Oparayla hara?

882

 

İstəsək də, istəməsək də, sevinsək də, sevinməsək də reallıq təxmin etdiyimiz kimi oldu. Futboldan birbalaca başçıxaran istənilən şəxs yaxşı başa düşürdü ki, məcburiyyətdən yarımmüdafiəçini hücumda oynadan “Qarabağ”ın məğlubiyyətsiz oyunlar seriyası tezliklə başa çatacaq. İspaniya yığmasının qazandığı Avropa və Dünya birinciliyini xatırlatmağa tələsməyin. Müasir futbolun ən bacarıqlı isimləri hazırda Visente Del Boskenin sərəncamındadır. Qurban Qurbanovun əlinin altında kimlər var? Qurban bəyin “çərçivədə” Fərhad Vəliyevlə Varvodiçin rəqabətini yaradaraq, bundan faydalanması alqışlanmalıdır. Qapıçılarla yanaşı müdafiədə, yaxud orta sahədə hansısa dəyişikliyə əl atıb, taktiki gedişlərdən də yararlanmaq üçün imkanlar var. Amma ən vacibi “Qarabağ”ın qol vuran ayağının olmamasıdır. Fakt odur ki, təcrübəsinə və bacarığına şübhə etmədiyimiz çalışdırıcının dühası bu problemi təzə qan olmadan çözmək üçün yetərsizdir. Bunu Qurban bəyin özü də, Əmrah Çəlikəl də gözəl bilir. Və bilə-bilə də heç bir tədbir görülmədi. Antalyadakı toplanışa dəvət olunan, hətta “Vorskla” ilə oyunda “köhlən atlar”ın yeganə qoluna imza atan ispan hücumçu Manuiel Rodriges niyə geri göndərildi? Yaxşı yadımdadır, “Levante”nin futbol məktəbinin yetirməsi komandanın düşərgəsindən göndəriləndə klubun mətbuat xidməti tərəfindən təxminən belə bir açıqlama verilmişdi: “Rodrigesin oyunu məşqçilər heyətini qane etmədi”. Gəlin, baxaq görək qış fasiləsində məşqçilər heyətinin oyunundan qane olub, transferinə razılıq verdiyi futbolçular hardadı? Fasilədən sonra baş tutan bir-birindən gərgin oyunlarda həmin transferlər komandaya hansısa fayda veribmi? Branimir Subaşiçin zədəyə meyilli futbolçu olmasını futbol camiəsində bilməyən yoxdur. Hələ ötən mövsümdən söz-söhbət gəzirdi ki, serb hücumçu süni örtükdə oynanan qarşılaşmalarda köhnə zədəsinin təzələməkdən qorxduğu üçün can qoymur. Elvin Musazadənin “Qarabağ”da peyda olmasında Qurban bəyin Ramin Musayevlə dostluğunun rol oynaması da heç kimə sirr deyil. Elə çalışdırıcı özü də yayılan söz-söhbətə son qoymaq üçün açıq şəkildə bildirmişdi ki, bu transfer şəxsən onun istəyi ilə baş tutub. Deməli, Musazadənin tezliklə “Qarabağ”a fayda verəcəyini gözləmək, eləcə də bu keçidə görə komandanı tənqid etmək faydasızdır. “Anderlext”dən gələn Reynaldo haqda da yaxşı nəsə söyləmək çətindir. “Sumqayıt”la oyunda Azərbaycan cempionatına isinişməyə çalışan “sambaçı” “Rəvan”la oyuna start heyətdə meydana çıxsa da fasilədə əvəzləndi. Görünür, Qurban bəy qış fasiləsində böyük ümidlərlə komandaya gələn hücumçunun oyunundan razı qalmayıb. “21”nömrənin “Bayıl”dakı qarşılaşmadan sonra baş tutan dörd oyunda cəmisi 7 dəqiqə meydanda olması belə düşünməyə əsas verir. Kristian Torres də digər “qış tapıntıları” kimi hələ “sözünü deməyib”. Bu futbolçunun keçidinin hansı prinsiplərə əsasən gerçəkləşdiyini deyə bilmərəm. Amma gərək Qurban bəy unutmayaydı ki, indiyə qədər ortada Elnur Abdullayev, Ramazan Abbasov, Amil Ağacanov, Novruz Məmmədov nümunələri var. Bu siyahıya aid olan futbolçular köhnə komandalarında uğurlu oyunla yadda qalandan sonra başqa kluba transfer olunsalar da, orda özlərini göstərə bilməyiblər. Sadaladığım bütün məqamları göz önünə aldıqda “Qarabağ”ın qış fasiləsində gerçəkləşdiriyi transferlərə qiymət vermək o qədər də çətin deyil. Dəfərlə Ağdam təmsilçisinə sponsorluq edənlərin bahalı transferlərə pul xərcləməyə həvəsli olmadıqları iddia olunsa da, bu iddialar həm rəhbərlik, həm də Qurbanovun özü tərəfindən təkzib olunub. Məsələ pulda deyilsə, onda niyə ötən mövsümü boşa verən “Qarabağ” bu il qarşısına qoyduğu hədəflərə çatmaq üçün yetərincə güclənməyib? Yoxsa, hər dəfə söylənilən “biz çempionluğa iddialıyıq”, “bu yay avrokubokların qrup mərhələsinə qədər irəliləyəcəyik” açıqlamaları yalnız gəlişigözəl sözlərdi? Keçən yay avrokuboklarda iştirak etməyən “Qarabağ”lı futbolçular doyunca dincələ bildilər. Amma sonradan ortaya başqa problem çıxdı. Məlum oldu ki, Əfran İsmayılovla Rauf Əliyevin gözünü digər klubların sərfələ təklifləri qamaşdırıb. Rauf artıq “Qarabağ”da deyil, Əfranın gedişinin də zaman məsələsi olduğu söylənilir. Bütün bu problemləri isə vaxtında görüb, boşluqları doldurmaq lazım idi. Komanda ruhuyla, məşqçi bacarığıyla, ən nəhayət Qurbanovun xarizmasıyla müəyyən bir yerə qədər irəliləmək olar. Bəzən bu keyfiyyətlərin də yetərsiz olduğu qırmızı xətt qarşına çıxır. Həmin anda heyətdə Kanales, yaxud Flavinio, heç olmazsa Kalonas kimi bir peşəkar futbolçunun olması vacib məqamdır ki, səhnəyə çıxıb topu rəqibin qapısından keçirsin. Nə vaxta qədər Almeyda, Aqolli, Teli hücumçuların işini görəcək? Adətən futbolda arxa xətt oyunçularının vurduqları qollar təsadüfi hesab olunur, belə qollarla komanda uzun müddət nəticə qazana bilmir. Necə ki, adlarını çəkdiyim “Qarabağ”lılar “Simurq”un intizamlı müdafiəçilərinin qarşısında qəhrəmanlıqlarını təkrarlaya bilmədilər. Və meydana Opara çıxdı. Bu həmin Oparadı ki, Azərbaycandan gedəndən sonra təxminən iki il futboldan uzaq düşüb, özünə klub tapa bilməyib. Daha doğrusu heç bir klub Emekaya qucaq açmayıb. İndi “Qarabağ”ın ümidi Oparayadır. Məncə artıq nəsə yazmağa ehtiyac yoxdur.

 

Amal Abuşov

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər