Onlar da sanksiyaların hədəfində… Putinin qızları haqqında nə məlumdur?

560
Ağ Evin Moskvanın Ukraynaya qarşı apardığı müharibəyə görə Rusiya prezidenti Vladimir Putinin iki qızına sanksiya tətbiq etməsinə qərar verməsindən sonra 36 yaşlı Mariya Vorontsova və 35 yaşlı Katerina Tixonova yenidən dünyanın gündəminə düşüb. Bəs Putinin sanksiyaya məruz qalan qızları haqqında nə məlumdur?
Vladimir Putin ailəsi ilə bağlı mövzularda hər zaman qapalı olub, onlarla bağlı bir çox məlumatların gizli qalmasına çalışıb.

2015-ci ildə mətbuat konfransında qızları ilə bağlı suallara Putin belə cavab vermişdi:

“Qızlarım Rusiyada yaşayır və həmişə Rusiyada təhsil alıblar. Mən onlarla fəxr edirəm. Onlar üç xarici dildə sərbəst danışırlar. Ailəm haqqında heç kimlə danışmıram. Hər kəsin öz taleyini yaşamaq hüququ var. Onlar öz həyatlarını yaşayırlar və bunu ləyaqətlə edirlər”.

Ola bilsin ki, Putin iki qızının kimliyini açıqlamaq istəməyib, amma başqaları bunu edib.

ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi son sanksiyalarda 36 yaşlı Mariya Vorontsova və 35 yaşlı Katerina Tixonovanın adları hallanır.

“Biz hesab edirik ki, Putinin əmlakının böyük hissəsi onun ailə üzvlərinin adınadır və buna görə də biz onları hədəfə alırıq”, – ABŞ rəsmisi deyib.

Putinin ailə həyatı ilə bağlı çox az şey təsdiqlənsə də, zaman-zaman ortaya çıxan sənədlər, xəbərlər və rəsmi açıqlamalar Putinin qızlarının məhdud portretini yaratmağa imkan verir.

Mariya və Katerina Putinin boşanmış həyat yoldaşı Lyudmiladan olan qızlarıdır.

Cütlük 1983-cü ildə evlənəndə Putin KQB-nin (Sovet İttifaqının kəşfiyyat və məxfi xidməti) agenti, Lyudmila isə stüardessa idi. Onların evliliyi 30 il davam edib və bu müddət ərzində Putin Rusiya siyasi sistemində sürətlə yüksəlib. Cütlük 2013-cü ildə ayrılıb.

“Bu, birgə qərar idi, biz bir-birimizi çox az görürük və hər ikimizin öz həyatımız var”, – Putin bildirib. Lyudmila isə Vladimir Putinin özünü işə həsr etdiyini deyib.

Onların böyük qızı Mariya 1985-ci ildə anadan olub. Sankt-Peterburq Universitetində biologiya, Moskva Dövlət Universitetində isə tibb təhsili alıb. O, endokrin sistem üzrə ixtisaslaşmış akademikdir.

O, uşaqlarda böyümə geriliyi ilə bağlı kitabını çap etdirib və Moskvada Endokrinologiya Elmi Mərkəzində qeydiyyatda olan müstəntiqdir. Mariya həm də işgüzar qadındır.

BBC-nin Rus xidməti Mariya Vorontsovanın çox böyük tibb mərkəzi tikməyi planlaşdıran şirkətlə tərəfdaş olduğunu açıqlayıb. ABŞ bəyan edib ki, Vorontsova Kremldən ayrılan milyardlarla dollar məbləğində dövlət maliyyəsi ilə aparılan genetik tədqiqat proqramlarına rəhbərlik edib və bu proqramlara birbaşa Putin nəzarət edib.

Mariya Vorontsova holland iş adamı Jorrit Joost Faassen ilə evlidir. Faassen bir vaxtlar Rusiyanın dövlət enerji nəhəngi olan “Qazprom”da işləyib. Cütlüyün ayrıldığı haqda xəbərlər var. Ukraynaya təcavüz başlayandan sonra Mariya Vorontsova ilə söhbət edənlər onun bu məsələdə atasını dəstəklədiyini və beynəlxalq mediada gedən xəbərlərə şübhə ilə yanaşdığını bildirirlər.

Putinin kiçik qızı, 35 yaşlı Katerina Tixonova böyük bacısından daha çox gündəmdə olub.
2013-cü ildə keçirilən beynəlxalq rəqs müsabiqəsində o, partnyoru ilə 5-ci yeri tutub. Elə həmin il Katerina Putinin keçmiş dostunun oğlu Kirill Şamalovla evlənib.

Onların toyu Sankt-Peterburq yaxınlığındakı xizək kurortunda keçirilib. Otel işçiləri bildiriblər ki, cütlük toya üç ağ atın apardığı kirşədə gəliblər.

2018-ci ildə Kirill Şamalov Rusiyanın enerji sektorundakı roluna görə ABŞ-ın sanksiyalar tətbiq etdiyi adlardan biri oldu. ABŞ Xəzinədarlığı bəyan edib ki, Şamalovun aktivləri “evləndikdən sonra əhəmiyyətli dərəcədə artıb”.

Cütlüyün evliliyi uzun çəkməyib, onlar ayrılıblar.

Böyük bacısı kimi Katerina Tixonova da indi həm akademik, həm də işgüzar qadındır. 2018-ci ildə o, Rusiyanın dövlət mediasında qısa çıxış edib və neyrotexnologiyadan danışıb. Katerina 2021-ci ildə biznes forumunda görüntülənib və heç bir halda Putinin qızı olduğu bəlli edilməyib. Bildirilir ki, bacılar ataları ilə çox vaxt keçirmirlər.

Putinin nəvələri də var. O, 2017-ci ildə verdiyi müsahibədə nəvələrinin olduğunu desə də, onların sayını və hansı qızından olduqlarını açıqlamayıb: “Mənim nəvələrimə gəlincə… Onlardan biri artıq bağçaya gedir. Bunu anlayın. Mən onların kral şahzadələri kimi böyümələrini istəmirəm. İstəyirəm ki, onlar normal insanlar kimi böyüsünlər”, -deyə putin bildirib.

Bayden administrasiyasının yüksək səviyyəli rəsmisi iki qadının atalarının bəzi əmlakına nəzarət edə biləcəyini söyləyib. O, əlavə edib ki, “Putinin oliqarxlar və ailəsi vasitəsilə öz aktivlərini ABŞ maliyyə sisteminə daxil etmiş ola biləcəyinə inanmaq üçün çoxlu səbəblər var”.

Qeyd edək ki, 38 yaşlı Alina Kabaeva ilə Vladimir Putinin uzun illərdir birlikdə olduqları və hətta evləndikləri barədə iddialar var. Kabayevanın Putindən dörd övladının olması da şayiələr arasındadır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər