Sumqayıt Dövlət Universiteti dünyanın nüfuzlu ali təhsil qiymətləndirmə sistemlərindən biri olan QS Dünya Universitetləri Reytinqi 2027 nəticələrinə əsasən 1001–1200-cü pillədə qərarlaşıb. Dünyanın 106 ölkəsindən müraciət edən 8808 universitet arasından yalnız 1504 ali təhsil müəssisəsinin reytinq siyahısına daxil edildiyi bir platformada SDU-nun mövqeyini qoruması və daha da möhkəmləndirməsi universitetin beynəlxalq akademik nüfuzunun artmasının bariz göstəricisidir.
Azərbaycan universitetləri arasında 8-ci sırada yer alan Sumqayıt Dövlət Universiteti ölkənin regional ali təhsil müəssisələri arasında QS Dünya Reytinqinə daxil olan yeganə universitet kimi mühüm statusunu qoruyub saxlayır.
Universitet xüsusilə “Müəllim–tələbə nisbəti” indikatoru üzrə yüksək nəticə nümayiş etdirərək dünyanın ən yaxşı 53 universiteti sırasında qərarlaşıb və bu göstərici üzrə Azərbaycanda 1-ci olub.
Eyni zamanda universitet “Akademik reputasiya” və “İşəgötürənlər arasında reputasiya” göstəriciləri üzrə dünyanın ilk 701+ universitet qrupu sırasında yer alıb.
Universitetin inkişaf dinamikası digər əsas indikatorlarda da özünü aydın şəkildə göstərir. Belə ki, məzunların məşğulluq göstəricisi 12-dən 18,2-yə yüksəlib, işəgötürənlər arasında reputasiya göstəricisi 12.6-dan 15-ə çatdırılıb.
Beynəlxalq tədqiqat şəbəkəsi indikatoru 1.8-dən 2.2-yə yüksələrək universitetin beynəlxalq elmi əməkdaşlıq imkanlarının genişləndiyini nümayiş etdirib.
Bununla yanaşı, əcnəbi müəllimlərin və beynəlxalq tələbələrin sayında da artım müşahidə olunub ki, bu da SDU-nun qlobal akademik məkanla inteqrasiyasının gücləndiyini göstərir. SDU bundan sonra da beynəlxalq əməkdaşlıqların genişləndirilməsi, elmi fəaliyyətin təşviqi, innovativ təhsil mühitinin formalaşdırılması və qlobal reytinqlərdə daha yüksək mövqelərin əldə olunması istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirəcəkdir.
.jpg)


Müzakirə qapadılmışdır.