Natiq Miri : “İran artıq bu cür dəyişikliklərə hamilədir”

1158

Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Mirinin İranda keçirilən seçkilər və Şimali Qafqaz bölgəsində baş verən proseslərlə bağlı Dünya Azərbaycanlıları Konqresi Strateji Araşdırmalar Mərkəzinə verdiyi müsahibəni təqdim edirik.

-Natiq bəy, İranda keçirilən seçkilərlə bağlı fikirləriniz bilmək istərdik.

-İranda prezident seçkilərinin dünyanın diqqət mərkəzində olduğu bəllidir. İran hakimiyyəti də demokratik seçki şousu dünyaya nümayiş etdirmək üçün Mahmud Əhmədinicata çox ciddi alternativlər çıxardılar. Bunlardan biri də Cənubi Azərbaycan türkü Musavidir. Bunda məqsəd seçkiyə heç bir inamı olmayan və hakimiyyətdən narazı olan 35-40 milyonluq azərbaycanlı türk elektoratını seçki prosesinə qatmaq idi. Namizədlər Cənubi Azərbaycan və bütövlükdə İranda çox ciddi liberal dəyişikliklər olacağı ilə bağlı vədlər verməklə cəmiyyəti seçkiyə kökləyə bildilər. Məhz bunun nəticəsi olaraq seçkidə səsvermə hüququ olan insanların 85 faizi iştirak edib. Bu rəqəm İran tarixi üçün çox böyük rəqəmdir və insanların seçki yolu ilə dəyişikliklərin olacağına inamın göstəricisidir. Ancaq bunun müqabilində səslərinin qutudan çıxmadığını görən insanlar aldadıqlarını anladılar və artıq köhnə qaydada yaşamaq istəməyən seçicilər ədalətin bərpa olunması tələbi ilə küçələrə çıxdılar. Bu, xaricdən heç bir ciddi dəstəyi olmayan, yaxşı təşkilatlanmamış, aşağıdan spontan olaraq başlayan və hakimiyyətdə təmsil olunan bir neçə məmurun dəstəyilə ortaya çıxmış bir etirazdır. Tələblərə və şüarlara diqqət etsəniz, orada rejim əleyhinə heç bir fakt tapa bilməzsiniz. Söhbət sosial, siyasi, iqtisadi və mənəvi azadlıqlar yönündə dəyişikliklər istəyən toplumun total saxtalıqla önünün kəsilməsindən doğan etirazdan gedir. Rəngli, ya rəngsiz heç bir inqilabdan söhbət gedə bilməz. Çünki bunun üçün nə daxili, nə də xarici faktorlar mövcud deyil. Artıq insanlar etirazın passiv dirəniş formasına keçiblər. Bu da etirazların azalan xətlə davam edəcəyinin göstəricisidir. Digər tərəfdən, ölkənin başçısı Xameneyi cümə namazındakı çıxışında seçkilərin yenidən keçirilməsinin mümkünsüzlüyünü və Əhmədinicata dəstəyini elan etməklə bir növ prosesin gələcək inkişafının qarşısını almış oldu. Ancaq buna baxmayaraq hakimiyyətdə müəyyən parçalanmaların olduğu da ortadadır. Bundan belə olsa-olsa, Musavi komandasının üzvlərinə hakimiyyətdə bir neçə günəş altda yer təklif edə bilərlər ki, bununla da proses bitmiş hesab olunacaq. Əslində Musavinin apardığı dava da “yorğan” üstdədir. Ondan süni olaraq inqilabçı obrazı yaratmağa ehtiyac yoxdur. O, tipik İranın klerikal rejiminin yetirdiyi bir kadrdır.

-Neçə düşünürsünüz, İran nə vaxtsa demokratiya sisteminə keçə biləcəkmi?

-Bütün uğursuzluqlara baxmayaraq İrandakı prezident seçkilərinin çox ciddi əhəmiyyəti oldu. Bu hadisələr İran toplumunun şüur altında çox ciddi sosial-psixoloji dəjişikliklərinə səbəb oldu. Artıq bundan sonra İran hakimiyyəti liberal dəyişikliklər etmədən cəmiyyəti asanlıqla idarə edə bilməyəcək. Bunu yaxın zamanlarda hamımız müşahidə edəcəyik. Əks təqdirdə, sözün əsl mənasında inqilabi şərait yaranacaq ki, bunun da altından mövcud İran rejimi qalxa bilməyəcək. Yəni siz dediyiniz demokratik yöndə dəyişikliklər çox da uzaqda deyil. Bu cür dəyişikliklərin baş verdiyi təqdirdə, İran regionda, Orta və Mərkəzi Asiyada qlobal dəyişikliklərin plasdarmına çevriləcək. İran artıq bu cür dəyişikliklərə hamilədir.

-Cox maraqlıdır ki,İranda keçirilən seçkilər və onun nəticələri ilə bağlı Amerika, Avropa Birliyi ölkələri o qədər sərt yanaşmır, loyallıq nümayiş etdirirlər. Bunun səbəbini nə ilə bağlamaq olar?

-Qərb seçki gününə qədərki mərhələnin hakimiyyət tərəfindən razılaşdırılmış bir oyun olduğunu bilirdi. Buna görə də seçki prosesinə müdaxilə etmədən oyunu kənardan yalnız müşahidə etməklə yetindilər. İkincisi, seçkidən sonrakı qarşıdurmaların səbəbkarı olmadıqları üçün prosesə ciddi müdaxilə etmədilər. Üçüncüsü, Qərb üçün prosesin qeyri-müəyyənliyi də burada öz rolunu oynadı. Dördüncüsü, ABŞ uranın zənginləşdirilməsi prosesinin dayandırılması ilə bağlı İranla münasibətləri istiləşdirmək istədiyi bir ərəfədə heç bir ciddi siyasi nəticəsi olmayacaq hadisədən ötrü gələcək perspektivi korlamaq istəmədi. Beşincisi, ABŞ-ın Müsəlman dünyasında bir düşmən obrazını dağıtmaq istəyən Obama hakimiyyətinin ehtiyatlı addımı kimi dəyərləndirilə bilər. Altıncısı, ABŞ İran cəmiyyətinə təqdim olunan şeytan olmadığını, əksinə yumşaq bəyanatlarla onlara dost olduğunu nümayiş etdirdi. Ən nəhayət, İranda inqilabi situasiyanın yetişmədiyini gördüklərindən, prosesə ciddi müdaxilə etmədilər.

-Ümumiyyətlə, bu seçimlər Azərbaycan türklərinin bir güc olduğunu ortaya çıxarda bildimi və seçimlərin Güney Azərbaycanda gedən proseslərə təsiri olacaqmı?

-Təbii ki, yox. Bu gün ölkədə proseslərə daha çox ümümiran konteksində yanaşmaq lazımdır. Prezident seçkilərindən sonra İranda ishalahat tərəfdarlarına qarşı aparılan repressiv tədbirlərin sayəsində biznes dairələrinə məxsus olan yüzlərlə işadamları artıq müxtəlif vasitələrlə xarici dövlətlərə miqrasiya etmək məcburiyyətində qalıblar. Bu sıraya alimləri, ziyalıları və tələbələri də əlavə etmək olar. Müşahidələr göstərir ki, hər on ildə bir dəfə klerikal rejimin mülayimləşməsini, islahatların aparılmasını istəyənlərə qarşı belə təqib və repressiyalar aparılır. Bütün bunlar rejimin mahiyyətindən doğan fəsadlardır. Bütün bunlarla yanaşı, Güney Azərbaycanda gedən proseslərdə milli oyanış ötən 31 ildə kəmiyyət və keyfiyyət baxımından xeyli dəyişib. Çünki mərkəzi hakimiyyətin uzun illərdir Güney Azərbaycana olan ögey münasibəti sayəsində burada ağır sosial-iqtisadi həyat şəraiti dözülməz həddə çatıb. Bununla yanaşı, hətta rejimi fəal şəkildə müdaifə edən və etnik kökəncə türk olan vətəndaşlara qarşı fars şovinizmi prinsipləri ilə yanaşıldığı üçün Güney Azərbaycan türklərinin ictimai fikrində milli kimlik dəyərləri üstün keyfiyyətlərlə inkişaf etməkdədir. Çünki illərdir Tehran rejiminin özünün yazıb cızdığı Ana Yasanın heç bir qanunlarına əməl olunmur. İndiki zamanda informasiya əsrinin qarşısına hansısa ideoloji formada yasaqların qoyulması proseslərə heç bir təsir göstərmək gücündə deyil. İndi Güney Azərbaycan türklərinin kimlik davasını gücləndirən yüzlərlə informasiya, təhlil mərkəzləri yaranıb. Bu da öz növbəsində Güney Azərbaycan türklərinin maariflənməsində müstəsna xidmət göstərən faktora çevrilib. Bu seçkinin də Azərbaycan türklərinin sosial-psixoloji düşüncəsində ciddi təsir buraxacağı inancındayam. Artıq İran cəmiyyəti və onların tərkib hissəsi kimi Azərbaycan türklərinin rejimə olan inamında ciddi sarsılma baş verdi. Xüsusilə də Hameneyinin Əhmədinicatı dəstəkləmək və seçkinin doğru keçirilməsi yönündə cümə namazında verdiyi bəyanatdan sonra. Əksəriyyət anladı ki, müsbət yöndə dəyişikliklərin önündə əngəl olan hansısa Əhmədinicatlar deyil, bütövlükdə rejimdir. Bu da gələcək perspektiv baxımından çox əhəmiyyətlidir.

-Azərbaycan Milli Strateji Təhqiqat Mərkəzi Şimali Qafqazda gedən prosesləri diqqətlə izləyir. Bölgə bu gün Dövlət məmurlarının əcəl yuvasını xatırladır. Orada nələr baş verir?

-Quzey Qafqaz regionlarında milli muxtar bölgələrin indi respublika statusuna malik olması sayəsində Dağıstan, İnquşetiya, Çeçenistan, Quzey Osetiya, Kabarda-Balkar, Qaraçay-Çərkəz, Adıgey və kalmıkstan respublikaları mövcuddur. Kremlin indiki sahibləri Quzey Qafqaz regionlarında ictimai fikirdə formalaşan və inkişaf edən dövlət, milli, dini və mədəni düşüncənin şüurunu bütün imkanları ilə qarşısını almaq üçün ciddi addımlar atmaqdadır. 2001-ci ildə sabiq prezident, indiki baş nazir Vladimir Putinin qərarı ilə bu respublikalarda milli dillərdə yayımlanan televiziya və radio verilişlərini uydurma “maliyyə çətinliyi” adı altında bağlatdırıbdır. Bunun ardınca isə milli dillərdə nəşr olunan qəzet və jurnalların nəşri dayandırılıb. İndi də milli respublikalara məxsus Elmlər Akademiyalarında milli tarixin, ədəbiyyatın, dillərin, etnoqrafik tədqiqatların maliyyələşdiriləməsi yasaq olunub. Təbii olaraq bütün bunlara qarşı adekvat addımların atılması üçün milli respublikalar duirəniş göstərirlər. Rusiya Quzey Qafqazdakı milli respublikalarda daxili və xarici investisiyaların qoyulmasını mümkün olan bütün vasitələrlə qarşısını alır. Buna görə də həmin respubliklarda həyat şəraiti dözülməz həddədir. Rusiya Federasiyası boyunca adambaşına milli gəlirə görə ən az imkanlar məhz Quzey Qafqaz respublikalarına məxsusdur. Bu respubliklarda milli dirənişlərə qarşı isə Rusiyanın FSB, Müdafiə, Federal Sərhəd Xidməti, Daxili İşlər nazirliklərinə məxsus cəza orduları qəddarcasına antiterror əməliyyatları adı altında ağır zərbələr vurulmaqdadır. Dünyanın heç bir dövlətində mövcud olmayan “ölüm eskadronları” adlı gizli hərbi birliklər məhz Rusiyada mövcuddur. Bu hərbi birlik Quzey Qafqazlarda istənilən an hərbi əməliyyatlar keçirmək hüququna malikdirlər. Onların heç bir günahı olmayan insanları evlərindəcə qurşunlamaq hüquqları vardır. Rusiyanın həbsxanalarında bu gün 40 min nəfərdən artıq günahsız çeçen vətəndaşları saxlanılırlar. Belə bir münasibət digər Quzey Qafqaz respublikalarına da tətbiq olunubdur. Sözün həqiqi mənasında Quzey qafqaz respubliklarına qarşı aparteid münasibət mövcuddur.
Buna düşünülmüş olaraq Rusiyanın dövlət terroru adını vermək olar. Xalqların 10 illər boyu yetişdirib ortaya çıxardıqları dövlət adamlarını, bir sözlə qaymaqlarını müxtəlif təxribatlarla aradan götürürlər. Çox ciddi başsızlaşdırma siyasəti aparılır. Rusiya bu gün regionda daha çox kriminal elementlərlə işləməyə üstünlük verir. Buna görə də bölgə idarəolunmaz hala gəlib. Bunun da tezliklə bumeranq olaraq Rusiyanın özünü vuracağı qaçılmazdır.

-Natiq bəy, Rusiya Qafqaz bölgəsinə nəzarət etmək üçün 200 ildən coxdur ki,mücadilə aparır. NATO-nun bölgədə güclənmə ehtimalı varmı?

-Güney Qafqaz respublikaları arasında Gürcüstan və Azərbaycanın NATO ilə münasiətləri uzlaşdırmaq üçün bir sıra strateji müqavilələr imzalayıbdır. İndi bu iki dövlətə məxsus ordularda NATO standartlarına uyğun peşəkar hərbi qüvvələr hazırlanıb. Bu qüvvələr NATO bayrağı altında Kosovo, İraq və Əfqanıstanda nümayiş etdirdikləri sülhməramlı fəaliyyələri bunun təsdiqidir. Rusiya Ermənistanla strateji müttəfiqliyini nəzərə alaraq Güney Qafqazda NATO-nun güclənməsinin qarşısını almaq istəyir. Çünki bu iki dövlət arasında 25 il müddətinə hərbi strateji müttəfiqlik müqaviləsi mövcuddur. Təbii olaraq NATO ilə müttəfiqlik sahəsində Azərbaycan və Gürcüstanın müdafiə nazirləri bu ilin mart ayında Belçikanın paytaxtı Brüsseldə NATO-nun Baş Qərargahında bir sıra müqavilələr imzalayıblar. Hər iki dövlətin müdafiə sisteminin NATO standartlarına uyğunlaşdırılması istiqamətində xeyli uğurlar mövcuddur. Biz hesab edirik ki, NATO ilə strateji sahələrdə əməkdaşlıq etməyin Güney Qafqazda çox mühüm əhəmiyyəti var. NATO, əslində demokratik dövlətlərin hərbi birliyi deməkdir. Hansı dövlət və xalq NATO ilə əməkdaşlıq edirsə, bu, eyni zamanda, həmin regionun strateji mənada hərbi təhlükəsizliyinin bir başa qarantı deməkdir. NATO-ya qarşı olan dövlətlər totalitar təfəkkürə sadiq olduqlarını nümayiş etdirirlər. Keçmiş SSRİ bir dövlət olaraq 1991-ci ildə çöksə də, çox təəssüflər olsun ki, Rusiya və rus xalqı hələ də imperiya təfəkküründən uzaqlaşmaq istəmirlər. Məhz buna görə Güney Qafqaz siyasətində Abxaziya, Güney Osetiya və Dağlıq Qarabağ kimi münaqişə ocaqları yaradılıb. Bu separatizmin fövqündə isə Güney Qafqaz dövlətlərindən Gürcüstan və Azərbaycana qarşı təsir vasitələri kimi istifadə etməklə Rusiya özünün hələ də hegemon güc olduğunu göstərir. Halbki Rusiya Güney Qafqaz dövlətləri ilə mehriban və səmimi qonşuluq taktikasını seçməlidir. İndi dünyanın ağıllı xalqları qarşılıqlı əməkdaşlıq prinsiplərini müdafiə edirlər. Orta əsrlərin təfəkkürü ilə indi dövlət idarəetmə mexanizminə üstünlük vermək mümkün deyil. Çünki zaman fərqli şərtlər daxilində inkişafın metodologiyasına önəm verir.

Söhbətləşdi: Elnur Eltürk

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər