“Parlamentdən ayrılmağı hec də faciə hesab etmirəm”

741

Sumqayıt şəhərini 2005- 2010-cu illərdə Mili Məclisdə təmsil edən Baba Tağıyev:

“Mən hazırda sahibkarlıq fəaliyyəti ilə məşğul olmuram”

7 noyabr parlament seçkisində 44 saylı Sumqayıt-Abşeron dairəsindən namizəd olan deputat Baba Tağıyev Milli Məclisə düşə bilməyib. “Media forum” saytına açıqlamasında o, gələcək planlarından danışıb. Xatırladaq ki, Baba Tağıyev 2005-ci ildə keçirilən seçkilərdə milli məclisə deputat seçilmişdi..

– Baba müəllim, parlamentdən uzaqlaşmalı olacaqsınız. Necə qarşılayırsınız bu situasiyanı?

– Hər şeydən öncə 7 noyabrda seçki məntəqələrinə gəlib mənə səs vermiş bütün seçicilərimə minnətdarlığımı bildirirəm. Ötən 5 ildə mənimlə deputatı olduğum dairənin seçiciləri arasında əsl millət vəkili-seçici münasibətləri qurulub. Bu baximdan inanıram ki, mən onların yaddaşında əsl millət vəkili olaraq qalacam.

Sualınıza gəlincə, parlamentdən ayrılmağı hec də faciə hesab etmirəm. Seçki kampaniyası dövründə dəfələrlə dediyim bir sözü təkrarlamaq istəyirəm: deputatlıq mənim üçün heç zaman əlçatmaz məqsəd olmayıb. Həm beş il əvvəl namizədliyimi irəli sürəndə, həm də indi seçkiyə qatılanda bir niyyətim olub – millət vəkili seçilərək onun verdiyi statusdan isdifadə edib, dövlətimizin və xalqımızın maraqlarının müdafiəsində durmaq…

– Ötən beş ildə buna nə dərəcədə nail oldunuz?

– Deputatın fəaliyyəti əsasən iki istiqamətdə olur: biri parlament fəaliyyəti, ikincisi seçicilərlə iş. Oxucular bilir ki, parlamentdə susqun deputatlardan olmamışam. Yeri gəldikcə, imkan olduqca həm seçicilərin ayrı-ayrı problemlərini, həm də ümummilli məsələləri parlament tribunasından qaldırmağa çalışmışam. Üzvü olduğum komitənin, ümumən parlamentin işində fəal olmağa səy göstərmişəm. Seçicilərlə işimizi necə qurduğumuz haqda isə onlardan soruşsanız yaxşı olar. Bir sözlə deyə bilərəm ki, millət vəkili kimi vicdanım təmiz, alnım açıqdır.

– Deputat ictimai-siyasi proseslərdə aktiv iştirak edən şəxsdir. Bundan sonra ictimai-siyasi proseslərdən uzaqlaşacaqsız?

– Niyə belə olmalıdır ki? Azərbaycanda minlərlə insan ictimai-siyasi fəaliyyətlə məşğuldur. Parlamentdə isə cəmi 125 deputat yeri var. Yəni demək istəyirəm ki, ictimai fəaliyyət üçün deputat statusuna malik olmaq mütləq şərt deyil. Bu baxımdan mənim ictimai-siyasi proseslərdə iştirakdan uzaq duşməyimə elə bir əsas yoxdur.

Mən “İrəli, Azərbaycan” İctimai Birliyinin sədriyəm. Deputatlıq fəaliyyəti ilə yanaşı ötən müddətdə ictimai birliyimiz çərçivəsində də bir sıra layihələrə imza atmışıq. Özü də bu layihələr dövlətçiliyimizin güclənməsinə, Azərbaycanın dünya birliyində layiqli yer tutmasına hesablanmış ideyalar üzrərində qurulub. Bundan sonra da ictimai birlik kimi fəaliyyətimizi davam etdirəcəyik. Və yəqin ki, indi bu işləri görməyə daha çox vaxtımız olacaq.

– Daha çox hansı yöndə fəaliyyət göstərməyi düşünürsünüz?

– İctimai birliklər müxtəlif sahələr üzrə ixtisaslaşır. Bizim təşkilatımız, adından göründüyü kimi, daha çox ümummilli məsələləri önə alan bir qurumdur. Bu da daşıdığımız məfkurədən doğan bir istiqamətdir. Bilirsiniz ki, son illər türk dünyasının inteqrasiyası, türkdilli dövlətlərinin yaxınlaşması və dünyada vahid güc mərkəzinə çevrilməsi yönündə böyük işlər görülür. Sevindirici haldır ki, Azərbaycan dövləti bu məsələlərdə təşəbbüskar rolunda çıxış edir. Ötən ilin oktyabrında türkdilli ölkələrin dövlət başçılarının Naxçıvanda keçirilən zirvə toplantısında mühüm tarixi qərarlar qəbul edildi. Bunun davamı olaraq bu ilin sentyabrında Ankarada keçirilən növbəti sammitdə Naxçıvanda qəbul edilən qərarların icrası istiqamətində ciddi addımlar atıldı.

Qarşıda bizi böyük işlər gözləyir. Bütün bu işlərin hamısını dövlətin üzərinə yıxmaq olmaz. Gərək ictimai institutlar, media, bütövlükdə cəmiyyət ümumtürk inteqrasiyasına öz töhfəsini versin. Çünki əsrlərlə ayrı düşmüş toplumları yalnız inzibati qərarlarla bir-birinə yaxınlaşdırmaq mümkün deyil. Gərək ictimai institutlar bu işdə üzərlərinə düşən vəzifənin tarixi məsuliyyətini dərk etsin və hərəkətə keçsin. Biz bu yöndə hiss olunan boşluğun doldurulmasına çalışacağıq.

Məsələn, türk və islam dövlətlərində fəaliyyət göstərən ictimai təşkilatlarla əlaqələr qurmaq, birgə layihələr həyata keçirmək. Axı Qarabağ problemi niyə yalnız Azərbaycanın problemi hesab olunmalıdır? Bu problemi bizimlə eyni dilə, dinə, tarixə, mədəniyyətə sahib xalqlarla bölüşmək bizim üçün görün nə qədər böyük dəstəkdir.

– Baba müəllim, bəzən mətbuatda sizi daha çox iş adamı kimi təqdim edir, davamlı təzyiqlərə məruz qalan şəxs kimi gündəmə gətirirlər…

– Seçki kampaniyası dövründə belə qərəzli münasibətin olmasını bəlkə də qəbul etmək olar. Seçki rəqabətdir. Gərək tərifə də, böhtana da hazır olasan. Amma deyəsən, bəzi qəzetçilər unudub ki, artıq seçki başa çatıb. Bunu bilib edirlərsə, demək, məqsədləri var.

Mən hazırda sahibkarlıq fəaliyyəti ilə məşğul olmuram. Bundan sonrakı fəaliyyətimin hansı istiqamətdə olacağı haqda isə açıq bilgi verdim.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər