Nazir Sumqayıtda məşğulluq sahəsində görülən işlərdən danışdı

1157

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Abşeron rayonunda həmin rayonun, Xızı, Qubadlı rayonlarının və Sumqayıt şəhərinin sakinlərini fərdi qaydada qəbul edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən xəbərə görə, vətəndaşlarla görüşündə S. Müslümov Prezident İlham Əliyevin uğurlu sosial siyasətinə uyğun olaraq ildən-ilə gücləndirilən sosial müdafiə tədbirlərinin Abşeron, Xızı, Qubadlırayonlarının və Sumqayıt şəhərinin əhalisini də əhatə etdiyini vurğulayıb.

Həmin şəhər və rayonların müvafiq qruplardan olan sakinlərinin pensiya və müavinətlərlə, sosial xidmətlərlə, reabilitasiya vasitələri ilə təminatı barədə məlumat verən nazir Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin mənzillərlə təmin olunması sahəsində bu bölgədə də məqsədyönlü işlərin aparıldığını diqqətə çatdırıb. Qəbula gələn vətəndaşlar əsasən sosial təminat növlərinə hüququn müəyyən olunması, bərpa müalicəsinə köməklik göstərilməsi, məşğulluğun təmin edilməsi, aktiv məşğulluq tədbirlərinə, o cümlədən özünüməşğulluq proqramına, peşə hazırlığına cəlb olunma, imtiyazlı şəxslərin mənzillə təminatı, əmək hüquqlarının müdafiəsi məsələləri ilə əlaqədar müraciət ediblər. Müraciətlərin mühüm bir hissəsi sorğu xarakterli olduğundan aidiyyəti üzrə vətəndaşlara izahatlar verilib, onların müvafiq məsələlərlə bağlı hüquqi məlumatlandırılması təmin olunub. Digər müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar yerindəcə tədbirlər görülüb. Xüsusən də işlə təmin edilməsinə köməklik göstərilməsi üçün müraciət edən bir qrup şəxsə elə qəbul zamanı peşə və bacarıqlarına uyğun vakansiyalar təklif edilib və seçdikləri vakansiyalar üzrə onlara münasib iş yerlərinə göndərişlər verilib. Bir sıra şəxslərin müraciətləri nəzərə alınmaqla özünüməşğulluq proqramına, peşə hazırlığı kurslarına cəlb edilmələri tapşırılıb.

S. Müslümov vurğulayıb ki, regionların sosial-iqtisadi inkişafı məqsədilə ötən dövrdə qəbul edilən Dövlət Proqramları Abşeron, Xızı rayonlarında, Sumqayıt şəhərində də dinamik inkişaf proseslərinə şərait yaratmaqla, çoxsaylı yeni iş yerlərinin açılmasına, bölgədə əmək resurslarının məşğulluq imkanlarının artmasına səbəb olub: “Ötən il də bu şəhər və rayonlarda əhalinin məşğulluğuna yönələn tədbirlər əmək bazarında sabitliyin davam etməsinə imkan verib. Bunun əyani ifadəsi kimi 2017-ci ildə nazirliyin məşğulluq orqanlarına iş üçün edilən müraciətlərin sayı əvvəlki illə müqayisədə Abşeron, Xızı, Qubadlı rayonları və Sumqayıt şəhəri üzrə də əhəmiyyətli şəkildə azalıb. Ötən il məşğulluq orqanlarının xətti ilə həmin şəhər və rayonlar üzrə 3517 nəfər işsiz və iş axtaran şəxs münasib işlərlə təmin olunub, 226 nəfər peşə hazırlığına cəlb edilib, özünüməşğulluq proqramı çərçivəsində isə 80 nəfər aztəminatlı ailənin kiçik ailə təsərrüfatları yaradılıb. Cari il ərzində özünüməşğulluq proqramının genişləndirilməsi şəraitində həmin şəhər və rayonlar üzrə də ümumilikdə 404 aztəminatlı ailənin (o cümlədən Abşeron rayonu üzrə 150, Sumqayıt şəhəri üzrə 200, Xızı rayonu üzrə 18, Qubadlırayonu üzrə 36 aztəminatlı ailənin) aktivlərlə təmin edilməklə kiçik ailə təsərrüfatlarının formalaşdırılması planlaşdırılıb”.

Qəbul zamanı S. Müslümov ayrı-ayrı vətəndaşların müraciətlərinə uyğun olaraq onların bərpa müalicəsinə cəlb edilmələri, reabilitasiya avadanlıqları və sosial xidmətlərlə təmin olunmaları üçün nazirliyin müvafiq struktur bölmələrinin məsul şəxslərinə tapşırıqlar verib. Nazir qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sumqayıt şəhərindəki Əlillərin Regional Bərpa Mərkəzində də digər bir sıra bərpa mərkəzlərində olduğu kimi, əsaslı təmir işləri aparılmaqla müasir tələblərə uyğun reabilitasiya şəraitinin yaradılması təmin olunacaq.

Vətəndaşlar ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi və məşğulluq imkanlarının artırılması, həssas əhali qruplarının dövlət qayğısı ilə əhatə olunması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlərə, həmçinin pensiyaçıların rifah halının yaxşılaşdırılması sahəsində növbəti tədbir kimi  əmək pensiyalarının cari ilin əvvəlindən artırılmasını təmin edən 09 fevral 2018-ci il tarixli Sərəncamın imzalanmasına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Qəbul zamanı nazirliyin səlahiyyət dairəsinə aid olmayan müraciətlərdə əksini tapan məsələlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər