Ölkəmiz daha da qüdrətlənərək yeni zəfərlərə doğru inamla addımlayacaq

786

Prezident İlham Əliyev cari il yanvarın 10-da yerli televiziya kanallarına üç saata yaxın müsahibəsində müraciət xarakterli fikirlər söylədi. Həmin müsahibəni ölkəmizin ictimai-siyasi həyatında baş vermiş möhtəşəm hadisə kimi dəyərləndirmək olar.
Müsahibəsində Prezident İlham Əliyev qeyd etdi ki, müstəqil tariximizin ən həlledici məqamı məhz 2003-cü il idi. Çünki o vaxt ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşma tam özünü təsdiqləmişdi, yəni, Heydər Əliyev siyasəti davam etdirildi. Əgər tarix başqa istiqamətdə getsəydi, bilmək olmaz, xalqımız, dövlətimiz hansı bəlalar, faciələrlə üzləşə bilərdi. 2003-cü ildə əsası 1993-cü ildə qoyulmuş siyasətə bir daha dəstək verildi. 1993-2003-cü illərin hadisələrinə nəzər salsaq görərik ki, məhz bu illər ərzində bugünkü dövlətçilik prinsipləri bərqərar olundu və Azərbaycanda vətəndaş cəmiyyəti yaradıldı, eyni zamanda, xalq-iqtidar birliyi artıq önəmli bir amilə çevrildi.
Son 20 ilin tarixinə gəldikdə isə hər şey göz qabağındadır. Ötən 20 il ərzində ölkəmizin qarşısında dayanan bütün hədəflərə nail olundu. Siyasi-iqtisadi baxımdan güclənən Azərbaycan ordu potensialını artıraraq dünyanın ən güclü ordularından birini yaratmağa nail oldu. Hədəf ərazi bütövlüyü təmin olunmuş güclü Azərbaycan idi. Ölkə başçımız 20 illik hakimiyyətinin 17 ilini bu hədəfə çatmaq üçün görülən işlərə həsr etdi. Nəhayət, 2020-ci ildə ölkəmiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin Liderliyi ilə tarixi Zəfər qazandı. Ötən ilin sentyabr ayında isə ərazi bütövlüyümüz və suverenliyimiz bütün ölkə ərazisində tam bərpa edildi. Cənab Prezidentin vurğuladığı kimi, müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayır. Bu gün biz 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başlayırıq. Bugünkü Azərbaycan, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasındadır. Azərbaycan həm beynəlxalq aləmdə, həm regionda, eyni zamanda, daxili siyasət prioritetlərinin düzgün seçilməsində bir çox ölkələr üçün nümunə ola bilər.
Cənab Prezident müsahibəsində Ermənistanla aparılan sülh danışıqlarının hazırkı vəziyyəti, Zəngəzur dəhlizi ilə bağlı məqamlara da toxundu. Ötən ilinin sentyabr ayında keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra ölkəmiz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi, separatizm dəftərini birdəfəlik bağladı. Bu isə Ermənistanla sülh müqaviləsinin imzalanması üçün şərait yaradır. Azərbaycan yenə də ədalətli, haqlı tərəf kimi beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq sülh müqaviləsini imzalamağa hazırdır. Amma Ermənistanın qeyri-konstruktiv mövqeyi, havadarlarının dəstəyi ilə ortaya qoyduğu ədalətsiz yanaşma müqavilənin imzalanmasına imkan vermir. Eyni mövqeni Zəngəzur dəhlizi ilə bağlı məsələdə də görürük. Siyasi manipulyasiyalarla məşğul olan Ermənistan anlamalıdır ki, bu, onun Üçtərəfli bəyanata əsasən öhdəliyidir və Zəngilanla Ordubad arasındakı ərazidə bizə maneəsiz keçid verməlidirlər. Cənab Prezidentin müsahibəsində qeyd etdiyi kimi, əks təqdirdə, Ermənistan əbədi dalan kimi qalacaq və əgər, dediyim marşrut açılmasa, biz Ermənistanla heç bir başqa yerdə sərhədimizi açmaq fikrində deyilik. Yəni, beləliklə, onlar bundan daha çox ziyan görəcəklər, nəinki xeyir.
Cənab Prezident həmçinin vurğuladı: “Bizim əsas milli ideyamız ərazilərimizi azad etmək idi. Yəni, bütün xalq bu ideya ətrafında, bu amal ətrafında birləşmişdi, biz bunu artıq əldə etmişik. Ona görə gələcək inkişafla bağlı, əlbəttə ki, mənim fikirlərim var və bir çox hallarda onlar həlledici olacaq təbii ki. Ancaq mən istərdim ki, cəmiyyətdə də bu məsələ ilə bağlı diskussiyalar getsin, siyasətçilər, politoloqlar, elm adamları, ziyalılar, yəni, bizim gələcək inkişafımızla bağlı əsas milli ideya və ideyalarımız nə olmalıdır. Bu, bir ictimai müzakirə mövzusu olmalıdır”.
Bəli, ölkəmizin qarşısında dayanan bütün vəzifələr yerinə yetirildi və artıq yeni mərhələ, yeni dövr, yeni missiya başlayır. Bu baxımdan fevralın 7-də keçiriləcək prezident seçkiləri mühüm əhəmiyyət kəsb edir. Cənab Prezident sözügedən müsahibəsində prezident seçkilərinin keçirilməsini şərtləndirən əsas amilləri diqqətə çatdırdı. Birinci səbəb kimi suverenliyimizin tam bərpası vurğulandı. Dövlət başçısı bildirdi ki, sentyabr ayında biz elə bir dövrə yekun vurmuşuq ki, bu, epoxal bir hadisədir. Yəni, Azərbaycanın çoxəsrlik tarixində buna oxşar Zəfər olmamışdır. İkinci səbəb müstəqil həyatımızda seçkilər ərazilərimizin hər bir yerində keçiriləcək. Digər mühüm məqam, cənab İlham Əliyevin Prezident kimi fəaliyyətinin 20 ili tamamlandı. 20 ildən sonra yenidən prezident seçkilərinin keçirilməsi təbii ki, bu xronoloji dövrü də əsaslandırmış olur. Beləliklə, yeni dövr başlayır və dövlət başçımızın vurğuladığı kimi, “prezident seçkiləri bu yeni dövrə xeyir-dua verəcək. İlk dəfə olaraq müstəqil həyatımızda seçkilər ərazilərimizin hər bir yerində keçiriləcək. Prezident seçkiləri bütün digər seçkilərlə müqayisədə ən vacib seçkilər olduğu üçün birinci bütün ərazilərdə keçiriləcək seçkilər prezident seçkiləri olmalıdır. Azad edilmiş ərazilərdə və ölkəmizin hər bir yerində prezident seçkiləri birinci seçkilər olmalıdır.”
Ölkə başçısı eyni zamanda diqqətə çatdırdı ki, yeni dövrün yeni hədəfləri olmalıdır. Biz yeni dövrə köhnə hədəflərlə gedə bilmərik, çünki o hədəflər artıq əldə edildi və indi bəzi ölkələr var ki, öz tarixi keçmişini, tarixi uğurları illər boyunca, onilliklər ərzində istismar edirlər. Biz nə etmişiksə etmişik, xalq da bunu qiymətləndirir və qiymətləndirəcək.
Ölkəmizin əldə etdiyi uğurlar, gələcək perspektiv inkişaf istiqamətləri baxımından böyük əhəmiyyət kəsb edir.
Bir sözlə, dövlət başçısının mediaya tam açıq olması, Ona ünvanlanan istənilən sualı geniş şəkildə cavablandırması həm xalqımız, həm də beynəlxalq ictimaiyyətlə çox nadir dialoq formasıdır. Biz İkinci Qarabağ müharibəsi dövründə də bu formanın şahidi olduq. Dövlət rəhbərimizin xalqa müraciətlərində, birbaşa dialoqunda, nüfuzlu beynəlxalq media orqanlarına verdiyi müsahibələrində söylədiyi mühüm fikirlər, çatdırdığı önəmli messajlar həm xalqın məlumatlandırılması, həm də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında müstəsna dərəcədə böyük rol oynayır.
Bütün bunlardan belə nəticə hasil etmək olar ki, ölkəmiz daha da qüdrətlənərək yeni zəfərlərə doğru inamla addımlayacaq.

Nizami Əhmədov,
Təbiət elmləri təmayüllü gimnaziyanın direktoru,
Tərəqqi medallı Əməkdar müəllim

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər