FƏZAİL AĞAMALI: «AZƏRBAYCANIN ƏLEYHİNƏ İŞLƏYƏN QHT-lər NARAHAT OLMALIDIR»
2009-06-12 – 16:31:00
Fəzail Ağamalı
Pənah Hüseyn
Deputat Pənah Hüseyn «Media forum» saytına deyib ki, «Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında» qanuna təklif olunan əlavə və dəyişikliklər Azərbaycan Konstitusiyasına və beynəlxalq konvensiyalara ziddir: «Mən hələ bunun siyasi tərəfini və demokratik olmadığını kənara qoyuram. Biz qəti şəkildə bu layihənin əleyhinəyik. Çalışacağıq ki, məsələ Mili Məclisin gündəliyinə daxil edilməsin. Əgər dəyişikliklər layihəsi səsverməyə çıxarılarsa, onun əleyhinə səs verəcəyik»
Milli Məclisin başqa bir üzvü Fəzail Ağamalı isə «Media forum» saytına açıqlamasında əlavə və dəyişikliklər layihəsini tənqid edən şəxslərin qərəzli olduğunu iddia edib: «Qanun vətəndaş cəmiyyətinin qurulmasında və inkişafında müstəsna rol oynayan QHT-lərin fəaliyyətini daha yüksək səviyyədə tənzimləmək, dünya təcrübəsini nəzərə almalqla qanunvericilik bazasında boşluqları aradan qaldırmaq məqsədi daşıyır. Deyirlər ki, guya bu qanun QHT-lərin fəaliyyətini məhdudlaşdıracaq. Belə bir şey yoxdur. Bəli, Ədliyyə Nazirliyində qeydə alınıb düşmən dövlətlərin maliyyəsi hesabına Azərbaycan əleyhinə işləyən QHT-lər narahat olmalıdır. Çünki qanun onların fəaliyyətini məhdudlaşdırır».
Parlamentarlar Asim Mollazadə, Qənirə Paşayeva və Aydın Mirzəzadə isə «Media forum»a bildiriblər ki, layihə ilə tanış olmayıblar.
«Media forum»