“Sumqayıt hadisələrini ermənilər və xarici dövlətlərin xüsusi xidmət orqanları təşkil edib”.
APA-nın məlumatına görə, bunu Sumqayıt hadisələri ilə bağlı yaradılmış istintaq-əməliyyat qrupunun üzvü, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi Nadir Mirzəyev Sumqayıt hadisələrinin 30-cu ildönümü münasibətilə XİN-də keçirilən mətbuat konfransında deyib.
N. Mirzəyevin sözlərinə görə, SSRİ Baş Prokurorluğunun istintaq qrupuna daxil edilmiş Azərbaycan hüquq-mühafizə orqanlarının əməkdaşlarının ifadələrindən görünür ki, iş üzrə əsas istintaq hərəkətlərini SSRİ Baş Prokurorluğu, həmçinin Rusiya, Ukrayna və Belarusun müxtəlif vilayətlərindən dəvət olunmuş müstəntiqlər icra edib, aparılan istintaq hərəkətlərindən onlar belə nəticəyə gəliblər ki, Sumqayıt hadisələrini ermənilər və xarici dövlətlərin xüsusi xidmət orqanları təşkil edib: “İstintaq qrupunun rəhbərləri cinayətin sifarişçilərinin və təşkilatçılarının müəyyən edilməsi istiqamətində demək olar ki, istintaq hərəkətləri aparmayıb, onların ifşa edilməsində maraqları olmayıb, buna görə də əsas cinayətin icraçıları barəsində işlərin tezliklə tamamlanıb məhkəməyə göndərilməsini tələb edib, Azərbaycan milliyyətindən olan müstəntiqləri əsas istintaq hərəkətlərinin icrasından kənarda saxlamağa çalışıblar, onlar əsasən texniki işlərin aparılması ilə məşğul olublar. İstintaqla müəyyən edildiyi kimi, Sumqayıt şəhərinin keçmiş güc strukturlarının əməkdaşları faktiki olaraq Sumqayıt hadisələrinin istintaq və əməliyyat yolu ilə təhqiqindən kənarlaşdırılsalar da, özlərinin apardıqları təhlillərlə müəyyən ediblər ki, şəhərdə özlərini «Qafandan qovulmuş azərbaycanlılar» kimi təqdim edən 20-25 nəfərdən ibarət təxribat qrupu fəaliyyət göstərir. Bu barədə onlara hətta bəzi zərərçəkmiş ermənilər də məlumat veriblər. Həmin məlumatlar SSRİ Baş Prokurorluğunun istintaq-əməliyyat qrupuna çatdırılsa da, naməlum səbəblərdən onların yoxlanılması təşkil edilməyib və nəticəsiz qalıb. Həmçinin müəyyən edilib ki, həmin vaxt şəhərdə gedən mitinqlərdə şəhər sakinləri olmayan şəxslər çıxış edərək özlərini Ermənistandan qaçqın düşmüş azərbaycanlılar kimi təqdim edib və erməniləri şəhərdən qovmağa çağırıb, öz aralarında isə erməni dilində danışıblar. Sumqayıt şəhərində törədilmiş kütləvi iğtişaş ərəfəsində Ermənistanın dövlət qeydiyyat nömrəsi altında bir neçə avtomaşının olması, həmçinin Sumqayıt və Bakı şəhərində yerləşən mehmanxanalarda çoxsaylı erməni millətindən olan adamın qaldığı, iğtişaşdan sonra dərhal çıxıb getdikləri müəyyən edilib. Sumqayıt şəhərində yaşayan ermənilər özlərinə məxsus evləri və əmlakı təxribat məqsədilə özləri yandırmağa cəhd göstərərək bunun günahını azərbaycanlılarının boynuna atmaq istəyiblər. İstintaqla baş vermiş kütləvi iğtişaşların olacağı barədə Sumqayıt şəhərində yaşayan ermənilərin bu hadisələrə qədər məlumatların olduğu da müəyyən edilib”.
N. Mirzəyev həmçinin bildirib ki, kütləvi iğtişaş ərəfəsində Sumqayıt şəhərinin müxtəlif yerlərində, binaların üzərində video çəkiliş aparılması üçün hazırlanmış xüsusi avadanlıqlar (videokameranın yerləşdirilməsi üçün ştativlər və s.) yerləşdirilib, iğtişaş zamanı erməni milliyyətli sakinlərə məxsus evlərin qarət edilməsi, qadının küçədə çılpaq vəziyyətdə hərəkəti özünü erməni kimi təqdim edən şəxs tərəfindən sovet hərbçilərinin razılığı ilə videogörüntüyə alınıb. Bu faktlar da Sumqayıt şəhərində kütləvi iğtişaşın erməni millətçiləri və keçmiş SSRİ-nin onları dəstəkləyən rəhbər dairələrinin təxribatçıları tərəfindən əvvəlcədən hazırlanaraq həyata keçirildiyini və azərbaycanlıların vəhşi obrazını yaratmaq niyyətini daşıdığını bir daha təsdiq edir”.
www.sumqayitxeber.com