Müasir Azərbaycanın qurucusu

509

Böyük şəxsiyyətlərin, müdrik rəhbərlərin dövlətlərin taleyindəki rolu barədə tarixdən çox misallar gətirmək olar. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev kimi dahilər isə öz mübarizələri ilə dövlətin qürur doğuran tarixinin möhkəm təməlini yaratmaqla bərabər, həm də inkişaf salnaməsinin müəllifinə çevrilirlər.

Dövlətimiz möhtərəm Prezident İlham Əliyevin liderliyi ilə bir-birinin ardınca möhtəşəm uğurlara imza atmaqdadır. 2003-cü ildən bu yana gedilən dövlətçilik yolunun hər bir mərhələsi tariximizə işıq salan hadisələrlə əlamətdardır. Bu uğurların hər birini qeyd etdikcə biz həm də Ulu Öndər Heydər Əliyev şəxsiyyətinin böyüklüyünün, uzaqgörən siyasi irsinin şahidi oluruq. Ona görə Azərbaycan dövləti və xalqı hər zaman Heydər Əliyev ideyalarına tapınacaq, Ulu Öndərin müəyyən etdiyi inkişaf yoluna sadiq qalacaq. Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan hər bir tarix də bizim üçün tarix boyu müqəddəs olacaq. Bu günlərdə Ulu Öndərin anadan olmasının 98-ci ildönümü ölkəmizin hər yerində  ehtiram və məhəbbətlə anılır.

Keçdiyi şərəfli ömür yolunun 34 ilini dövlətə və xalqa həsr edən Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlər birmənalı olaraq böyük quruculuq illəri, Azərbaycanın hərtərəfli və sürətli tərəqqi mərhələsi kimi səciyyələndirilir. Ötən əsrin 70-ci illərində Azərbaycanın keçmiş sovet ittifaqının geridə qalmış aqrar respublikasından inkişaf etmiş sənaye respublikasına çevrilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır. Sovet ideologiyasının hakim olduğu o illərdə xalqımızın milli dəyərlərinin itməməsi, ana dilimizin Konstitusiyada təsbit olunması Heydər Əliyevin sayəsində mümkün olmuşdur. Heydər Əliyevin o illərdə gördüyü bütün işlər – Azərbaycanda yaradılan istehsal müəssisələri, açılan ali məktəblər, gənclərin təhsil almaq üçün keçmiş ittifaqın ən nüfuzlu məktəblərinə göndərilməsi dövlətimizin inkişafında, xalqımızın təhsil səviyyəsinin yüksəlməsində müstəsna rol oynamışdır. Və ən mühümü odur ki, Ulu Öndərin sayəsində sovet illərində yaranan möhkəm iqtisadi və intellektual potensial Heydər Əliyevin siyasi müdrikliyinin və uzaqgörənliyinin nəticəsi olaraq müstəqillik illərində də xalqımıza xidmət etmişdir.

Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında tarixi xidmətinin ən mühüm mərhələsi isə müstəqilliyimizin ilk illərində uğurla həyata keçirdiyi, lider qətiyyəti ilə başa çatdırdığı xilaskarlıq missiyasıdır. Xalqın səsinə səs verən Heydər Əliyevin 1993-cü ildə siyasi rəhbərliyə gəlişi Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanmasına və möhkəmləndirilməsinə xidmət edən başlıca amil oldu. Bu baxımdan vətənimizin parçalanmaqdan xilası, müstəqil dövlətçiliyimizin yaşadılması Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısında ən böyük tarixi xidmətidir. Ona görə də müasir tariximizə Heydər Əliyevin adı çox düzgün olaraq müasir və müstəqil Azərbaycan dövlətinin memarı kimi həkk olunub.

Ulu Öndərin müstəqil Azərbaycana rəhbərlik etdiyi 10 ildə xalqımızın intizarında olduğu arzular, niyyətlər, məramlar gerçəyə çevrildi. Bu zaman kəsiyi Azərbaycanda müstəqilliyin əbədi, daimi və dönməz xarakter alması, sabit dövlət quruluşunun yaranması, xalqımızın təbii və konstitusion haqlarına sahib çıxması, milli-mənəvi və sosial-iqtisadi yüksəlişə nail olması kimi misilsiz tarixi prosesi əhatələyir. Bu dövrdə Azərbaycan dünyada tanındı, beynəlxalq birliyin fəal üzvü kimi yerini möhkəmləndirdi, nüfuz sahibinə çevrildi.

Ötən 18 ildə Azərbaycan dövlətinin qazandığı bütün uğurların təməlində Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun uğurla həyata keçirilməsi dayanır. Prezident İlham Əliyev bu siyasəti inamla davam etdirərək Azərbaycanı Cənubi Qafqaz regionunun  sürətlə inkişaf edən və qüdrətli dövlətinə çevirib.  2003-cü ildən başlayaraq görülən işlərin miqyası, Azərbaycanın dinamik və hərtərəfli tərəqqisi naminə qəbul edilən və uğurla həyata keçirilən qlobal dövlət proqramları, onların real nəticələri, ölkəmizin dünya birliyində öz mövqelərini möhkəmləndirməsi bu həqiqətləri təsdiq edir. Ümummilli Liderin müəyyən etdiyi siyasi xəttin, inkişaf strategiyasının Prezident İlham Əliyevin qətiyyəti, siyasi və liderlik keyfiyyətləri ilə həyata vəsiqə alması Azərbaycanın bütün sahələr üzrə möhtəşəm nailiyyətlər qazanmasını təmin edir.

Azərbaycanın Qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsi dövlətimizin Heydər Əliyevin müəyyən etdiyi yolla inkişafının təcəssümü oldu. Artıq işğaldan azad edilmiş torpaqlarımızda böyük quruculuq işləri başlayıb və tezliklə doğma yurdlarından köçkün düşmüş bütün vətəndaşlarımız evlərinə qayıdacaqlar. Bu Qələbə, torpaqlarımızın azad edilməsi həm də onu təsdiqlədi ki, Heydər Əliyev siyasətinin davamı, Ulu Öndərin ideyalarının həyata vəsiqə alması Azərbaycanın yüksəlişi və qüdrətlənməsi deməkdir.

Müşfiq MƏMMƏDLİ, Milli Məclisin deputatı

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər