“Müasir istehsal infrastrukturuna malik sənaye parklarının yaradılması ölkədə sənaye sahələrinin inkişafının, ölkə iqtisadiyyatının tarazlı inkişafının təmin edilməsini, habelə istehsal sahələrinin və onun innovasiya istiqamətinin inkişafını nəzərdə tutan dövlət siyasətinin reallaşdırılmasına yönəldilib. Sənaye parklarının yaradılması, həm də ölkənin qeyri-neft sektorunun davamlı inkişafı, ölkə iqtisadiyyatının ixrac qabiliyyətinin, eləcə də rəqabətqabiliyyətli, idxalı əvəz edən məhsulların istehsalının artırılması, ətraf rayonlarda məşğulluğun təmini, investisiyaların və müasir texnologiyaların cəlb edilməsi kimi öncül vəzifələrin yerinə yetirilməsi baxımından xüsusilə əhəmiyyətlidir. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində son illərdə iqtisadiyyatın qeyri-neft sektorunun davamlı inkişafına nail olunub. Buna imkan yaradan əsas amillərdən biri özəl sektorun inkişafının diqqət mərkəzində saxlanılmasıdır. Təsadüfi deyildir ki, dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biri məhz özəl sektorun hərtərəfli dəstəklənməsi, onun daha da genişlənməsi üçün əlverişli mühitin yaradılması, bu sahədə müxtəlif yardım və təşviq mexanizmlərinin tətbiq edilməsidir. Bütün bunlar dünyada maliyyə və iqtisadi böhranın davam etdiyi bir dövrdə Azərbaycan iqtisadiyyatının dinamik inkişaf etməsinə geniş imkanlar açıb.”
sumqayitxeber.com xəbər verir ki, bu fikirləri “İki sahil” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.
M.Məmmədli bildirib ki, Azərbaycanda iqtisadiyyatın bütün istiqamətləri sürətlə inkişaf edir, dünya standartlarına uyğun müasir iqtisadi infrastruktur formalaşır: “Təbii ki, bu yüksəliş doğma Sumqayıtımızın da timsalında aydın görünür. Sumqayıt nəinki Azərbaycanın, eyni zamanda Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir. Son illər Sumqayıtda onlarca yeni istehsal müəssisələrinin yaradılması, bir sıra ənənəvi istehsal sahələrinin fəaliyyətinin canlandırılması bunu əyani təsdiq edir. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin daha da inkişaf etdirdiyi uğurlu iqtisadi və sosial siyasət nəticəsində regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla icrası Sumqayıt şəhərinin taleyində yeni bir səhifə açdı. Sumqayıt Texnologiyalar Parkının, Sumqayıt Kimya Parkının yaradılması ölkə başçısının şəhərdə sənayenin inkişafına göstərdiyi böyük dəstəyin təzahürüdür. Ölkə Prezidenti cənab İlham Əliyev “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində Peşə Təhsil Mərkəzinin açılışında vurğulayıb ki, bu gün biz Sumqayıt Kimya Sənaye Parkının timsalında yeniləşən, güclənən Azərbaycanı görürük: “Sumqayıtın potensialı daha da güclənir. Bu il burada şüşə istehsalı zavodu da fəaliyyətə başlayacaq. Oraya da böyük investisiyalar qoyulub və bizi şüşə ilə təmin edəcəkdir. Baxmayaraq ki, indi tikinti sektoru pandemiyaya görə bir qədər tənəzzülə uğrayıb, amma o, bərpa edilir və ediləcək. Biz özümüzü yerli şüşələrlə təmin edəcəyik. Bu da böyük nailiyyətdir. Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik. Burada Sumqayıt şəhərinin və xüsusilə Kimya Sənaye Parkının mühüm rolu var.” Dövlət başçımızın da qeyd etdiyi kimi, Sumqayıt Kimya Sənaye Parkında daha bir zavodun tikintisi burada rezidentlərin fəaliyyətinin genişləndirilməsi və yeni iştirakçıların cəlb edilməsi tədbirləri daha effektiv şəkildə davam etdirilir.”
Milli Məclisin deputatı vurğulayıb ki, Azərbaycanda neft-kimya sənayesinin perspektiv inkişafına xüsusi diqqət yetirən Prezident İlham Əliyevin Sumqayıtda bir çox müəssisəni özündə birləşdirəcək Kimya Sənaye Parkının yaradılması ilə bağlı təşəbbüsü bu sahənin ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb etməsini bir daha təsdiq edir: “Cənab Prezidentin son zamanlar Sumqayıta çoxsaylı səfərləri, Kimya Sənaye Parkında yaradılan müəssisələrə olan diqqəti, bununla bağlı tapşırıq və tövsiyələri də bütövlükdə Azərbaycanın neft-kimya sənayesinin perspektiv inkişafına göstərilən qayğının real təzahürüdür. Təsadüfi deyil ki, Sumqayıt Kimya Sənaye Parkında 2020-ci ilin birinci 534 milyon manatlıq məhsul istehsal edilib. Məhsulların ixracı isə 2019-cu ilin ilk 6 ayındakı rəqəmlə müqayisədə 1,5 dəfə artaraq 2020-ci ilin birinci yarısında 182 milyon manat təşkil edib. Ümumilikdə Parkda 2.9 milyard ABŞ dolları investisiya qoyulub və 23 rezident qeydiyyata alınıb. 14 rezident fəaliyyətə başlayıb. İndiyə qədər Park ərazisində istehsal olunan 1.9 milyard dollarlıq məhsulun 32 %-i ixrac olunub.”
M.Məmmədli qeyd edib ki, Sumqayıt Kimya Sənaye Parkının digər əhəmiyyəti ondadır ki, burada inşa edilən müəssisələr respublikamızın iqtisadi inkişafına öz töhfələrini verməklə yanaşı, “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin nəzdində Peşə Təhsil Mərkəzinin açılması burada fəaliyyət gösərən müəssisələrdə yerli mütəxəssislər formalaşacaq: “Daha qürurverici məqam ondan ibarətdir ki, bu peşə mərkəzinin tədris prosesinə Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin mütəxəssisləri cəlb olunub. Tələbələrin ixtisas fənləri üzrə dərslərinin 80 faizi elə Sumqayıt Kimya Sənaye Parkının müəssisələrində keçiriləcək.”