Təhsil Nazirliyi bəzi məktəblərdə direktorlar tərəfindən məktəbli formalarının konkret ünvanlardan alınması ilə bağlı valideynlər qarşısında tələblər irəli sürməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirilib.
Oxu.Az-ın məlumatına görə, təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Məhəbbət Vəliyeva jurnalistlərə açıqlamasında bildirib ki, direktorların istər məktəbli formasının əldə olunması, istərsə də digər ləvazimatların alınması ilə bağlı valideynlərə hər hansı tələb qoyması yolverilməzdir:
“Bu cür məlumatlar Bakı Şəhəri üzrə Təhsil İdarəsinə daxil olan kimi qanunauyğun olaraq müvafiq addımlar atır. Heç bir məktəb rəhbərinin valideynə məktəbli formasının alınması ilə bağlı tələb irəli sürmək səlahiyyəti yoxdur. Ümumtəhsil məktəbinin nümunəvi nizamnaməsinə əsasən şagirdlər məktəbə məktəbli formasında gəlməlidirlər”.
Nazir müavini qeyd edib ki, forma məktəb tərəfindən müəyyənləşdirir, lakin onu əldə etməklə bağlı valideynlərə azad seçim imkanı yaradır: “Valideynlərə müraciət edərək bildiririk ki, istər məktəbli forması, istər digər məktəb ləvazimatlarının alınması ilə bağlı məcburiyyət tətbiq edilsə, Təhsil Nazirliyinin 146 Qaynar xəttinə, yaxud Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət etsinlər”.