorologiya və iqlim dəyişmələri sahələri üzrə gələcəkdə birgə layihələrin icra olunması, əməkdaşlıq və araşdırma işlərinin aparılmasının vacibliyi vurğulanıb.
Müzakirə qapadılmışdır.