Ölkəmizin bütün sahələrdə göstəriciləri ildən-ilə yüksəlir

690

Davamlı və sürətli inkişaf edən ölkəmizin bütün sahələrdə göstəriciləri ildən-ilə yüksəlməkdədir. Həyata keçirilən islahatlar, vətəndaşlarımızın sosial-iqtisadi vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində atılan addımlar, qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar öz müsbət nəticələrini göstərir. Bunu Prezident İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə açıqlanan rəqəmlər də təsdiqləyir. Rəqəmlərə diqqət yetirdikdə görürük ki, son altı ayda qarşıya qoyulan məqsədlərə nail olunub. Belə ki, əvvəlki illərdə olduğu kimi, ölkəmizdə davamlı inkişaf təmin edilib, qeyri-neft sektoru yüksəlib, Qarabağda və Şərqi Zəngəzurda misli görünməmiş yenidənqurma və quruculuq işlərinə başlanılıb. Ölkəmizin maliyyə imkanları da genişlənib ki, bu da müvafiq sahədə aparılan islahatların uğurlu nəticəsi və şəffaflığın təmin olunmasının nəticəsi kimi qiymətləndirilə bilər.

Müşavirədə məlum oldu ki, cari ilin dövlət büdcəsi 33 milyard manatdan çox səviyyəyə qalxıb. Prezident İlham əliyev qeyd etdi ki, ilin birinci yarısında əlavə gəlirlərin əldə edilməsi imkan verdi ki, təcili həllini gözləyən məsələləri daha tez zamanda həll etmək üçün büdcəyə əlavələr edək. Bu gün bizim büdcəmiz 36 milyard manatdan çoxdur. Bu, bizə imkan verir ki, həm ölkə qarşısında duran əsas investisiya layihələrini icra edək, ilk növbədə, azad edilmiş torpaqlarda geniş quruculuq işlərinə növbəti təkan verək və bizim hərbi gücümüzü artıraq.

Maliyyə sektorundakı nizam-intizamın möhkəmləndirilməsi, vergi və gömrük orqanlarında islahatların davam etdirilməsi, şəffaflığın təmin edilməsi – bütün bu amillər imkan verdi ki, ilin ortasında biz büdcəyə yenidən baxaq və dürüstləşmə aparaq. Dövlətimizin başçısı bildirdi ki, dürüstləşmə zamanı bizim əsas iki istiqamətimiz də çox açıq-aydın qoyulmuşdur. Bütövlükdə 3 milyard manatdan çox vəsait əlavə edildi. Bunun 1,8 milyard manat hissəsi Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsinə istiqamətləndirilmişdir, 1,1 milyard manat isə hərbi potensialımızın güclənməsinə.

Prezident İlham Əliyev çıxışından bəzi sitatlara diqqət yetirək:

  • Qeyri-neft sənayemiz 6,5 faiz və qeyri-neft sektoru, ümumiyyətlə, 3 faizdən çox artıb.
  • Ölkələrin böyük əksəriyyəti daha çox idxal edir, nəinki ixrac edir. Bizdə isə bu, tam əksinədir və ilin birinci altı ayında bizim profisitimiz təqribən 10 milyard dollara yaxındır.
  • Xarici dövlət borcumuz ümumi daxili məhsulumuzun 10 faizinin altında olmalıdır. Mütləq rəqəmlərdə bizim borcumuz cəmi 6,7 milyard dollardır və bu da ümumi daxili məhsulumuzun təxminən 10 faizini təşkil edir.
  • Manatın məzənnəsi altı ildir ki, sabitdir və bu da dünya praktikasında, xüsusilə indiki şəraitdə nadir hadisələrdən biridir. Bu, düşünülmüş siyasətin təzahürüdür və bu siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır.

Dövlətimizin başçısı onu da qeyd etdi ki, inflyasiyanın ikirəqəmli olması bizi düşündürməlidir. İlin sonuna qədər inflyasiya birrəqəmli səviyyəyə düşə bilər. Burada təbii səbəblərlə yanaşı, subyektiv səbəblər də vardır. Onlar daha ciddi araşdırılmalıdır.

Böyük Qayıdış proqramının icrasına diqqət çəkən Prezident İlham Əliyev bəyan etdi ki, bütövlükdə Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. İlin sonuna qədər Laçın şəhərinin Zabux və Sus kəndlərinə də keçmiş məcburi köçkünlər qayıdacaqlar. Qayıdış proqramı ardıcıllıqla aparılır. İlin sonuna qədər bizim artıq beş yaşayış məntəqəmizdə – bir şəhər və dörd kəndimizdə vətəndaşlar öz dədə-baba torpaqlarında tam məskunlaşacaqlar.

Bütövlükdə nəzərdə tutulmuş investisiya proqramı əsasında bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzura təqribən 12 milyard manata qədər vəsaitin xərclənməsinəzərdə tutulur. Görülən bütün işlər Azərbaycanın hesabına həyata keçirilir. İki məktəb istisna olmaqla, qalan bütün infrastruktur, inşaat işləri Azərbaycanın büdcəsi hesabına və Azərbaycanın dövlət şirkətləri tərəfindən həyata keçirilir. Eyni zamanda, Heydər Əliyev Fondu ondan çox məscidi yenidən inşa edir, yaxud da ki, onları əsaslı şəkildə bərpa edir.

Prezident İlham əliyev şəffaflıq məsələsinə xüsusilə diqqət yetirdi. Bir daha qeyd etdi ki, ayrılan vəsaitə böyük qənaətlə yanaşmalıyıq və şəffaflıq tam təmin edilməlidir – həm büdcə gəlirlərinin toplanmasında, həm də xərclənməsində.

Dövlətimizin başçısı müşavirədə nəqliyyat sektorunun əhəmiyyətinə də diqqət çəkdi. Bildirdi ki, bəzi məhdudlaşdırıcı tədbirlər yeni nəqliyyat marşrutlarının açılmasına gətirib çıxarır və Azərbaycanın əlverişli coğrafi vəziyyəti bizim üçün əlavə imkanlar yaradır.

Nəqliyyat sektoruna tələbat daha da artır. Həm Şimaldan Cənuba və əks istiqamətdə, həm də Şərqdən Qərbə və əks istiqamətdə yükdaşımaların artması göz önündədir. Burada da Azərbaycan çox etibarlı tərəfdaş kimi çıxış edir və öz qonşuları ilə sıx təmasdadır, qonşuların nəqliyyat problemlərinin həlli üçün öz köməyini də əsirgəmir.

Dövlət başçısı Azərbaycanın nəqliyyat sektoru ilə bağlı aşağıdakı üstünlüklərini xüsusilə vurğuladı:

  • Lazımi hüquqi baza var və sənaye zonaları artıq uzun illərdir ki, fəaliyyət göstərir.
  • Ələt Azad İqtisadi Zonasının rəsmi açılışı oldu və dövlət tərəfindən qoyulan sərmayə artıq nəticə verməyə başlamışdır.
  • Ölkə ərazisində Cənubdan Şimala və Şərqdən Qərbə gedən yollar rayonlarımızın əksəriyyətini əhatə edir.
  • Öz nəqliyyat imkanlarımızı hüdudlarımızın kənarına da çıxara bildik. İlk növbədə, Qara dənizdə. Üç böyük tanker alınmışdır, hərəsi 115 min tonluq.
  • Azərbaycan mallarının Azərbaycan şirkəti tərəfindən daşınması bizə əlavə gəlir gətirəcək və biz artıq Qara dənizdə də varıq. Bizim kiçik həcmli gəmilərimiz var idi. Amma bu gün bizim “Aframax” tipli ən böyük tankerlərimizdən üçü artıq Qara dənizdə işləyir.
  • Qonşu ölkələrlə və tərəfdaş ölkələrlə aparılan danışıqlar göstərir ki, Azərbaycan ərazisindən bir neçə dəfə çox yüklərin daşınması mümkün olacaqdır. Bizim aşırma qabiliyyətimiz 15 milyon tona hesablanıb.

 Beləliklə, 2023-cü ilin birinci yarısının sosial-iqtisadi yekunları bizi əmin etdi ki, dövlətimiz ili böyük uğurlarla başa vuracaq, bütün sahələrdə göstəricilər yüksələcək, ölkəmizin iqtisadi imkanları daha da artacaq.

 Mönsüm Alışov, pedaqoji elmlər doktoru, professor

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər