“P” hərfinin hikməti

963

“Sumqayıt”-“Rəvan” qarşılaşmasının fasiləsində Bayıl stadionunu tərk edib turun mərkəzi və bəzəyi sayılan oyunu izləməyə tələsirdim. AFFA-nın baş katibin də Bayılda olmasını bildiyimdən VİP tribananın çıxışında cənab Məmmədovun həmkarlarıma müsahibə verdiyini görüncə təəccüblənmədim. Yaxınlaşdım, sakitcə baş katibin dediklərinə qulaq asdım. Əmin oldum ki, Azərbaycan Xarici İşlər Nazirliyi çox dəyərli kadrlarından birindən məhrum olub. Elxan bəyin diplomat fəaliyyəti göstərmək üçün ciddi potensialı var. Yetər ki onu AFFA-da əziyyətli vəzifəsindən azad edib, irəliyə çəksinlər. Bu vaxta qədər Məmmədovun çox sakit və intellektli biri olması haqda dəfələrlə eşitmişdim. Şənbə günü bunun canlı şahidi oldum. Əgər, Azərbaycan futbolundan tam bixəbər birisi həmin an baş katibin açıqlamalarını, suallara verdiyi diplomatik cavabları eşitsəydi, zənn edərdi ki, ölkəmizdə futbol dayanmadan inkişaf edir, bu sahədə bütün müdrik qərarlar qəbul olunub, indi yüksək nəticələr qazanacağımız günlərin tez yetişməsi üçün barmaqlarımızı bükərək, günləri sayırıq. Ola bilsin yazımı sona qədər oxumağa səbri çatmayanlar indidən məndən soruşmaq istəyərlər ki, əcaba, niyə söhbətə müdaxilə edib, suallarını Elxan bəyə ünvanlamadın? Sadəcə ona görə ki, cənab Məmmədovun verdiyi bütün cavablar reallıqdan daha çox diplomatiyanın prinsiplərinə söykənirdi və mən ona hansısa sual ünvanlasaydım, fərqli cavab almayacaqdım. Bu səbəbdən baş katibi yaxalayıb, sual atəşinə tutan həmkarlarıma mane olmaq istəmədim. Yəqin ki, bəhs etdiyim müsahibəylə tanış olmağa imkan tapmısız. Misalçün, Elxan bəy heç cür izah edə bilməzdi ki, indiyə qədər premyer-liqada xeyli sayda maraqlı və gərgin qarşılaşmalar oynansa da, niyə o, həmin oyunları izləmək üçün stadiona təşrif  buyurmayıb, amma artıq neçənci dəfədir ki, “Sumqayıt”ı “iş başında” görmək üçün özünü əziyyətə salıb. Bu məsələ öz yerində. Amma o, iki il bundan əvvəl elitaya alın təri ilə vəsiqə qazanan, sona naləsi ərşə qalxsa da, məhv edilən “Abşeron” haqqında da yalan danışmaqla yaxşı iş görmədi. Sitat: “Abşeron” premyer-liqaya vəsiqə qazanandan sonra onlarda maliyyə problemi yarandı və “SOCAR”a müraciət etdilər…” Görəsən bizim yaddaşımız xarab olub, yoxsa AFFA-nın ikinci şəxsinin? Axı, son ana qədər klubun prezidenti və çalışdırıcı Mirbağır İsayev onlara qarşı çirkin plan qurulduğunu, haqqlarının tapdandığını deyib, fəryad edirdilər. Nə tez unutduz? Əslində, mənim Elxan Məmmədovun bütün fikirlərini qeyri-ciddi hesab etməyim üçün əsasım var. Diqqət yetirin, ondan soruşurlar ki, AFFA İK-nin məlum qərarından sonra yaşı 21-dən çox olan futbolçuların əksəri işsiz qalacaq, bəs onlar harda futbol oynasınlar? Cavab verir ki, həvəskarlar liqasında. Belə cavabı vermək üçün adam gərək cənab Məmmədov kimi savadlı olsun. Bəli, bəli. Bir tərəfdən deyirlər ki, biz Azərbaycanda futbolu inkişaf etdiririk, qeydiyyatdan keçmiş futbolçuların sayını bir milyona çatdıracayıq. Digər yandan da 21 yaşlı futbolçuları həvəskarlar liqasında göndərirlər. Təsəvvür edin, hansısa sıravi azərbaycanlı bütün uşaqlığını və gəncliyini futbolla məşğul olmağa sərf  edir. Sonra legioner limiti səbəbindən elita klublarında özünə yer tapmır, birinci dəstədə oynamaq üçün isə yaşı çoxdur. Neynəsin? Heç nə, getsin həvəskarlar liqasında pulsuz top-top oynasın. Bəs, bu adam evini-ailəsini nəylə dolandırmalıdır? Hər necə olsa, Elxan bəy pul saymağı yaxşı bacarır. Foqtsun ayaqlarının altına səpələnən milyonları yada salmır, amma Tovuzlu uşaqların futbol yarışlarına gəlib-getməsi üçün avtobusa 300 manat verdiklərini tez-tez təkrarlayır. Bərəkallah, cənab Məmmədov. AFFA-nın baş katibi özü də hiss etmədən son beş ildə gördükləri işlərin səmərəsiz olmasını etiraf etdi. Sən demə 5 il bundan əvvəl Elxan bəy AFFA prezidentinin tapşırığı ilə Gəncəyə gedib, orda futbolu yenidən dirçəltməyi Xanlar Fətiyevə həvalə edibmiş. Gözünə döndüyüm Fətiyev də deputat seçilən kimi “Kəpəz”i yaddan çıxardı. Artıq Gəncə yenə də böyük futbolsuz qalıb. Bu o deməkdir ki, Elxan bəyin beş il bundan qabaq gördüyü işlərin  heç bir nəticəsi olmayıb. Daha bu etirafdan sonra başqa arqumentlər gətirib, vaxtınızı almaq da istəmirəm. Bilirsiz yazımın əvvəlində niyə Məmmədovu diplomat kimi uğurlu hesab etdiyimi vurğuladım? Çünki, Məmmədov hər nə qədər savadlı və bacarıqlı olsa da, futbol sahəsində çox naşı və yararsız kadrdır. Özünün dediyinə görə o, AFFA-nın baş katibi olmazdan əvvəl bilmirmiş ki, niyə “Neftçi” klubun adını yazarkan FK-nın əvəlinə “P” hərfi əlavə edirmişlər. Kefinizi pozmayın, Elxan bəy. Adam hər şeyi birdən birə bilməz ki. Sonda bir lətifə yazım, eynimiz açılsın. Bir gün kənd çayxanasından özündən deyən cavanlardan biri siqaretinə qullab vurub, etiraf edir: “camaat, mən hər şeyi bilirəm, bircə onu bilmirəm ki, makaronun ortasında deşiyi necə açırlar”.

Amal  Abuşov

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər